
Aylıq 20 min manat zərərlə nəşr olunan “Yeni Müsavat” qəzeti qapanmaq təhlükəsi ilə üz-üzə qalıb
İqtisadiyyatın bir sahəsi də mətbuat sektorudur. Burada xəbərin alınıb-satılması fonunda həm də cəmiyyət maariflənir. İnsan maddi cəhətdən qidalandığı kimi, onun mənəvi qidaya da ehtiyacı ver. Cəmiyyətin güzgüsü olan mətbuat bu ehtiyacı təmin etməyə xidmət edir. Lakin son zamanlar hadisələrin inkişafı onu göstərir ki, ümumdünya iqtisadi böhranının fonunda insanlar daha çox maddi təminatları barədə düşünürlər. Bu isə nəticə etibarı ilə mətbuatın, əsasən də çap və elektron mətbuatının zəifləməsinə, tədricən sıradan çıxmasına xidmət edir. Bütün bunları nəzərə alan dövlətimiz mətbuatın inkişafı üçün konkret addımlar atmaqdadır. Lakin digər obyektiv və subyektiv maneələr mətbuatın rəqabət mühitində immunitetinə zərbə vurur. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkənin aparıcı mətbu orqanlarının fəaliyyətini mümkün qədər stimullaşdırır. Buna baxmayaraq, oxucu aktivliyinin azalması və digər amillər arzuolunmaz fəsadlara səbəb olur. Problemə aydınlıq gətirmək üçün "Media forum" saytı ölkənin aparıcı qəzetlərindən biri olan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun fikirlərini öyrənib.
- Mətbuatın üzləşdiyi problemlərə görə bu həftə siz və daha bir neçə KİV rəhbəri Qərb səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdünüz. Görüş kimin təşəbbüsü ilə keçirildi?
- Biz müraciət edib görüş istəmişdik. Qərb ölkələri səfirliklərinin, demək olar, hamısının təmsilçisi orada idi. İki saata yaxın müzakirə apardıq və öz aramızda ilkin qərarlar verdik.
- İlkin qərarlar nədən ibarət oldu? Sizin xahiş və istəkləriniz nə idi?
- Biz onları vəziyyətin dramatikliyi haqda məlumatlandırdıq. "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin çapı dayana bilər. Biz qəzetimizin satışı ilə dolanırıq, bütün məsrəflərimizi satışla qarşılayırıq. "Qasid" firmasının satışdan gələn pulları bizə ödəmək imkanı yoxdur. Bir ay beş gün ərzində cəmi 2300 manat almışıq. Əslində isə bu rəqəm 12-13 min manat olmalı idi. Vəziyyətin nə qədər pisləşdiyini, bunun qəsdən edildiyini, hakimiyyətin bu planı bilərəkdən həyata keçirdiyini və hədəfin tənqidçi medianı sıradan çıxarmaq olduğunu diplomatların diqqətinə çatdırdıq. Amma təfsilatı mediaya açıqlamırıq.
- Görüşdən gözləntiniz nədir? Sizcə, görüş nəyi dəyişə bilər? Qərb diplomatları müstəqil mətbuata vəziyyətdən çıxmaq üçün hansı formada dəstək verə bilər?
- Bizim birinci işimiz onları məlumatlandırmaqdır. Xahiş etdik ki, hökumətlərinə hesabat yazanda bu barədə məlumat versinlər, tənqidçi medianın boğulduğunu, müstəqil qəzetlərin çapının dayana biləcəyini çatdırsınlar.
Dəstək imkanları genişdir. İmkanların bir qismi haqqında onlara məlumat və təkliflər verdik. Məsləhətləşmələr üçün qeydlər götürdülər, məsləhətləşəcəklər. Müvafiq instansiyalarla danışıqlar aparmaq üçün onlardan vasitəçilik etmələrini və danışıqların özünə də qatılmalarını istədik. Məsələyə müxtəlif aspektlərdən toxunuldu və təkliflər verildi. Vəziyyətdən asılı olaraq bir daha yığışacağıq.
- Rauf bəy, Qərb ölkələri və beynəlxalq təşkilatlar qrant layihələri formasında dəstək ola bilərmi? Müzakirə edilən məsələlər arasında bu da varmı?
