Bakı və Abşeron çimərliklərində keçirilən monitorinqin nəticələri açıqlandı

Bakı və Abşeron çimərliklərində keçirilən monitorinqin nəticələri açıqlandı

29 Avqust 2012 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı və Abşeron çimərliklərində aparılan növbəti monitorinqin nəticələri açıqlanıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun ANS PRESS-ə verdiyi məlumata görə, monitorinqlərin nəticələrində heç bir dəyişiklik olmayıb.

"Dəniz sularının fiziki, kimyəvi və toksikoloji analizlərinin nəticələri əvvəlki monitorinqin nəticələri ilə eyni olub. Analizlərin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zağulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilindədir", - deyə Ziyəddin Kazımov vurğuladı.

Şöbə müdirinin sözlərinə görə, Qaradağ və Səbail rayonu ərazisində yerləşən "Sahil" və "Şıx" çimərliklərində isə bakterioloji çirklənmə olduğundan çimmək qadağası yenə də qüvvəsində qalıb. Bu ərazilərdə böyük həcmlə tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən dənizə axıdıldığına görə sözügedən çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan artıqdır.

Z.Kazımov onu da bildirdi ki, analoji yoxlamaların 15 gündən bir olmaqla oktyabr ayının 1-dək davam edəcək.

Qeyd edək ki, son iki ildə mövcud vəziyyətin əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq Səbail rayonunun "Şıx" və Qaradağ rayonun "Sahil" çimərliklərindən istifadə qadağan edilib.

O.M.