
Poeportret - Nankorların nadanlığı
Hər kim qol qoyarsa nalayiq işə,
Dünyada xar olar o kəs həmişə.
Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşan özü alçalar.
Tapılmaz dünyada pis söz danışan,
Olmasa pisliyə bir qulaq asan.
Aslanın böyrünə əl çəkmək üçün,
Üstün olmalıdır aslana gücün.
Aslan artığını tülküdür yeyən,
Bulud ağlamasa, gülərmi çəmən?
Bir söz ki daşlara düyün vuracaq,
Gözəl söz olsa da, söyləmə, burax.
Bağın var, qarğaya məhəbbət etmə,
Quşun var, quş südü ardınca getmə.
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dad verir o da.
(N.Gəncəvi)
Deyilənlər-deyənlərin kəlamı, öyrənənlər-öyrədənlərin davamçısı, yazılanlar da tarixin yaddaşıdır. Deyilənlər və yazılanlar hər kəsin öz adıyla deyiləndə daha gözəl olur. Çünki söz öz qüdrət və sehrini itirməməlidir. Təəssüflər olsun ki, sözün dəyərindən xəbəri belə olmayanlar özlərini söz meydanına atırlar. Onları kimsə məcbur edirmi? Əsla yox. Sadəcə olaraq bu onlarda yersiz həvəsdən irəli gələn ağılsızlıqdır. Başqasının əməyini mənimsəmək, başqasının kölgəsində dincəlmək istəyənlər təbii ki, çox uzağa gedə bilməzlər. İnsanlara, o cümlədən yaxşılara pislik etmək istəyən adamın əməli günəş önünə tül çəkmək kimi bir şeydir. Günəş parlaq olduğu üçün tüldən göründüyü kimi, hər kəsin də kəlamı onun öz adı ilə bağlı olacaq. Ulduzlar minlərlə, günəş bir dənə olsa da, yenə günəş çıxanda ulduzlar hamısı gizlənir. Söz və sənət də belədir. Əsl söz sahibi meydana gələndə o sözdən istifadə edən söz oğruları rüsvay olmamaq üçün gizlənərlər. Əmin-amanlıq imandan olar, fitnə-fəsad küfrdən törəyər. Bəzi insanlar da imandan uzaq olduqlarından qəlbləri fitnə ilə doludur. Edilməyə layiq olmayanı edənlər, görülməyə layiq olmayan günlər görəcəklər. Nəfs çox şey istəyə bilər, onun hər istəyini etmək isə olmaz. Nəfsin yox, ağlın istədiyini icra etmək yaxşıdır. Çünki yaxşı və pisi nəfs deyil, ağıl seçir. Nəcib ağlı isə vəhşi nəfsə qurban və məğlub etmək ağılsızlıqdır.
Ağıl ağladandır, ağıl güldürən,
Ağıl qaldırandır, ağıl endirən.
Adamlar pələngə dönərsə əgər,
Cinayət üzündən zəmanə dönər.
(Firdovsi)
Deməli, hər kəs ağlının dəyəri qədər hərəkət və əməllərinə dəlalət edir. Başqalarının əməlinə və sözünə sahib çıxmaq istəyənlər isə öz ağıllarının dayazlığını göstərir. Alim öz biliyini gizlətməyə çalışır, axmaq isə onunla lovğalanır. Göydən yerə nemət yağır, yerdən göyə isə torpaq qalxır. Hər kəsin qabında nə varsa, onu büruzə verir. Beləliklə, cəvahir toz-torpağa batsa da, yenə də qiymətini itirməz, toz-torpaq göyə qalxsa da, yenə qiymətə minə bilməz. Eşitmək, dərk etmək, qavramaq başqa, ilham, istedad, yaratmaq başqadır. Söz insan qüdrətinin sərkərdəsidir. Ürək sədəfinin incisi də sözdür. Dil isə ürəyin tərcümanıdır. Yaxşı söz cəvahir kimidir, hər kəs onu sevir. Lakin hər kəs etməsə də, bəzi nadanlar başqalarının sözünü və beyninin məhsulunu mənimsəyərək özününküləşdirmək istəyirlər.