- Ümumi şəkildə onu deyə bilərəm ki, onların qrant, maliyyə verməyə həvəsləri yox idi. Əsas məsələ hakimiyyətin bizə mane olmamasıdır. Bu bizə bəs edər. Biz onlardan əsasən maneələrin aradan qaldırılması üçün yardım istədik. Dedik ki, qəzetlərimizi paytaxtdakı köşklərdə sata bilməyimiz üçün bizə kömək etsinlər. Çünki qəzet satışına imkan verilmir. Bunu keçirdiyimiz monitorinqlər də təsdiqləyib. Son monitorinqimiz nəticəsində əldə etdiyimiz faktlardan sitat gətirməklə dediklərimizi bir daha sübuta yetirdik və onların nəzərinə çatdırdıq.
- Bir qrup KİV rəhbərinin Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla iyunun 30-da keçirdiyi görüşün heç bir nəticə vermədiyini bildirmisiniz. Sizcə, bu görüş niyə nəticə vermədi? Belə davam etsə, hansı addımları atacaqsınız?
- Əli Həsənovla görüşdən sonra ilk zamanlar çox ümidli idim ki, vəziyyət dəyişəcək. Düşünürdüm ki, bu görüş təsadüfi deyil və hakimiyyət müəyyən qərarlar qəbul edəcək, həmin qərarlar əsasında da qəzetlərin vəziyyəti qismən yüngülləşəcək. Qəzetlərin mövcud vəziyyəti Azərbaycan hakimiyyətinə tənqid olunmaqdan, qınanılmaqdan başqa heç nə vermir. Lakin gözlədiyimiz olmadı.
Bizim iki istiqamətdə ümidimiz var idi. Birincisi, satışın bərpa olunacağına və imkanların genişləndiriləcəyinə idi. Bunun reallaşmasının mümkünlüyü Əli Həsənovun açıqlamalarında da göstərilirdi. Hətta Əli Həsənovla görüşdən sonra Mətbuat Şurasının da təklifi oldu ki, yeni köşklərin sahibləri ilə media kapitanlarının görüşü təşkil edilsin. Yəni biz Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri ilə görüşəcəkdik, problemlərimizi qarşılıqlı şəkildə müzakirə edib yoluna qoyacaqdıq.
İkinci istiqamət reklamla bağlı idi və bu məsələ ilə əlaqədar Əli Həsənov olduqca ümidverici danışmışdı. Hətta bizə bildirmişdi ki, hər hansı reklam təmsilçisi sizinlə əməkdaşlıqdan imtina etsə, onun yanında mənimlə əlaqə saxlayın ki, həmin şəxsə hakimiyyətin heç bir qəzetin reklam işinə qarışmadığını çatdırım. Bu istiqamətdə xeyli fəaliyyət göstərdik. Mən nazirliklərə, dövlət komitələrinə, müxtəlif sahələrin rəhbərlərinə, bank və sektor başçılarına məktubla müraciət edib sosial reklamların, elanların, təbliğat-təşviqat materiallarının yayılması, piar kampaniyalarının işıqlandırılması üçün əməkdaşlıq etməyə hazır olduğumuzu bildirdim.
Amma bu iki istiqamətdən birində ümidlərimiz nəinki doğrulmadı, əksinə, problemlər daha da ağırlaşdı. Söhbət qəzetlərin satışından gedir. Sentyabrın 1-dən paytaxtdakı yeni köşklərdə qəzet satışı ümumiyyətlə dayandırılıb. Reklamla bağlı da hər hansı irəliləyiş yoxdur, məktublarımıza reaksiya verilməyib. Yalnız Bakı Metropoliteninin rəisi Tağı Əhmədov redaksiyamıza zəng etdirib və nə istənildiyini soruşub. Reklam üçün müraciət etdiyimizi öyrənəndə isə metropolitenin özünün reklam yaymaqla məşğul olduğunu, reklam olunmağa ehtiyac duymadığını bildirib.
