“Gecikmiş görüş” kitabı ilə bağlı düşüncələrim

“Gecikmiş görüş” kitabı ilə bağlı düşüncələrim

23 Avqust 2012 12:44
Bəyəndim (0) Bəyənmədim (0)
İslam Qəribli. Gecikmiş görüş (şeirlər). Redaktor və ön sözün müəllifi Qurban Bayramov. Bakı, “Elm və təhsil”, 2012, 152 səh.

Mən tənqidçi deyiləm, istəsəm də, bunu bacarmaram. Çünki əsl tənqidçilər qəlbi günəş nuru ilə ziyalanmış, söz mülkünü Allahın onlara bəxş etdiyi gözə görünməyən tərəzilərdə çəkməyi bacaran müdrik insanlardır...

Lakin "məni bu günə çatdıran yollar"da ağı qaradan, acını şirindən, xeyiri şər­dən tənqidçilər kimi yox, Tanrının verdiyi imkanlar daxilində seçməyi az da olsa öyrənmişəm. Bu, başqa mövzunun mayasıdır.

Mən bu gün İslam Qəriblinin "Gecikmiş görüş" (2012) kitabını oxuduqdan sonra gəldiyim qəna­ətləri oxucularla bölüşmək istəyirəm. Kitaba olduqca geniş və olduqca da maraqlı ön söz yazmış tənqidçi - ədə­biy­yatşünas, fədakar alim Qurban Bayramov diqqətə çatdırır ki, İs­lam Qəriblinin bu kitabı əslində məhəbbət dastanıdır, İsmi pünhana həsr edilmiş ülvi, təmiz məhəbbət dastanı...

"İsmi pünhan" İslamın özünəməxsus məhəbbət dastanının lirik qəhrəmanı, baş obrazıdır. Bu ad – obraz şifrələnmiş, kodlaşdırılmış addır! Abır-həyadan, əxlaqdan, kişiyanə mənəviyyatdan mayalanmış gizli saxlanan addır, ismi pünhandır! Onun içində yaşayan, qəlbinin dərinliyində olan eşqin hayı-harayı, ahu-zarı "Gecikmiş görüş" kitabının içində saxladığı "ismi pünhan"dır!..

"Gecikmiş görüş" kitabını oxuyarkən poetik görüşlər axtarışına çıxmadım. Özü başdan-başa poetik olan şairdən başqa nə gözləmək olar? İslam Qəriblinin ürəyindən süzülüb gələn cəmisi bir bəndlik şeirdən birinin üzərində dayanmaq istəyirəm:

Elə zənn etmə ki, hisssiz lal daşam,

Mən dərdə ortağam, qəmə qardaşam.

Sirrim öz içimdə, sirrə sirdaşam,

Tanı bu nişanla, tanısan məni...

Görəsən "İsmi pünhan" İslam Qəriblinin bu sətirlərindən sonra onu tanıya bildimi? Yox, o, İslamı çoxdan tanıyırdı. İslamın onun adını kodlaşdırmasını da çoxdan bilirdi. Lakin inana bilmirdi ki, İslam özünü lal daş, dərdə ortaq, qəmə qardaş, sirrini öz içində saxlayan, sirrə sirdaş adlandırsın. Görəsən, o, "İsmi pünhan" tanıya bildimi İslamı? Yəqin ki, tanıdı, peşmançılıq çəksə də, çəkməsə də...

İslam Qəribli hay-haray salmır, "İsmi pünhan"ın kimliyini açıqlamır, buna ehtiyac da duymur. Dörd misralıq şeirdə alışıb-yanır. İslam bu sətirlərlə tək özünün yox, bütün qəlbən sevənlərin ürək çırpıntılarını nəzərə alır və bütün oxuculara tövsiyə edir ki, heç bir tərəddüd etmədən İslamı bu nəmdə, bu nişanda axtarın. Tək İslamı yox, bütün qəlbən sevənləri...