Bir dəfə az da olsa bu haqda yazmışdım. Ancaq o zaman baş verən çirkinlik indi başqalarının simasında təkrarlandığına görə yenidən bu mövzuya qayıtmalı oldum. Oxuculara bəllidir ki, həyat hekayələrini işıqlandırdığım insanların talelərinə uyğun olaraq giriş hissədə hər dəfə fərqli-fərqli öz şeirlərimdən bir neçə bənd yazıram. Və dəyərli oxucular o şeirlərimin davamını da məndən istəyirlər. Əfsuslar olsun ki, bu şeirlərimi öz adına çıxarmaq istəyən dırnaqarası oxucular da var. Keçən il "Mənim səndən başqa kimi var axı" adlı şeirimi Sumqayıtdan bir oxucu öz şeiri kimi qələmə vermək istədi. Bir neçə həftə bundan qabaq isə Günəşli qəsəbəsindən digər bir oxucu "Vətən" adlı başqa bir şeirimi də öz adına çıxarmaq istədi. Halbuki həmin şeirlərim dediyim kimi elə "Oxu məni" qəzetində mənim yazdığım səhifədə gedibdir. Maraqlı da burasıdır ki, onlar həmin şeirlərimi öz adlarıyla elə mənim özümə göndərirlər. Və xahiş edirlər ki, bunları qəzetdə öz yazılarımda verim. Mən soruşanda ki, bu şeirləri nə vaxt yazmısınız, utanmaz-utanmaz deyirlər ki, elə bir həftədir. Deyəndə ki, utanmırsınız, ayıb olsun sizə, onda kəkələyə-kəkələyə qalıb "bağışla" deyirlər. Axı bu tip insanları özlərini şair kimi göstərməyə nə vadar edir? Nədən mənim şeirlərimi öz adlarına çıxaraq təzədən mənim özümə göndərirlər? Deməli, bunlarda ağıldankəmlik, ya da başqa bir ruhi pozuntu var. Bu səbəbdən də onlarla elə də ciddi maraqlanmadım. Yoxsa müəlliflik hüququmdan irəli gələrək onlarla qanun çərçivəsində danışardım. Və başqasının şeirini öz adına çıxmağın nə olduğunu bilər və acısını çəkərdilər.
2 il bundan qabaq işlədiyim bir televiziya kanalında məşhur verilişin redaktoru olduğumdan gələn şikayətçi qəhrəmanları birbaşa özüm qəbul edirdim. Bir gün bir cavan xanım gəlmişdi. Bildirdi ki, vaxtilə əri tutularaq həbs olunur və o da iki uşaqla sahibsiz qalır. Xanım bütün zinət əşyalarını sataraq hər dəfə onun yanına bazarlıq edib gedir. Əri azadlığa çıxandan sonra isə başqası ilə evlənir. Xanım iddia edirdi ki, yoldaşı həbsdə olan müddətdə bunu dəlicəsinə sevirmiş. Hətta ona şeirlər də yazırmış, deyə çantasından keçmiş həyat yoldaşının göndərdiyi dəftəri də çıxardıb mənə göstərdi. Mən dəftərə baxarkən təəccüb etdim. Oradakı bütün sevgi şeirləri mənim şeirlərim idi. Sadəcə adımı dəyişərək onun yerinə öz adını yazmışdı. Bu şeirləri cəzaçəkmə müəssisələrində necə əldə ediblər deyə bilmərəm. Məgər şeir yaxşı olanda hər kəs onu öz adına çıxarmalıdır? Əgər şeirlərim kimlərinsə xoşuna gələrək onlara ruh yüksəkliyi verirsə, bu, müəllif kimi məni də sevindirir. Ancaq haqqımın tapdalanmasına isə heç kimə icazə vermərəm.
Nə yazıqlar ki, cəmiyyətimizdə bu tip insanlar var. Eyni zamanda oxucu adına xələl gətirən "oğru" oxucular da var. Əlbəttə, bunu bütün oxuculara şamil etmirəm. "Oxu məni"nin ailə üzvlərinə çevrilən və bizimlə sıx əlaqədə olan dəyərli oxucularımız da çoxdur. Hansı ki o oxucular neçə illərdir "Oxu məni"nin hər sayını səbirsizliklə gözləyir, ona xüsusi hörmətlə yanaşırlar. Fürsətdən istifadə edərək hər bir bayramda mənə təbrik mesajları göndərən və zəng edən, "Ürək sözləri" rubrikasında mənə salam göndərən oxuculara öz minnətdarlığımı bildirirəm. Bütün dəyərli oxuculara təşəkkür edirəm.
Son söz olaraq "şeir oğruları" olan o kəslərə də "ayıb olsun" deyirəm. Bir müəllif kimi də bu cür eybəcər işlərinə son qoymalarını tələb edirəm.
Sonluq olaraq:
Nalı nalbəndə ver, zəri zərgərə,
Nalbənd əl atmasın yaquta, zərə.
Şeirin taleyi tapşırılmasın
Şeirdən, sənətdən xəbərsizlərə!
İsa Rəvan
O.M.