Həkimlər ona oxumağı qadağan etdi, bir aya məşhurlaşdı, qripdən dünyasını dəyişdi...

Həkimlər ona oxumağı qadağan etdi, bir aya məşhurlaşdı, qripdən dünyasını dəyişdi...

28 Yanvar 2023 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Oxuməni.az kulis.az-a istinadla dünən anım günü olan Əməkdar artist Məhəbbət Kazımov haqqında maraqlı faktları təqdim edir.

Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüfatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım imiş.

İlk təhsilini Şamkənd kənd orta məktəbində alır. Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olur. İlk muğam dərslərini Nəriman Əliyevdən alandan sonra isə Ağaxan Abdullayevin sinfində oxuyur.

Gallery

1976-cı ildən peşəkar səhnədə çıxış edir. "Dan Ulduzu" ansamblının solisti olubr. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər verib. Bir çox xarici ölkələrdə –Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.

***

İlk dəfə diktor Roza Tağıyeva efirdən karıxaraq onun adını Məhəbbət kimi səsləndirib və o andan etibarən Məhəbbət Kazımov kimi tanınıb.

***

Bakı şəhərində yaşamağa başlayan müğənni 1990-cı ildə ailə həyatı qurub. Üç övlad atası olub.

Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında bir çox tanınmış mahnı və muğamlar oxuyub, mahnılar bəstələyib. Ən çox sevilən mahnılarından biri bəstəsi özünə aid olan "Laçınım" mahnısıdır

***

Ailə üzvlərinin və dostlarının sözlərinə görə “Laçınım” mahnısını oxuyanda çox kövrəlirmiş. Hətta çox vaxt bu mahnını ifa edəndən sonra təzyiqi də qalxırmış. Bir dəfə adamlar “Laçınım” mahnısına toyda oynadıqları üçün Məhəbbət Kazımov mikrofonu masaya qoyub toydan çıxır. Sonralar ondan bunun səbəbini soruşanda deyir: “Bu mahnıya oynayıb, əl çalmayın”.

Gallery

***

Ölümündən 4 il qabaq həkim ona oxumağı qadağan edir. O qədər ürəkdən oxuyurmuş ki, daxili orqanları tab gətirmirmiş. Həyat yoldaşı isə onun haqqında belə deyib: “Məhəbbətə hər şeyi qadağan etmək olar, amma oxumağı yox”.

Məhəbbət Kazımov müğənni və duet ortağı Könül Kərimova ilə oxuduğu mahnılar onlara böyük populyarlıq qazandırıb. Könül xanımın sənətə gəlişində Məhəbbət Kazımovun böyük dəstəyi olub. İlk dəfə Könülün səsini Ağcabədidə toyda eşidib və xoşuna gəlib. Uzun illər bir yerdə çalışsalar da, sonralar Könül Kərimova solo ifaçılığa başlayır və onların dostluğu pozulur. Cabbar Musayevlə duetlərdən sonra mətbuat onların düşmən olduğunu yazır. Lakin Məhəbbət Kazımov bunu təkzib edib, sadəcə ondan incidiyini dilə gətirir.

***

Şair Zahir Abbas Məhəbbət Kazımovun ifa etdiyi “Laçınım” mahnısının yaranma tarixindən bəhs edib:

“Bir gün Məhəbbət müəllim gəldi ki, mənim bir dostum var, Fəxrəddin, yol polisi əməkdaşıdır. Onun bir şeri var, “Laçınım”, onu bir zümzümə edim, görün, necə alınır?”. Məhəbbət müəllim onu oxuyanda bütün sənətkarlar kövrəldi, hətta Arif Babayev də ağladı. Elə də yaxşı şeir deyildi, amma xalq dilində yazıldığından ürəyə yatımlı idi...

Məhəbbət müəllim müğənni Könül Kərimova ilə birlikdə mahnını məşq etdi. Sonra “Laçınım”ı “Səbuhi” studiyasında yazdırdı. Amma mahnı hazır olub efirə çıxanda problemlə qarşılaşdıq. Məhəbbət müəllim ehtiyat edirdi. İşğal olunan rayonlar çox idi, onların heç birinin adına mahnı bəstələnməmişdi. Bir tərəfdən isə mahnının musiqisində oynaqlıq vardı. Hamı deyirdi ki, Laçın dərdli yerimizdir. Belə bir mahnını tamaşaçı qarşısına necə çıxaraq? Azərbaycan cəmiyyəti bunu necə qarşılayacaq? Biz düşünürdük ki, “Laçınım” ağlamalı bir mahnı olacaq. Mart ayında əsgərlər qarşısında konsert vardı. Məhəbbət Kazımov həmin mahnını əsgərlər qarşısında oxudu. Az TV konserti dərhal efirə verdi. Bu mahnı efirə verilən gündən populyarlaşdı. Məhəbbət müəllimin bir ayın içində minlərlə kaseti satıldı”.