İslamın qəlbində tüstüsü göz çıxarmayan üfüqə bənzər qızılı közlər, poetik hisslər Qurban Bayramovun qeyd etdiyi kimi bir sevgi dastanına çevrilir. Tək bu dörd misra bir şair ömrünün dəyərini gözümüzün önünə gətirir. İslam nə lal daşdır, nə dərdə ortaqdır, nə qəmə qardaşdır. Ona belə gəlir... Axı neyləsin?.. Əgər "İsmi pünhan" onu başa düşmürsə. Bu yerdə "İsmi pünhan"ı da qınamaq olmaz. Bəlkə o, öz qəlbində... Nə edir etsin, təki İslam kimi məhəbbət odunda yanmağı bacarsın.

İslam Qəriblinin deyəcəyi də budur. Onun sevdiyi "İsmi pünhan" qoy bir məhəbbət dastanının qəhrəmanı olsun. İslam Qəribli bunu bütün insanlarda görmək istəyir və ona görə də bu dörd misralıq şeir məhəbbət haqqında yazılmış qalın-qalın kitabları əvəz edə bilir... İslam Qəriblinin bu bir bəndlik şeiri öz poetik tutumu ilə onun digər şeirlərinə pəncərədir. Bu pəncərədən baxanda onun digər şeirlərinin abu-havasında əriyib gedirsən. Bir şair ömrünü dünənli, bu günlü, sabahlı görürsən. Gəlin onun "Rübailər" şeirinə nəzər salaq:

O ötən günlərim bir iztirabdır,

Saçıma ələnən qırovdur, qardır.

O qədər intizar çəkmişəm ki, mən,

Ürəyim həsrətdən qabar-qabardır.

Ömrümdən gün satdım, ucuz, həm baha,

Qənim də kəsildim kədərə, aha.

Gülüm, sən ki mənim ürəyimdəsən,

Başqa birisini neynirəm daha.

Ey ürək, sakit ol, titrəmə, əsmə,

Daralma, sıxılma, səbrimi kəsmə.

Ah-vaydan nə fayda, hicrana döz, döz,

Vüsal gələcəkdir, əbəs tələsmə.

Gələcək sənindir, yolundan dönmə,

Qartal ol, zirvədən aşağı enmə.

Məşəl ol, zülmətin bağrını yar sən,

Şölələn, alovlan heç zaman sönmə.

Məhəbbət sahili görünməz ada,

Kimlər baş əyməmiş bu böyük ada?

Gözlərin gözümdə, qəlbin qəlbimdə,

Sən mənsən, mən isə sənəm dünyada.

Bu rübailər müasir poeziya aləmində sənətkarlıq nümunələridir. Şair öz "İsmi pünhan"ına ümid dolu gözlərlə baxır və inanır ki, gələcək onların əlindədir. Ürəyini titrəməməyə, əsməməyə çağırır. Ürəyin həsrətdən qabar-qabar olmasına bir faciə kimi baxmır. O yaxşı bilir ki, "İsmi pünhan" onunladır, onun ürəyindədir. Ona görə özünü sakitlik tapmağa çağırır. Qəlbən sevənlərin həyatının öz şəxsi həyatının bir hissəsi kimi qəbul edir və onların zirvədən aşağı enməməsini arzulayır.

İslam Qəribli özünün gördüyü və arzu etdiyi məhəbbətin ildırım parıltısının itməsini istəmir. "İsmi pünhan"ının gözlərinin gözündə, qəlbinin qəlbində olduğu qənaətinə gəlir. İslam Qəribli məhəbbət şeirlərinin çərçivəsində özünü oda çırpan pərvanə kimi qalmır. Onun "İsmi pünhan"a yazdığı şeirlər böyük bir poetik xatirə silsiləsidir. Bir şair kimi deyirəm: "İslam Qəriblidə şeirə çevrilməmiş hələ çox xatirələr qalır... Mən düşünürəm ki, bu mövzuyla bağlı oxucular donu açılacaq çox şeirlər gözləyir". Kitabın demək olar ki, böyük bir hissəsini məhəbbət şeirləri təşkil edir. Həmin şeirlərin adlarını sadalamağa dəyməz. Ona ehtiyac da yoxdur...

