“Ramiz Rövşən ədəbiyyatda mürtəce mövqedə dayananların parlaq nümayəndələrindən biridir”

“Ramiz Rövşən ədəbiyyatda mürtəce mövqedə dayananların parlaq nümayəndələrindən biridir”

18 Yanvar 18:33
97
Bəyəndim (0) Bəyənmədim (0)

“Vaxtilə mənə görə ədəbiyyatda aktiv, proqressiv mövqedə duran adamların bir qismi hazırda mürtəce mövqedə dayanır. Mən bu mürtəceliyi görürəm, bilirəm, ədəbiyyatın içində böyümüşəm. Buna necə dözüm? Bu məsələdə mənim şəxsi qərəzim yoxdur, mən ədəbiyyatı belə görürəm. Ədəbiyyatsız nəfəs də almıram…”

Oxuməni.az xəbər verir ki, Bb sözləri Yenisabah.az-a yazıçı Əkrəm Əylisli deyib. O, qocaman yazıçıların bir qismini mürtəce hesab etdiyini bildirib:

“Məsələn, bir müddət əvvəl Ramiz Rövşən haqqında kəskin ifadələr işlətmişdim. Bunu ona görə demişdim ki, mən onun ədəbiyyatdakı indiki mövqeyini mürtəce mövqe hesab edirəm. Mən Ramiz Rövşəni ədəbiyyatda mürtəce mövqedə dayananların parlaq nümayəndələrindən biri hesab edirəm. Burada mənim qərəzli mövqeyim yoxdur, sadəcə ədəbiyyatı belə təsəvvür edirəm.

Mən 30 ildən çoxdur ki, nə Yazıçılar Birliyinin qapısını açıram, nə hansısa tədbirində iştirak edirəm, birliyin qurultaylarını qəsdən saymamışam. Onlara bildirmək istəmişəm ki, bunun üçün mənimlə də hesablaşmalısınız”.

Ə.Əylisli qeyd edib ki, Yazıçılar Birliyinin sədri Anar ona qarşı qərəzli mövqedə dayanır:

“Yazıçılar Birliyinin 40 illik sədri Anar Rzayev guya ki, mənə qayğıkeş yanaşdığını deyir, amma o, mənə qarşı obyektiv olsaydı, tez-tez “Daş yuxular”ı gündəmə gətirib ermənipərəst əsər olduğunu qeyd etməzdi. Bunu deyirsə, desin, bu onun öz mövqeyidir.

SSRİ Yazıçılar İttifaqının son qurultayında Silva Kaputikyanın əleyhinə çıxış edən yeganə azərbaycanlı mən olmuşam. Həmin qurultayda bir çox yazıçı, həmçinin Anar da iştirak edib. Amma Anar bu gün danışanda bunu demir. Çünki bu ona sərf eləmir. Mənim köhnə dostum ancaq özünə sərf edəni deyir, özü də deyəcəklərini seçir, təsbeh kimi düzür və deyir. Öz xeyrinə sözlərdən elə gözəl təsbeh düzəldir ki, kənardan baxanda heyran qalarsan, sanki kəhrəbadır par-par parıldayır. Anar bunu yaxşı bacarır. Həmin təsbehi onun əlindən almaq da mümkün deyil, çünki millət sözügedən təsbehi ona yaraşdırır. Bir vaxtlar qəlyanına maraq var idi, indi də düzüb-qoşduğu bu təsbeh kimi fikirlərə bir qism insan inanır”.

Əkrəm Əylisli Anarla tamamilə fərqli mövqelərdə olduğunu deyib:

“Anarın öz, mənim də öz mövqeyim var. Guya biz eyni mövqedə olsaq nə dəyişəcək? Azərbaycan ədəbiyyatı inkişaf edəcək? Yeni-yeni imzalar ortaya çıxacaq? Mənim əlimdə heç bir vəzifə yoxdur, heç nəyim yoxdur. Düz 30 ildir ki, Yazıçılar Birliyinin hər şeyindən imtina etmişəm. Anar 30 ildir hamının gözü qabağında ittifaqdan imtina edən adam haqqında deyir ki, Əkrəm Əylisli mənim yerimi tutmaq istəyirdi. Özü də “Mənim yerim” ifadəsini elə deyir ki, sanki vəzifəsini həqiqətən öz yeri hesab edir, başqası otura bilməz, öz mülküdür. Onların mənə qarşı istifadə etdiyi mənfur ifadələrin hamısına çox primitiv, köhnəpərəst, mənasız şeylər kimi baxıram və baxacağam da. Əgər Anarla barışsam bunlara belə baxa bilməyəcəyəm axı. Camaata bizim münasibətlərimizdə aydın olmayan nədir axı? Əslində hər şey çox bəsitdir”.