
Romantik duyğular - Şahməmməd poeziyası
Şair-publisist Şahməmmədov Şahməmməd Gülməmməd oğlu 06 avqust 1947-ci ildə (şir bürcündə) Ağsu rayonunun Ləngəbiz kəndində doğulmuşdur.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Mətbuata "Çiçəklər" şeiri ilə 1965-ci ildə gəlmişdir. 50 ildən çox yaradıcılıq yolu keçmişdir. 30-a qədər kitabın müəllifidir. Bu il 6 avqustda 65 yaşı tamam olmuşdur. Həmin gün şair-publisist Şahməmmədin "Şahməmməd 65" adlı yeni kitabı işıq üzü görmüşdür.
Bu yaxınlarda o redaksiyamıza gəlmişdi. Yeni kitabını bizə təqdim etdi. Onun yaradıcılığı ilə bağlı xeyli söhbətlər etdik. Söhbətimizin axırında ondan nəşr edilməmiş yeni şeirlərini istədik. Etiraz etmədi. Onu "Şahməmməd 65" kitabının nəşr edilməsi ilə bağlı təbrik edirik və onun yeni şeirlərini oxuculara təqdim edirik.
Onu da qeyd etmək yerinə düşərdi ki, şair-publisist Şahməmməd "Qızıl Qələm", "Araz Ali-Ədəbi" və "Zərdabi" mükafatlarının diplomlarına layiq görülmüşdür.
GÖTÜR BALTALA
Çatır qulağıma yersiz söhbətlər:
"Dünyanın malını yığıb altına."
Qoy gəlib üzümə desin bir nəfər –
Götür əllərimi, götür baltala.
Sən təmiz adıma ləkə gətirmə,
Axı sal qayalar ləkə götürməz.
Çörəyi itirmə, duzu itirmə,
Yaxşını kişilər axı itirməz.
Sizin üzünüzə Günəş gülürsə,
Mənim də qəlbimi döyür işıqlar.
Sizin evinizin suyu gəlirsə,
Bizim mənzildə də duyur uşaqlar.
Sizin üstünüzə kədər yağırsa,
Mənim gözlərimə qaranlıq çökür.
Sizin pəncərədə şimşək çaxırsa,
Bizim ağaclar da yarpağın tökür.
Dolaşıq salmayın qaranı, ağı,
Ağın ağ yolu var, qaranın qara.
Nagüman olursuz nə üçün axı,
Niyə vicdanımı salırsız tora.
Mənim dövlətim də, varım da sizsiz,
Sizin çiyninizdə çıxacam yola.
Gözün ağardacaq qarım da sizsiz,
Məni tütyə bilib başına dola.
Yalan ayaq tutar, yalan yeriməz,
Getsə də hardasa yıxılasıdır.
Sən məni safların arasında gəz,
Saf oğlu, həmişə bilin saf dadır.
Çatır qulağıma yersiz söhbətlər:
"Dünyanın malını yığıb altına."
Qoy gəlib üzümə desin bir nəfər –
Götür əllərimi, götür baltala.
GÜMAN VARSA
Bir-birinə oxşamayan,
Dövrləri yaşamışam.
Ömrü boyu Tanrı sayan,
Möhürləri daşımışam.
Görməmişəm nə gözləyib,
İldən ilə boy atmışam.
Həyat məndən nə gizləyib,
Yol gedirəm, çatmamışam.
Niyə belə olur görən?
Bəlkə belə olmalıdı?
Ya dərviş ol, ya da ərən,
Açan çiçək solmalıdı.
Bax beləcə yol gedirəm,
Bulaqlardan içə-içə.
Zərrə-zərrə tağ edirəm,
Söz ordusun biçə-biçə.
İnsanlar da saralarmış,
Budaqdakı yarpaq kimi.
Dağ da, daş da qocalarmış,
Suyu azmış bulaq kimi.