Yuxarıda qeyd etdiyim kimi fədakar alim, tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov yazdığı ön sözdə kitabı məhəbbət dastanı adlandırmışdır. O, belə deyirsə, bizim başqa cür deməyə haqqımız yoxdur. Qurban Bayramov ön sözün adını çox maraqlı, poetik şəkildə qoymuşdur: "Mələklər də günahsız olmur, təkcə qumrular məhəbbəti ilə safdır, yaxud dan üzünün sevgisinə bələnmiş şeirlər". Ön sözün bu adından görünür ki, İslam Qəriblinin hardasa qumrularla - sədaqətli, ülvi, təmiz, saf göyərçinlərlə qohumluğu var. Olsun Qurban müəllim, insan sivilizasiyasının belələrinə çox ehtiyacı var, həyatı yaşadan belə insanlardır. Eşq olsun belə insanlara! Yoxsa pisi yaxşıdan necə seçə bilərdik?

İslam Qəribli kitabında toplanmış şeirlərdə ictimai-siyasi hadisələrə də çox ciddi yanaşır. Onları gördüyü kimi, olduğu kimi yazır ki, bu da şair üçün öndə gedən amildir. "İran inqilabına", "Arazın qırağında düşün­cələr", "Arazın sahilində", "Köksümdə ümid...", "Bu gecə ağrılarım...", "İnsan", "Abırsıza üz göstərsən", "Xəyanətdir, xəyanət", "Əlincədən Ərkə qədər...", "Təbriz", "Nə sən əbədisən, nə mən dünyada", "Dünyanı düşünürəm", "Bu gün", "Torpağımıza göz dikən nankorlara", "Ovsarı ulağa bağlanmış dəvə", "Biz də düşünək...", "Dünya" və s. şeirlərini misal göstərmək olar.

1992-ci ilin dekabrında yazdığı "Dönübdür" şeirini olduğu kimi sizə çatdırmaq istəyirəm:

Bu nə gün, güzəran, bu nə zəmanə?

Qüssədən, qəlbimin odu sönübdür.

Aldanan, alçalan millətin ahı,

Ərşi qarsıyacaq oda dönübdür.

Millətin gözündən yetimlik yağır,

Düşür başımıza daş ağır, ağır.

Başçılar baş açmır, neyləsin fağır,

Doğmalar yad olub, yada dönübdür.

Məmləkət çırpılır belədən belə,

Qananlar dinmir ki, düşərlər dilə.

Necə dözəsiyik bu ada, selə?

Buğda çörəyimiz cada düşübdür.

Şair gördüklərini başqa necə yaza bilərdi? Onu əhatə edən, gündə neçə yol qarşısına çıxan bu kimi obyektləri necə saxtalaşdıra bilərdi? Belə anları çoxumuz görüb, lakin İslam Qəriblinin gördüyü kimi görə bilməyib, İslam Qəriblinin yazdığı kimi yaza bilməyib. Onun bu qəbildən olan şeirlərində etiraz o qədər incə, o qədər tutarlı, o qədər cəsarətli səslənir ki, deməyə başqa söz qalmır.

Onun bir vətəndaş kimi Vətənə, torpağa, insanlara, valideynlərə bağlılığı özünü beləcə göstərir. Atasının əziz xatirəsinə yazdığı "Ey ümidim..." şeirində deyir:

Ey ümidim, ey arxam, dar məqamda pənahım,

Qəmlərə ortaq oğlun yanır əzab içində.

Harayıma, hayıma sənin kimi yetən yox,

Boğur hıçqırıq məni, səsim batır içimdə.

Anamız qara torpaq alıb səni qoynuna,

Yetimlik yükü altda, ata boyun burmuşam.

Yetmiş altı gün əvvəl qol salardın boynuma,

Bu günsə baş daşına üz söykəyib durmuşam.

Yerin görünür, atam, evdə, həyətdə, bağda,

Tay-tuşların gəlməyir bizə xeyli zamandır.

