Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

25 May 2023 09:08
Bəyəndim (1) Bəyənmədim (0)

Rahim Üçoğlanlı Rzayev

OLACAQ

Rəcəb Tayyib Ərdoğana ithaf edirəm

Başqa bir din istəmirik,

İslam bizə din olacaq.

İyirmi səkkizi may günü,

Çox şərəfli gün olacaq.

*

Sökər nalın qərb atının,

Asan edər xalq çətinin.

Həmin gün Türk millətinin,

Bir sevinci, min olacaq.

*

Canda təpər, alında tər,

Taxta çıxar o qoca nər.

Rəcəb Tayyib, ər oğlu ər,

Onu seçən şən olacaq.

*

Ərtoğrul oğlu, Osmandı,

Mehmet kimi o, azmandı.

Çox şəfalı bir uzmandı,

Dərdlər bizdən gen olacaq.

*

Şir gücü var hər qolunda,

Mərd igidlər sağ-solunda.

O, çəkdiyi haqq yolunda,

Nə duman, nə çən olacaq.

*

Rahim işin tərsə salıb,

Ağ İblisdən qisas alıb.

Bütöv Turan zəfər çalıb,

Hürrüyətə yön olacaq.

TƏKCƏ QALIB QƏM ELƏDİM

Bu gün bütün hisslərimi,

Canda yığıb cəm elədim.

Həsrət çəkən ürəyimə,

Eşq içirdib dəm elədim.

*

Bir gül verdim, yarım aldı,

Sevincimdən gözüm doldu.

Nə vardısa, bol-bol odu,

Dərdi bir az kəm elədim.

*

Rahimi çox məmun etdi,

Dörd yanımda çiçək bitdi.

Sonda hisslər uçub getdi,

Təkcə qalıb, qəm elədim.

EYLƏMİŞƏM

Bu gün bir şəklini çəkdim, a dünya,

Baxdıqca kövrəlib qəm eyləmişəm.

Sözlərlə toxunub cansız cisminə,

Sıxıb gözlərimi nəm eyləmişəm.

*

Könlümdə pisliyə min lənət deyib,

Əynimə ədalət libasın geyib.

Ağrını, acını doyuncan yeyib,

Sevinci dərdlərə yem eyləmişəm.

*

Heç kəs ürək dolu kamın almayıb,

Sərvətin, Süleyman şaha qalmayıb.

Bil ki, bir çöpündə gözüm olmayıb,

İçimdə nəfsimi kəm eyləmişəm.

*

Hərdən arzulayıb nəsə ummuşam,

Yem üçün sərçətək kola qonmuşam.

Haqqsız rəftarına gözü yummuşam,

Ruhumu içməmiş dəm eyləmişəm.

*

Cəmi hal əhlinə vurmusan yara,

Mən səni bənzətdim leş yeyən Sara.

Bilmirəm, ağ çəkdim, yoxsa ki, qara,

Bütün rənglərini cəm eyləmişəm.

Hazırladı: İsa Rəvan

--