Poeziya dünyası

Poeziya dünyası

6 İyun 10:40
Bəyəndim (23) Bəyənmədim (2)

ÖN SÖZ: İmzası ilə oxuculara tanış olan Pərvin Həsrətlinin illər öncə şeirləri dövrü mətbuatda mütəmadı olaraq dərc olunub, işıqlandırılıb. Uzun illər vətənin hüdudlarından kənarda, xarici dövlətdə yaşayan şairə yenidən vətənə, doğma yurduna qayıdaraq bədii yaradıcılığını davam etdirir. Uzun fasilədən sonra Oxu məni.az saytı şairə Pərvin Həsrətlinin şeirlərini oxuculara təqdim edir.

Pərvin Həsrətli

SƏN MƏNİM ÖMRÜMDƏN ÇIXIB GEDƏN GÜN

Bahar ömrümüzə qışlar düşəcək,

Sən mənim ömrümdən çıxıb gedən gün.

Gözlərdən yanağa yaşlar düşəcək,

Sən mənim ömrümdən çıxıb gedən gün.

***

Dözülməz dərd olar inan, gedişin,

Keçilməz sədd olar sənin gedişin.

Bəlkə son hədd olar belə gedişin,

Sən mənim ömrümdən çıxıb gedən gün.

***

Məni fırtınalar qucaqlayacaq,

Kimlər sevgimizi ayaqlayacaq!

Ayrılıq güləcək, eşq ağlayacaq,

Sən mənim ömrümdən çıxıb gedən gün.

***

Yaş olub gözümdən sel kimi axma,

Dönüb xəyallara qarşıma çıxma.

Ardınca dikilən gözlərə baxma,

Sən mənim ömrümdən çıxıb gedən gün.

***

Görüş yerlərimiz bizsiz qalacaq,

Biz gəzən küçələr izsiz qalacaq.

Bu şəhər susacaq, səssiz qalacaq,

Sən mənim ömrümdən çıxıb gedən gün.

***

Gedərsən, tapşırıb Allaha məni,

Bu sevgi batırdı günaha məni.

İtirdin, axtarma bir daha məni,

Sen mənim ömrümdən çıxıb gedən gün.

VARDI

Bəzən bir baxışla, bəzən bir ahla,

Bəzən də yanaqda sel olan yaşla.

Bəzən də acılı keçmiş xəyalla,

Gözündən yaşını silməsi vardı.

***

Mən səni dinlədim keçən zamanla,

İçimdə dərd salmış yaralarımla.

Bəzən küsmüş olan baxışlarımla,

Dərdini söyləyib gülməsi vardı.

***

Bir qadın gördüm, gözləri nəmli,

Qəlbi də həm dərdli, həm də sitəmli.

Bir qadın gördüm, qisməti fərqli,

Bəxtinin taledən dönməsi vardı.

RƏSSAM QADIN

Gah məğrur, gah məğlub olandı adın,

Özündə güc tapıb yaşayan qadın.

Bəzən də göylərə çatar fəryadın,

Qəlbində özüylə danışan qadın.

***

Mənalı gözlərin, süzgün baxışın,

Ruhumu titrətdi sevgi əzabın.

Tale yollarında eniş-yoxuşun,

Həsrətdən saçları dağılan qadın.

***

Bəzən də çarəsiz, bəzən bezərək,

Ruhuyla, özüylə tənha gəzərək.

Olub-olmuşlara susub dözərək,

Qəlbi bu həyatdan qırılan qadın.

***

Dalıb xəyalına, gözəl günlərə,

Açılan günəşin şəfəqlərinə.

Sevgiylə döyünən kövrək qəlbinə,

Şirin duyğusuna sarılan qadın.

***

Balaca əlləri, böyük bir qəlbi,

Yaşar həyatını nisgilli, qəmli.

Ümidlə gözləyər yeni səhəri,

Eşqin dəryasında boğulan qadın.

***

Duruşu, baxışı bir can alandı,

Xəyallar, arzular darma-dağındı.

Çəkdiyi rəsmlər bir şah əsəri,

Bu seirdə yaşayan rəssam qadındı.

OLDUM

Satılan sevginin diyarı yurdum,

Küsdüm vətənimdən, küsdüm elimdən.

Gənclik arzularım solan şəhərdən,

Özgə bir diyara yol alan oldum.

***

Yad-yad insanlara sığınan zaman,

Mən qərib bir eldə, yadlar içində.

Qəlbimdə kök salan dərdlər içində,

Uzaq, qürbət elə sığınan oldum.

***

Puç olmuş gəncliyin gözəl çağında,

Küskün taleyimlə, alın yazımla.

Bəzən həsrət dolu baxışlarımla,

Qəlbi para-para yarılan oldum.

***

Hey yalandan gülüb, gerçək ağlayan,

Bəzən bu həyatı bir yuxu sanan.

Qürbət bir eldə tək, tənha qalan,

Ruhuma, dərdimə sarılan oldum.

Hazırladı: İsa Rəvan