Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

11 Yanvar 2023 11:20
Bəyəndim (1) Bəyənmədim (0)

Elvin Ramizoğlu

QADIN VAR...

Qadın var, həyası özü boydadı,

Gözəldi, üzünün boyası yoxdu.

Qadın var, daş-qaşı özündən ağır,

Amma qadın kimi həyası yoxdu.

***

Qadın var, yüzünün üzünə durur,

Əlli cür hoqqadan, oyunnan çıxır.

Qadın var, səhnədə göz yaşı tökür,

Çörəyi gözünün suyunnan çıxır.

***

Qadın var, əlləri göydən asılı,

Ayağı dəyən yer cənnətə dönür.

Qadın var, əllərin şeytan bağlıyır,

Ömrü hər nəfəsdə zillətə dönür.

***

Qadın var, anadı, nurdu, işıqdı,

Qadın olduğundan oyuna düşüb.

İstədiyi özgəsinə pay olub,

Özü özgəsinin payına düşüb.

***

Qadın var, ləkədi qadın adına,

Gündə övladına bir ata tapar.

Qadın var, həm ata, həm də anadı,

Bir əli incədi, bir əli qabar.

***

Qadın var, bəxtinin dilənçisidi,

Əlləri açıqdı, gözləri toxdu.

Qadın var, üstündən yoxsulluq yağır,

Xoşbəxtdir, zəngindir nisgili yoxdur.

***

Qadın var, ömürlük gözdən əlildir.

Allahın əlindən tutur yeriyir.

Qadın var, gözləri şeytan gözüdü,

Baxdığı hər yeri oda bürüyür.

***

Qadın var, bir ömür övlad diləyir,

Bir gözü ağlayır, bir gözü gülür.

Qadın var, bir neçə övladı olur,

Axırda onnarın əliylə ölür.

***

Qadınlar mələkdən üstün yaranıb,

Laylası nəğmədi, duası xeyir.

Qadınlar Allahın şah əsəridi,

Rəssama rəsmdi, şairə şeir.

QADASI

Necə deyim, nətər deyim biləsən,

Səndən ötrü darıxıram, qadası.

Adın gəlir öz-özümdə çaşıram,

Danışanda karıxıram, qadası.

***

Gedişinlə məni saldın əzaba,

Həkk olundun şeirlərə, kitaba.

Qurşanmışam siqaretə, şəraba,

Xəstəliyə yoluxuram, qadası.

***

Göy oluram, göydə şimşək çaxanda,

Yer oluram, sellər, sular axanda.

Telefonda şəkillərə baxanda,

Saralıram, soluxuram, qadası.

BİR BƏHANƏ FİKİRLƏŞ!

Ayrılmağa bir bəhanə fikirləş,

İşsizliyi, pulsuzluğu demisən.

Evinizdə karantindi, görüşə,

Gələmmirsən, yolsuzluğu demisən.

***

Ağ olmursan sən hicranın üzünə,

Bəxtimizi, ağ kəfənə bükürsən.

Sənə olan ümidimi bəs nədən,

Diri-diri, sağ, kəfənə bükürsən.

***

Bu ölkənin yoxdur qanun-qaydası?

Ürəyimi alıb-satan azaddı.

Sən sevməyi öyrədəsən birinə,

Özgəsini sevə, zalım həyatdı.

***

Telefondan şəkilləri təmizlə,

Ürəyindən siləmmirsən, nə gözəl.

Sənöllərə, yalanlara inandım,

Daha mənsiz öləmmirsən, nə gözəl.

ÇOX SAĞ OL

Bu sevgidə sən xəmirdin, mən də su,

Qarışmağı öyrətmisən, çox sağ ol.

Darıxanda dizlərimə gecələr,

Sarışmağı öyrətmisən, çox sağ ol.

***

Utanc olduq doğmasına, yadına,

Bircə kərə salmamısan yadına.

Qəfil çıxıb gedənlərin oduna,

Alışmağı öyrətmisən, çox sağ ol.

***

Dərdi sutək içəndən də soruşdum,

İntiharı seçəndən də soruşdum.

Gələndən də, keçəndən də soruşdum,

Soruşmağı öyrətmisən, çox sağ ol.

***

Həyacandan əllərinin əsməyi,

Baxışınla yollarımı kəsməyin.

Səndə gördüm ölümünə küsməyi,

Barışmağı öyrətmisən, çox sağ ol.

***

Ayrılığı sən gedəndə bilmişəm,

Dəli kimi ağlamışam, gülmüşəm.

Mən ki, səni susa-susa sevmişəm,

Danışmağı öyrətmisən, çox sağ ol.

***

Bu ayrılıq bizi saldı qınağa,

Çox çəkildik imtahana, sınağa.

Soyuq küçələrdən isti otağa,

Yığışmağı öyrətmisən, çox sağ ol.

Elvin Ramizoglu