Nə gözləyir, nə gizlənib?
Sirr açmağa hələ dəyməz.
Əzizlənən əzizlənib,
Güman varsa Allah əyməz...
FƏLSƏFƏ DEYİL?
O görüş yerimiz, qaranlıq küçə,
Səndən, məndən küsən fəlsəfə deyil?
Ay, Günəş, göy səma, ulduzlu gecə,
Al üfüqlər dən-dən, fəlsəfə deyil?
Fəlsəfə gəzirəm torpaqda, daşda,
Fəlsəfə gəzirəm baharda, qışda.
Fəlsəfə gəzirəm quruda, yaşda,
Məgər hər görünən fəlsəfə deyil?
İçində dünyalar atan-tutan yar,
Çəkilər, ölçülər, çiyində başlar.
Göyləri yerlərə calayan quşlar,
Yeriyən, sürünən fəlsəfə deyil?
Dağları oynadan gur şəlalə də,
Ağrı da, acı da, susan nalə də,
Çiskin də, yağış da, şeh də, lalə də,
Dumana bürünən fəlsəfə deyil?
Səni də, məni də nişan saxlayan,
Üzün baş daşına sıxıb ağlayan,
Şeirdə sözümü sözə bağlayan,
Çırpınana kədər, çən fəlsəfə deyil?
Fəlsəfə gəzirik fəlsəfədə biz,
Döyür sahilləri, döyür göy dəniz.
Haradan başlayır, harda bitir iz,
De necə deməyim, fəlsəfə deyil!
TELEFON
(Azərbaycandan kənarda olan Eminin, Sədanın, Həmidin,
Nihadın, Cavidin səsləri üçün darıxmışam.)
Məndən uzaq düşmüş gündüzlərimi,
Əlimin içindən görür telefon.
Görmək istədiyim əzizlərimi,
Əlimin içindən görür telefon...
Görə bilməmişəm qızıl illəri,
İçimdə fırlanan "dəli" selləri.
Əllərim çatmayan duzlu əlləri,
Əlimin içindən görür telefon...
Qalmışam Qərb ilə Şərq arasında,
Qalmışam gözlərin qapqarasında.
Ürəyim çırpınır astanasında,
Əlimin içindən görür telefon...
Nə deyim taleyin gərdişinə mən?
Nə deyim dünyanın dərvişinə mən?
Əriyib gedirəm təşvişinə mən,
Əlimin içindən görür telefon...
Görə bilməmişəm yaxşı-yamanı,
Hanı o nərgizlər, lalələr hanı?
Dağın o üzündən baxan zamanı,
Əlimin içindən görür telefon...
ETİRAF
Dostumun danışdıqlarından
Gecələr yuxuda görürəm səni,
Baxışı kədərli, rəngi sapsarı.
Günahlar barmaqla göstərir məni,
Köçür ürəyimə dağların qarı.
Bağışla əzizim, olan-olubdu,
Bağışla gözünün oduna məni.
Gözümün işığı niyə solubdu?
Bağışla o gözəl adına məni.
Allah günahları bağışlayırsa,
Söylə sən nə üçün belə kinlisən.
Keçib... sevgimizi döndərmə yasa,
Gözün görəcəyi axı sənsən, sən.
Bağışla əzizim mən günahkarı,
Bağışla, şeytanı boğsun əllərin.
Bağışlaya bilsin gərək yar yarı,
Bağışla, ağızda dolaşır dilim.
Gecələr yuxuda görürəm səni,
Baxışı kədərli, rəngi sapsarı.
Günahlar barmaqla göstərir məni,
Köçür ürəyimə dağların qarı.
YAŞAMAQ ÇƏTİN OLUB
Günəş çıxar dənizdən, Günəş batar dənizdə,
Bu işıqlı dünyada yaşamaq çətin olub.
Şərqi deyir böcəklər, şərqi deyir dəniz də,
Bu işıqlı dünyada yaşamaq çətin olub!