Biz hakimiyyət qəzetlərinə və saytlarına verilən reklamdan pay istəyirdik. Hətta prezident də söyləmişdi ki, mətbuatın reklam payı çox azdır və bu, ədalətsizlikdir. Əli Həsənov da belə söyləmişdi. Biz də onlardan sitat gətirərək müraciət etmişik. Hələ ki, heç bir reaksiya yoxdur. Biz bu vəziyyətdən çıxmaq üçün nə edəcəyik? Sadəcə, kollektivi qorumağa çalışacağıq. Bütün yollara əl atacağıq. İki önəmli partiya ilə anlaşmışam. Bunlardan biri Ümid Partiyasıdır ki, biz onlarla reklam anlaşması əldə etmişik. Qəzetin ayda səkkiz səhifəsini Ümid Partiyasına kirayəyə vermişəm. Düzdür, bu, İctimai Palatada olan dostlarımızı o qədər sevindirməyib. Digər partiyaya aid reklam layihəm hələ tam baş tutmadığına görə onun detallarını açıqlamıram. Həmin partiya da ənənəvi müxalifət düşərgəsindən uzaqdır. Buna məcburuq. Siyasi düşərgədə olan bütün mümkün istiqamətlər üzrə addımlar atmağa çalışırıq ki, qəzetimiz tam sıradan çıxmasın və 52 nəfər işçi işsiz qalmasın.
Müraciətlərimizi davam etdirəcəyik. Xarici şirkətlərə, o cümlədən BP-yə, səfirliklərə də müraciət etmişik. Xahiş etmişik ki, qəzetimizin çökməsi prosesinin iştirakçısı və ya seyrçisi olmasınlar. Reklamlarından bizə də pay ayırsınlar, başqa yerə verdikləri reklamları ikiqat ucuzuna bizə də versinlər.
Alternativlər istiqamətində də düşünürük. Alternativ plan yayımla bağlıdır. Ən kritik vəziyyət yetişsə, qəzetin rəhbərliyi, tanınmış köşə yazarları, jurnalistlərdən ibarət heyətlə Bakıda qəzet satacağıq. Böyük bir xeyir olmasa da, bu da bir variantdır. Eyni zamanda hakimiyyətlə danışıqlarımızı davam etdirməyə çalışacağıq. Bildiyiniz kimi, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan müəyyən qədər maliyyə alırıq. Həmin maliyyənin artırılması istiqamətində də müraciətlər, danışıqlar davam edəcək. Bütün gücümüzü cəmləmişik ki, dayanmayaq, bizi birdəfəlik sıradan çıxara bilməsinlər.
Paralel olaraq kütləvi aksiyalar barədə də düşünürük. Bir neçə KİV rəhbəri ilə birlikdə Bakı Şəhər İcra Hakimiyyəti önündə jurnalistlərin piketinin keçirilməsi haqda qərar qəbul etmişik. Bunu son çarə kimi düşünürük. Buna əl atsaq, məsələ bir aksiya ilə yekunlaşmayacaq. Kütləvi etiraz aksiyaları, aclıq aksiyaları, jurnalistlərin küçə yürüşləri olacaq, beynəlxalq aləmə müraciətlər ediləcək və sair. Bu bizim işsiz qalacağımız təqdirdə olacaq. Ümid edirəm ki, hadisələr o səviyyəyə gəlib çıxmayacaq. Süleyman Dəmirəlin dediyi kimi, demokratiyada çarə tükənməz. Bir neçəsini sadaladım. Bu onu göstərir ki, çarə çoxdur. Sadəcə olaraq bizi dəstəkləyən bir neçə qəzet, həmkarlarımızdır. Qərbin demokratiya paytaxtlarının buradakı təmsilçilərinin də dəstəyi lazımdır. Onlar da bizim kimi ardıcıl demokrat olsalar, problem həllini tapar.
- "Yeni Müsavat"ı iflasdan qurtarmaq üçün nə qədər vəsaitə ehtiyac var?
- Son üç ayda qəzetimizin satışı hər ay üçün 100 min nüsxə azalıb. Bu da ayda 17-20 min manat itki deməkdir. Hər ay 20 min manata yaxın ziyanımız var. Bunu kompensasiya etmək üçün ən müxtəlif vasitələrə əl atırıq. Satışı bərpa edə bilsək, ağır vəziyyətdən çıxacağıq.
O.M.