“Biabırçıdır! Belə olanda nazir istefa ərizəsini yazmalıdır...”

“Biabırçıdır! Belə olanda nazir istefa ərizəsini yazmalıdır...”

2 Noyabr 2022 11:35
Bəyəndim (1) Bəyənmədim (0)

"Bundan əvvəl də Mədəniyyət Nazirliyində DTX tərəfindən əməliyyat aparılmışdı. Əvvəlki nazirin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs olunmuşdu. İndikilər gözü çıxan qardaşlardan öyrənməyiblər".

Oxuməni.az xəbər verir ki, bunu deputat Aqil Abbas "Unikal"a açıqlamasında deyib. Deputat bildirib ki, yeni gələn kadrlar da özlərinə arxayın olublar: "Görünür, onlar da bu əməllərlə məşğul olublar. Ona gör də nazirlikdə əməliyyat aparılıb. Gənclərə etimad göstəriblər, amma onlar etimadı doğrultmayıblar".

Milli Məclis üzvünün sözlərinə görə, dünyada belə təcrübə var ki, nazirlikdə baş verən hadisə ilə bağlı nazir istefa verir:

"Dünya təcrübəsinə görə, nazirlikdə belə bir hal yaşanarsa, o zaman nazir istefa ərizəsini yazmalıdır. Nazir müavinini çıxarmaq Anar Kərimovun səlahiyyətində deyil. Ancaq müavini ilə bağlı məsələ qaldıra bilər. Nazir fikirləşməlidir ki, niyə bu hadisələr baş verir. Nazir müavinin özünün kurasiya etdiyi sahə var. Ola bilər ki, nazirin onun qol çəkdiyi sənədlərdən xəbəri olmayıb. Hər bir halda nazir bilməlidir ki, işçiləri hansı işlə məşğuldur. Nazirə hesabat verməlidir ki, hansı işlər görülüb. Ümumilikdə, Mədəniyyət Nazirliyində belə halların olması biabırçıdır".

Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Məlumata görə, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Protokol Şöbəsinin rəisi Kamil Rzayev, Təchizat və Əmlak Şöbəsinin müdiri İlkin Nəsibov və digər vəzifəli şəxslər istintaqa cəlb olunublar.