Ulduzlar da qarışıb ulduzların selində,
Çiçəklər də büzüşüb qayaların əlində.
Əl izləri qalmayıb sevənlərin telində,
Bu işıqlı dünyada yaşamaq çətin olub!
Gəlin açıq danışaq, bəlkə görməyir gözüm?
Bəlkə yaşıl budaqda dolaşıq düşüb sözüm?
Bəlkə rəngin dəyişib yolum, cığırım, izim?
Bu işıqlı dünyada yaşamaq çətin olub!
De, zamanın çarxını görən kimlər dəyişib?
De, zamanın ürəyi axı nə üçün şişib?
De, dolaşan ağ iplər niyə mənə ilişib?
Bu işıqlı dünyada yaşamaq çətin olub!
Üç yaşında bir uşaq elə söz söyləyir ki,
Mən bu yaşda bilməzdim nədir bir, nədir iki.
Köklərini daş basan yaşlı bir ağac təki,
Bu işıqlı dünyada yaşamaq çətin olub!
Deməyin ruhdan düşüb, bir təhər olmuşam mən,
Bu yollar ayrıcına niyə gəlib bitmişəm?
Dolmuşam, boşalmışam, bağrım başın basıb qəm,
Bu işıqlı dünyada yaşamaq çətin olub!
GƏLDİ-GETDİ
Çox qalıbsa beş il qalıb,
Ömür nə tez gəldi-getdi.
Qurum yanıb, yaşım yanıb,
Ömür nə tez gəldi-getdi.
Necə vardı dağlar durur,
Xatirələr məndən sorur...
Beşcə adam məni yorur,
Ömür nə tez gəldi-getdi.
Cavanlar da sözə baxmır,
Ocaq sönür, közə baxmır.
Gözlər daha gözə baxmır,
Ömür nə tez gəldi-getdi.
Gözlərin də düşür nurdan,
Hardan əsir külək, hardan?
Yollar qardan, cığır qardan...
Ömür nə tez gəldi-getdi.
Çağıram səsim çatmır,
Yatmışlar da dərin yatmır.
Ağ başımdan damcı damır,
Ömür nə tez gəldi-getdi.
Tükənibdir sinədə söz,
Ürək deyir bir az da döz.
Mənə gözün ağardıq bez,
Ömür nə tez gəldi-getdi.
Kimə deyək dərdimizi?
Yazmalıyıq ərizəmizi?
Torpaq gözləməyir bizi?
Ömür nə tez gəldi-getdi.
NİGARAN QALMIŞAM
Nigaran qalmışam özüm-özümdən,
Yağır taleyimə qar birəm-birəm.
Boz duman asılıb sanki gözümdən,
Uçurumu, qayanı görə bilmirəm.
Nigaran qalmışam məhəbbətimdən,
Sevgimin qanadı qırılıb nədi?
Nigaran qalmışam səadətimdən,
İşıqlar sürünən qara kölgədi?
Görün mən kim idim, görün kim oldum,
Qarışıb fəlsəfəm, gözümün nuru.
Ağrıya, göynəyə mən həkim oldum?
Hanı o kənd qız yaşı dumduru?
Nigaran qalmışam Yer kürəsində,
Onun da, mənim də əyilib oxu.
Sanki bu dünyadan uçub səsimdə,
Nigaran qalıbdı gözümdə yuxu.
Hərənin dilində bir nağıl gəzir,
Qiyamət günün mənzərəsindən.
Nigaran qalmışam: Danış ey vəzir!
Nigaran qalmışam bilmirəm nədən.
İnana bilmirəm son nöqtəyə mən,
Nöqtələr içində nöqtəyəm, nəyəm?
Nigaran qalsam da tutub əlindən,
Səni ürəyimdə gözlədəcəyəm.
YAZDIQLARIM
Yazdıqlarım bir xatirə toplusudur,
Ağı da var, yaşılı da, qarası da.