Günlərin birində Osman Alıyev adlı bir nəfər Məhəbbət Kazımovla görüşür, ona mahnının sözlərinin əsl müəllifi olduğunu deyir. Uzun söhbətdən sonra Məhəbbət müəllim həmin adama inanır və sonrakı kaset buraxılışlarından musiqinin söz yazarı kimi həmin adamın adını qeyd edir.

***

Bu mahnı xalq, xüsusən, laçınlılar arasında ona inanılmaz hörmət qazandırmışdı. Bu gün də Laçın camaatı müğənnini Məhəbbət Kazımovu inanılmaz məhəbbətlə ilə sevirlər.

***

Ölməmişdən öncə hamını yığıb, deyir, mən ölümümlə tarix yazacam. Doğrudan da, elə olur. Onun yasına bütün xalq gəlir. “Laçınım” mahnısının sədaları altında dəfn olunur.

Ailəsinə və yaxınlarına son vəsiyyəti belə olur: "Laçın işğaldan azad olunsa, qəbrimi Laçına aparın, məni doğulduğum torpaqda dəfn edin”.

***

Məhəbbət Kazımov mühafizəkar, doğulduğu yerin adət-ənənəsinə uyğun yaşayan bir sənətçi idi. O, ailəsini mətbuatdan həmişə gizli saxlayar, heç adi suallara da cavab verməzdi. Soruşanlara isə “şəxsi həyatım yalnız mənə aiddir” cavabını verirdi.

***

Məhəbbət Kazımov yazıçı Seyran Səxavətin “İlk məhəbbətim” şeirinə də musiqi bəstələyib. Seyran müəllim müsahibələrinin birində xatırlayır:

“Məhəbbət Kazımovla həmişə görüşərdik, yeyib-içib dərdləşərdik. Qarabağdan, Laçından, Füzulidən və Ağdamdan söhbətlər edərdik. Bir gün Məhəbbət zəng vurub dedi ki, qardaş, filan yerə gəl, orda görüşək. Mən də dediyi yerə getdim və gördüm ki, burda o qədər adam var, iynə atsan, yerə düşməz. Dedim, doğum günündü? Məhəbbət dedi, xeyr, bir az gözlə görəcəksən. Gördük, “İlk məhəbbətim” şeirimə mahnı yazıb və klipin təqdimatıdır. Bu gün müğənnilərin böyük əksəriyyəti o mahnını oxuyur.

Sağlığında bir dəfə telekanalda yalan xəbər yayılır ki, Məhəbbət Kazımovun ömrünə üç ay qalıb. Bu xəbəri eşidən jurnalistlərdən biri ona zəng edir və müğənninin səsini eşidən kimi təəccüblənib deyir: “Məhəbbət müəllim, siz ölməmisiniz?”, Məhəbbət müəllim isə deyir: “Siz mənim ölməyimi istəyirsiniz?”

***

Vladivostoka konsert verməyə gedəndə ordakı azərbaycanlılar onu 70-80 maşından ibarət avtomobil karvanı ilə qarşılayıb aparıblar.

***

Məşhurluğunun pik nöqtəsində Məhəbbət Kazımov şəkər və təzyiq xəstəliyindən əziyyət çəkir, yatağa düşür. Uzun müddətli müalicədən sonra İrana gedir. Həkimlər ona qrip xəstəliyindən qorunmağı tövsiyə edirlər. Lakin üç gün evdən çıxmayaraq qripdən qorunmağa çalışan müğənni xəstəliyə yoluxur və səhhəti ağırlaşır.

Öldüyü gün səhhəti qaydasında imiş, lakin gecə halı qəfildən pisləşir. Evi ilə təcili tibbi yardım mərkəzinin arası iki dəqiqəlik yol olsa da, həkimlər gələnə qədər o, dünyasını dəyişir. Xırdalan qəbiristanlığında dəfn olunur. Ölümü bütün yaxınları və sənət cameəsi üçün gözlənilməz olur.

Məhəbbət Kazımovun sənət yoldaşı:

***

Müğənninin uzun illər yaradıcısı və rəhbəri olduğu “Laçınım” musiqi ansamblı onun son gününə qədər fəaliyyət göstərib. Hazırda həmin ansambl fəaliyyətini dayandırmayıb. Ona rəhbərliyi hazırda müğənni Habil Laçınlı edir.