Anam, of, yazıq anam... dözməz bu dərdə dağ da,

Bizə təsəlli verən bizdən indi umandır.

Tayfamızın dirəyi, günü, ayı, qibləsi,

Oğullar atasına ata demir yanımda.

Ey bu yurdun düzlüyü, Məkkəsi, Mədinəsi,

Qəlbdə yetimlik dərdi, tufan oynar canımda.

Qəm, ələmlər içində, möhnət məngənəsində,

Sıxılır odlanıram, tüstüm çıxır təpəmdən.

Ruhuna söylənilən rəhmətlər son ümidim,

Nə yaxşı bu dünyada yaxşı ad qalıb səndən.

Bu şeiri oxuduqca dünyasını dəyişmiş anam, atam yadıma düşür. Yaxşı ki, onlardan yaxşı bir ad qalıb. Bir də yolumuzu gözləyən baş daşları... İslam müəllim, nə yaxşı ki, "Ey ümidim" şeirini yazmısan. Son ümid – "Allah sənə rəhmət etsin!" kəlamının hikmətidir... Ürəyimdən nələr keçdi, başımda nələr dolandı. Axı çox insanlar özü ilə rəhmət əvəzinə nifrət yükü aparır. Allah bizi belə cəhənnəm əzabından qorusun!

Ön sözdən məlum olur ki, İslam Qəribli Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisidir, filologiya elmlər doktorudur, tanınmış hadişünasdır, neçə-neçə monoqrafiyaların müəllifidir, amma ilk dəfədir ki, şeirləri ilə çıxış edir...

Şeirlərində İslam Qəribli Cənubi Azərbaycan problemlərinə, Cənubi Azərbaycan şairlərinə biganə qalmır. Mən burdaca onun xalq şairimiz Söhrab Tahirə ithaf etdiyi "Qardaşım" şeirini səsləndirməyə bilmərəm:

Gedək Təbrizə sarı, gedək üzü günəşə,

Baş əyək Savalanda boz qayaya, sərt daşa.

Hansı gündə gərəkdir söylə qardaş qardaşa,

Yordu intizar məni, yaman yordu, qardaşım!

Mat qalmayaq dünyanın gərdişinə, oyununa,

Mənliyini dananlar minnət qoyur boynuma.

İnamını şərid et, qoy dolanım boynuna,

Şübhə əfi ilandır, ümid zordu, qardaşım!

Niyə yad oğlu yadlar bizi uzaqdan söyə,

Niyə bədbəxt azadlıq döyə, gözünü döyə.

Çəkildi yuxularım, qardaş, çəkildi göyə,

Gözlərimə yuxu tək duman doldu qardaşım.

Söhrab Tahirlə bağlı digər şeirləri də qəlbimdə dərin izlər buraxır. Kitabda ithaf şeirlərinə də geniş yer verilmişdir. Xüsusilə Cəlil müəllimə, Xeyrulla müəllimə yazılmış şeirlər qulaqlarımda zınqırov kimi səslənir. Mən sənin şeirlərinin yaratdığı əks-sədaların zənginliyinə vurğunam.

İslam müəllim, sizin bu kitabda toplanmış poeziyanızla dərindən tanış oldum. Bu şeirlər bir maqnit qüvvəsi ilə məni özünə çəkdi. Açığını deyim ki, yazdığınız şeirlər öz məzmununa, poetik ifadə tərzinə görə sizin elmi işlərdən geri qalmır. İnanıram ki, Məhəmməd Hadinin əbədi-bədii irsinin fikrin süzgəcindən keçirərək doktorluq dissertasiyası müdafiə etmiş bir alimin ilk şeirlər kitabının dəyəri, çəkisi ədəbiyyatımızda öz yerini tutacaqdır... Doğurdan da, bu şeirlər "dan üzünün sevgisinə bələnmiş şeirlər"dir... Sizə uğurlu yaradıcılıq yolu arzulayıram, İslam müəllim!..

Şahməmməd , şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızıl Qələm", "Araz Ali-Ədəbi", "Zərdabi" mükafatları laureatı.

22.08.2012.