İzlər görmüş dağım budur, daşım durur,
Mənimkidir dəymişi də, qorası da.
Gəl vərəqlə, aça bilsən səninkidir,
Sətir-sətir dediklərim, yazdıqlarım.
Açılmasa günahları mənimkidir,
Hanı mənim çin-çin, dən-dən yazdıqlarım?
Başdan-başa xatirədir ömrüm mənim,
Açarı var, ürəyimdə gizlətmişəm.
Gözlərinə eynək taxıb bu gün qəmim,
Düzün desəm ovdan dönən bir dərvişəm.
Yazdıqlarım bir xatirə qalasıdır,
Yozulacaq əyrisinə, düzünə də.
Ürək ki, var bir xatirə qalasıdır,
Zəncir vurub sözünə də, özünə də.
Yazdıqlarım indi dönüb sizin olub,
Yazmadığım gör nə qədər xatirə var.
Bu gün yaman kövrəlmişəm, gözüm dolub,
Saçlarıma elə bil ki qar yağıb, qar.
Yazdıqlarım bir xatirə toplusudur,
Ağı da var, yaşılı da, qarası da.
İzlər görmüş dağım budur, daşım durur,
Mənimkidir dəymişi də, qorası da.
KƏMALƏ
(Yuxuda gördüyüm qıza)
Yaşıl çəmənlərdə alışan lalə,
Çiçəklər qoynunda yuva qurmusan.
Bu ad çox yaraşır sənə Kəmalə,
Sənə lalə dedim, bəlkə qumrusan?
Nağılsan, nəğməsən, şirin laylasan,
Şair ürəyində beləcə qalsan...
Mən nə danışıram, aman, ay aman!..
Ayın aydan üzü, Günəş nuru sən...
Dilində sözlərin şəkərdi dadı,
Yapışıb əlindən sevginin odu.
Səni bu dünyada yaşadan odu,
Ocaqda alışan közü, qoru sən.
İnsanı yaşadan sevgidi gözəl,
Əgər susursansa nə etsin göz, əl?
Saxla yaddaşında sözümü əzəl,
Aldanma şeytana, eşqi qoru sən.
Yaşıl çəmənlərdə alışan lalə,
Çiçəklər qoynunda yuva qurmusan.
Bu ad çox yaraşır sənə Kəmalə,
Sənə lalə dedim, bəlkə qumrusan?
LƏNGƏBİZ
(Mənim doğulduğum kənd)
Bu dağlar ulu dağlar,
Əritməz dolu dağlar.
Qızıl boyunbağıda,
Ləngəbiz yolu dağlar.
Bulağı mələr qalmaz,
Laləsi gülər, solmaz.
Bu evin, bu ocağın,
Gəlini gələr, qalmaz.
Ağsuda qədim diyar,
Burda şamdır yara-yar.
Doğma kəndim Ləngəbiz,
Duzun var, çörəyin var.
Tarixi dönüb daşa,
Söz qoşa, söhbət qoşa.
Bu sehrli diyarda,
Yaşa, əzizim yaşa.
Sən də oxu ay aşıq,
Bu torpağa yaraşıq.
Ləngəbizə səpilmiş,
Ya nəğməsən, ya işıq.
DAĞA TƏNHA GƏLDİM
O dağa tək gəldim, kədərli gəldim,
Gəzdim izimizi, tapılmaz oldu.
Güldüyüm yerlərdə gözümü sildim,
Hara addım atdı gördüm ki, koldu.
Çiçəklər bu yerdən köç etmişdilər?
Elə bil tüstümə qar yağırdı, qar.
Gözümün önündə rəqs etdi nələr,
Başımın üstündə susdu buludlar!
Nə daşlar danışdı, nə boz qayalar,
Belə görməmişdin heç onları sən.
Yaddaşda göründü külək, yağış, qar,
Baharsız qalmışam bu dünyada mən?
Yadında qalıbmı daşların yeri?
Daşla daşa yazdıq adımızı biz.
Bu gün çevirirəm daş vərəqləri,
Baxırdım daş kimi səssiz-səmirsiz.
Ayrıldıq bir eşqin hay-harayından,
Qəlbimdə bir dünya xatirə qaldı.
Közərdi Xəzərdə içim kimi dan,
Qayalar "dönməzlik" marşını çaldı.
Qayıda bilərsən ötən günlərə?
Bunu mən demədim, qələmim dedi.
Bizi çox gəzəcək bu dağ, bu dərə,
Bizi şeytanların qarğışı yedi.
MƏNİM GÜNAHLARIM
Bizim görüşümüz niyə qırıldı?
Günahkar sən oldun, yoxsa mən oldum?
Axı and içmişdik... niyə qaraldı?
Əriyib gözümün içinə doldun!
Küləklər apardı səni uzağa,
Ürəyin bəlkə də qaldı mənimlə.
Dözmədin hər sözə, qaraya, ağa,
Boğdun sevgimizi özün əlinlə.
Əlac çağırışını getməkdə tapdın,
Hər gün qapınıza daha gəlmədim.
Günahlar içində çağırıldı adım,
Gözlədim, gözlədim, geri gəlmədin.
Bəlkə də düzünü, gözəl, sən etdin,
Uzun bir nağıla nöqtə qoyuldu.
Niyə doğulmuşdun, bəs niyə itdin?
Qışı qonaq gəldi, baharmı soldu?
Tapdım günahları əllərimlə mən,
Sevgim xəyallara qoşulub uçdu.
Qonşular deyəni duymadınmı sən?
Tikilən bir qala, beləcə uçdu.
Sevginin qarğışı kəsəcək məni,
Niyə qapınızı döyüm hər səhər?
Mənim günahlarım çağırdı səni,
Sənsiz ömür edirəm, sənsiz bir təhər...
SƏNDƏN GÖZLƏMƏZDİM
Gözəl, gözləməzdim sevgimiz bizim,
Ağ, qara qanadlı buluda dönə.
Yağış istəyirəm, yağış əzizim,
Göylərdən bir xəbər çatdıra mənə.
Nağıla bənzəyir üzü göylərin,
Alıb apardığın vermək istəmir.
Həsrət ürəyimdə dərindən-dərin,
Ulduza köçənlər ulduzdan enmir.
Gözəl, gözləməzdim bu sevgimizi,
Uzaq ulduzlara göndərəcəksən.
Niyə yetim qoydun, axı, sən bizi,
Gözləri göylərdə yaşayıram mən.
Sevgi doğuldumu, heç zaman ölmür,
Dönüb xatirəyə, uçur göylərə.
Sevənə bir qarış verilir ömür,
O da qismət olur torpağa, yerə.
Səndən gözləməzdim, eşqi ayırdın,
Göndərdin göylərin ənginliyinə.
Günləri, ayları, illəri saydım,
Axı sən bilirdin sevgi nədir, nə!...
Həmişə deyərdin sevgi xəyaldı,
Ayrıldıq, eşqimiz xəyala döndü.
Dəli sevgimizdən xatirə qaldı,
Bilmirəm nə yandı, bir də söndü.
Gözəl, gözləməzdim sevgimiz bizim,
Ağ, qara qanadlı buluda dönə.
Yağış istəyirəm, yağış əzizim,
Göylərdən bir xəbər çatdıra mənə.
MƏHƏBBƏTİN YAŞI YOXDU
Bir məhəbbət dastanın qəhrəmanıyam,
Bu dünyadan aparacam onu özümlə?
Zirvələrdən qopub gələn dəli bir çayam,
O dünyaya nur səpəcəm iki gözümlə.
Görünməyən ruhların da məhəbbəti var,
Dünyaları bir-birinə calayan odu.
Desələr ki qar yağacaq, qəlbi soyuq qar,
İnanmıram, məhəbbətin soyumaz odu.
Dünyasını dəyişməyən bircə sevgidi,
Xatirəyə çevrilir, o yolunu azmır.
Hərdən məndən soruşurlar məhəbbət nədi?
Ürəyimdən keçənləri qələm də yazmır.
Məhəbbətdən başlayıbdır tarixin yaşı,
Şimşəklərin işığında görünən sipər.
Zəncir edib bir-birinə qayanı, daşı,
Torpaqda yox, ürəklərin içində bitər.
Məhəbbətin yaşı çoxdu yaşlar içində,
Diyən dərin fikirlərə qoşulmusan sən?
Bir dağ yanır, sızıltısı mənim içimdə,
Alovların zirvəsində dayanmışam mən.
İÇİMDƏKİLƏR
Necə olduğumu soruşursan sən,
Açıram, tökürəm ürək çəkəni.
Elə düşünürsən düz demirəm mən?
Sən hardan biləsən qəlbə çökəni.
İçimə girəsən gərək əzizim,
Sözlə dərdi, qəmi öyrənmək olmur.
Nələrə yük olub ürək, əzizim,
Gözlə hər ağrını, eh, görmək olmur.
Mənə də çətindi görmək qəlbini,
İçinə girməyi bacarmıram mən.
Bircə o qalır ki, sıxam əlini,
İstisi, tüstüsü, işığı dən-dən.
Daşlaşıb içimdə sevgi, məhəbbət,
Daşlaşıb içimdə ürək ağrısı.
Bağlayıb qapısın üzümə cənnət,
Hər şey gözlərimdə üzüm qorası.
Uçanım uçubdu, köçənim köçüb,
Qalmışam su ilə köz arasında.
Əridib sevgimi mələklər içib,
Hardayam, dünyanın mən harasında?
Zarafat sayırsan dediklərimi,
İçim çəkənlərdən bir xəbərin yox.
Bilirəm bilirsən bircə yerimi,
Allah çox görməsin bunu mənə çox.
Necə olduğumu soruşursan sən,
Açıram, tökürəm ürək çəkəni.
Elə düşünürsən düz demirəm mən?
Sən hardan biləsən qəlbə çökəni.
DÖNDƏRİN
Sən demə, hər yaşın öz nəğməsi var,
İtən günlərimi axtarıram mən.
Götür almazını ürəyimi yar,
Özünü orada tapacaqsan sən.
Üzümə dağların qırışı köçüb,
Cığırlar haradan haraya gedir?
Başım saçlarımın qarasın töküb,
Gözümün işığı azalıb nədir?
Döndərin yolumu, baxa bilim mən,
Qızıl laləsinə, qızıl sevgimin.
Qızıl şimşək olub çaxa bilim mən,
Sıxım qayaların, dağların əlin.
Dönüm, xəyal olmuş, xatirə olmuş,
Günlərin qoynunda gecələyim mən.
Ey kövrək kəlmədən saçını yolum,
Məni gözlərində dəfn etmisən sən.
Döndərin yolumu, özümə baxım,
Məni kim apardı, niyə apardı?
Döndərin yolumu gözümə baxım,
Günəşin nuruna bənzəri vardı.
Əlvida, əlvida ötən günlərim,
Məni mən eləyən siz olmusuz, siz.
Əriyib hardasa itən günlərim,
Yaşadır məni də səssiz-səmirsiz...
QƏRİBƏ OYUNLAR
Dünyanın qəribə oyunları var,
Sevənlər ayrılır... sevgiləri yox.
İsti ürəklərə qar ələnir, qar,
Ölçü-biçisi yox, ülgüləri yox.
Çəkərmiş sevgini yanına Allah,
Çiçəklərdən uzaq, güllərdən uzaq.
Qarışır gözündə günaha günah,
Fikirlər içimdə bağlayır sızaq.
Sevgilər dünyası varmış göylərdə,
Nə qədər bir idik, görməzdim bunu.
Sən demə ayrılıq dözərmiş dərdə,
Görən intizarın bitəcək sonu?
Sevgim ulduzlardan əl edir indi,
Əlləri əlimə yetişmir onun.
Bilmirəm dövrəmdə kimlər sevindi,
Qara kəmər taxdı ağappaq yolum.
Gündə bir ulduzla danışıram mən,
Nə o başa düşür, nə də mən onu.
Çox yox, bircə günlük qonağım ol sən,
Ağarıb saçlarım, ağarıb dən-dən...
Leysan yağışlara bir gün qoşul gəl,
Bağışla lal olmuş günahlarımı.
Məni də göylərə apar, sən gözəl,
Ulduzlar içində görüm yarımı.
SEVİNC, KƏDƏR
Sevinclə qəm yükü əkiz doğulur,
Biri köz etməsə, gəlmir o biri.
Biri damla-damla daşdan yoğrulur,
Birinin üfüqdə görünür yeri.
Bir çiçək solanda biri göyərir,
Əgər ağlamasan, gülmək də olmur.
Bəzən bar ağacın budağın əyir,
Bəzən yarpağın da küləklər qovur.
İl olur yağış da çəkilir göyə,
İl olur qarışır dumana-duman.
Niyə belə olur, bilmirəm niyə?
Bəzən yarı yolda yıxılır qaban.
Sevginin oxunda udur qayalar,
Dartırsan, dartırsan, həsrət boylanır.
Hərdən istəmirsən, elə yağır qar,
Hərdən də ocağın alışır, yanır.
Yarıya bölünüb dünyada hər an,
Yarıya bölünüb ömrümdə günlər.
Yarıya bölünüb bütün asiman,
Yarıya bölünüb nələr və nələr...
Mən yeni bir nağıl danışmayıram,
Sənin gördüyünü görürəm mən də.
Dünyanın işinə qarışmayıram,
Gülürəm dünyanın üzü güləndə.
Çəksən tərəzidə bərabər gələr,
Sevinc də, kədər də, dağ da, dərə də.
Nələr yaşamışıq dünyada nələr...
Yerimiz beşikdir... Nə var qəbirdə?
XİDMƏTÇİ XANIM
Yanına gəlmişdim... Ayrılmamışdıq,
Xidmətçi otağı təmizləyirdi.
Divar daşlarına salmışdıq işıq,
Sevgimiz dünyanı əzizləyirdi...
Gözümüzdən baxan eşqimiz bizim,
Hopmuşdu otağın divarlarına.
Bizdən ayırmırdı xidmətçi gözün,
Düyün kəsilmişdi yarı yarına.
Getdim... bir dünyalıq sükut apardım,
Xidmətçi gözümdə vərəqlənirdi.
Getdim... öz içimdə şivən qopardım,
Qovurdu dünyamı xidmətçi dərdi.
Qarşıma çıxmışdı qonşunun iti...
Nağıla bənzəyən nağıl danışdıq.
Gözümüzdə donan sözü, söhbəti,
Xidmətçi süpürdü, biz də alışdıq.
Döndü xatirəyə xidmətçi xanım,
Döndü xatirəyə səhər görüşü.
Gecəyə çevrildi bir səhər anım,
Apardı şeytanlar gülü, gülüşü.
Yanına gəlmişdim... Ayrılmamışdıq,
Xidmətçi otağı təmizləyirdi.
Divar daşlarına salmışdıq işıq,
Sevgimiz dünyanı əzizləyirdi...
TAPDIM O SƏSİ
Neçə ildir ki, itirmişdim bir doğma səsi,
Sanırdım o səs daha tapılmaz olar.
Əriyirdim, əriyindi səsin kölgəsi,
Yer üzündə görünməmiş möcüzələr var!..
Axtarmırdım, düşünürdüm itkidi, itki,
Uzaq olsun... Bir hadisə qapımı döydü.
O səs mənim qulağıma pıçıldadı ki,
"Yox olmusan, yox olmağın qəddimi əydi".
Axtarmırdım, axtaraydım gərək mən səni,
O səs məni addım-addım gəzirmiş demə.
Daş olmuşa daş olmuşdu bir səs naləsi,
Bu itkiyə səs özü də dözürmüş demə.
Yaddaşımı qar altından çağırdım geri,
Söhbət etdim, vərəqləndi izlər, cığırlar.
İtmişlərin, keçmişlərin göründü yeri,
Yağdı mənim varlığıma daşdan ağırlar.
Gəzə-gəzə cığırları, tapdım o səsi,
Tanımadı o səs səsi bircə anlığa.
Telefonda guruldadı dağ şəlaləsi,
İşıq düşdü pəncərəmdən qapqaranlığa.
Gözləmirdim telefonda tapa səsi səs,
Xatirələr yada düşdü, bəzəndi günlər.
Uçurumların pəncəsində dirildi nəfəs,
Daş altından əl elədi, dirildi günlər.
Tapdım itən möcüzəni səslər içində,
Tapdım itən möcüzənin, solğun rəngini.
Bir heykəl yonuldu səsə içimdə,
Qaytardılar cəhənnəmdən cənnətə məni.
DE, NECƏ YAŞADIN?
De necə yaşadın mənsiz illəri?
İnana bilmirəm, yaşamısan sən.
Necə zəncirlədin sevən əlləri?
Bir parça daş oldum, yaşamadım mən.
Görüşə çıxmadım, xəyala döndüm,
Kölgələr yapışdı əlimdən mənim.
Necə alışardım... gör necə söndüm,
Qayalar asıldı dişimdən mənim.
Böyük bir sevgiyə bir nöqtə qoydun,
Məni də, səni də sellər apardı.
Başımı daşların üstünə qoydum,
Öpdüyün saçımı yellər apardı.
Sən necə yaşadın, öldün, ölmədin?
Sən necə yaşadın mənsiz, sevgisiz?
Bəlkə yanılıram, bir az danış, din...
Bizi görsün deyə gözləyir dəniz.
Xəyanət gəzmirəm baxışlarında,
Günahlar qoynuna qoşa düşmüşük.
İtək bir sevginin naxışlarında?
Payızdan çıxmışıq, qışa düşmüşük...
Yaşamaq deməyə dilim gəlməyir,
Bəs niyə çağırım sənsiz günləri?
Biri utanaraq başını əyir,
O biri günahda gəzir illəri...
YOX OLDUN
Mənim ürəyimdə dolaşanları,
Mənim ürəyimdə daş elədin sən.
Mənim ürəyimdə qovuşanları,
Dağların selinə tuş elədin sən.
Yox oldun qaş ilə göz arasında,
Səsin uzaq-uzaq yerlərdən gəldi.
Qovruldum gül ilə köz arasında,
Ürəyim ürəyindən keçəni bildi...
Yox oldun ürəyim sınana qədər,
Geri qayıdanda artıq gec idi.
Sən demə yanmağım hədərmiş, hədər,
Sevinc daşa döndü, kədərmi dindi?
Hanı o görüşlər, hanı o sevgi?
Bir sevgi ikiyə bölündü niyə?
Mənimçün səbəbi tapılmadı ki,
Sözlərim ürəkdə qalmasın deyə.
O kövrək duyğular qoy bağlı qalsın,
Bağlı qapıları açmağa dəyməz.
Ürək də içində sazını çalsın,
Yoxsa düyün düşər, kəsilər nəfəs...
(Şeirlər 2012-ci il avqust ayının 8-dən sentyabr ayının 10-na kimi qələmə alınmışdır)