“İctimai Şuralarla bağlı təklif əlaqədar qurumlara təqdim olunacaq”

“İctimai Şuralarla bağlı təklif əlaqədar qurumlara təqdim olunacaq”

1 Avqust 2012 15:06
Bəyəndim (0) Bəyənmədim (0)
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Yasamal bələdiyyəsində tədbir keçirib

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Yerli özünüidarədə ictimai iştirakçılıq, ictimai rəy və fikrin öyrənilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması" layihəsi çərçivəsində Yasamal rayon bələdiyyəsində ictimai müzakirə keçirib. Tədbirdə bələdiyyə üzvləri və qulluqçuları, məhəllə komitələrinin təmsilçiləri, QHT rəhbərləri və gənclər iştirak edib. Layihə rəhbəri Rəfail Becanov layihənin məqsədləri, görülən işlər və vətəndaş cəmiyyəti sektoru ilə bələdiyyələr arasındakı əlaqələrin artırılması ilə bağlı geniş məruzə edib. O, bildirib: " Layihə zamanı, ondan əvvəlki müşahidələrimiz, monitorinqlərimiz göstərib ki, bələdiyyələrdə indiyə kimi ictimai fikir və rəyin öyrənilməsi istiqamətində ictimai müzakirədən başqa, qanunvericiliyin imkan verdiyi digər formalardan istifadə olunmayıb. Nə vətəndaşların, nə də vətəndaş cəmiyyəti institutlarının fikir və rəylərinin öyrənilməsi, ideyalarının araşdırılması istiqamətində digər üsullar tətbiq edilməyib. 30 noyabr 1999-cu ildə qəbul olunan, 24 dekabr 1999-cu ildən Azərbaycan Respublikası Prezidentini 234 saylı Fərmanı ilə qüvvəyə minən "Yerli rəy sorğusu haqqında" Azərbaycan Respublikasının Qanunu demək olar ki, heç bir zaman işlək olmayıb. Yəni, bələdiyyələr bu qanuna istinad edərək, müvafiq işlərin, maraqlı layihələrin gerçəkləşməsi, və ya həmin layihənin ictimai yükünü öyrənmək üçün bu qanunun verdiyi imkan və hüquqdan istifadə etməyiblər. Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiqlənən "Bələdiyyə sifarişlərinin verilməsi qaydaları"ndan da heç bir halda istifadə olunmayıb. Halbuki, bələdiyyələr ictimai fikri öyrənmək, yeni ideyaların təşəkkül tapması üçün müəyyən sifarişlər verə bilərdi". Daha sonra Rəfail Becanov bildirib ki, bizim məqsədimiz bələdiyyələrlə Vətəndaş cəmiyyəti sektoru arasında münasibətlərin inkişafı və bələdiyyələrin fəaliyyətində açıqlıq, şəffaflıq prinsiplərinin artırılmasıdır. Buna görə də hesab edirik ki, Bələdiyyələrin yanında İctimai Şuralar yaradılmalıdır. Bununla bağlı layihənin ekspertləri tərəfindən İctimai Şuralarla bağlı bir sənəd hazırlanıb və layihənin yekunu olaraq, müvafiq orqanlara təqdim ediləcək.

Daha sonra Yasamal bələdiyyəsinin sədr müavini Əli Əkbərli çıxış edərək, Yasamal bələdiyyəsi ilə vətəndaş cəmiyyətinin iş birliyi və əlaqələri haqqında danışıb. O, bildirib ki, Yasamal bələdiyyəsi hər zaman QHT-lərlə əməkdaşlıq edir. İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi ilə əməkdaşlığımız vardır və Yasamal bələdiyyəsi mətbuata olduğu kimi, bütün QHT-lərə də açıqdır. Biz çalışırıq ki, bu əməkdaşlıq daimi olsun və vətəndaş cəmiyyəti bələdiyyələrin əsas partnyorlarından birinə çevrilsin.
Daha sonra mövzu ətrafında müzakirələr davam etdirilib. Bələdiyyə üzvü Pərviz Muradov çıxış edərək bildirib ki, bələdiyyələrin kadr problemi tamamilə həll olunduqdan sonra bir sıra problemlər ardan qalxacaq. Eləcə də, QHT-lərin bələdiyyələrin fəaliyyətində iştirakçılığının artırılması səmərəli idarəçilik mexanizminin yaranmasına stimul verən amillərdəndir. QHT Əməkdaşlıq Alyansının koordinatoru Xanoğlan Əhmədov çıxış edərək bildirib ki, bələdiyyə -QHT münasibətləri cəmiyyətin inkişafının əsaslarından biridir. Bələdiyyələrin yanında İctimai Şuraların yaradılması bu münasibətlərin inkişafında mühüm rol oynaya bilər.
Tədbirdə bələdiyyələrin yanında ictimai Şuraların yaradılması da müzakirə edilib. Çıxış edənlər bildiriblər ki, İctimai Şuraların yaradılması yaxşı ideyadır, amma bunun mexanizmləri işlənib hazırlanmalıdır. Yaxşı olar ki, İctimai Şuralarda QHT-lər, mətbuat nümayəndələri və Məhəllə Komitələrinin üzvləri təmsil olunsun. Layihənin rəhbəri Rəfail Becanov bildirib ki, biz ekspertlərlə birlikdə bununla bağlı Əsasnamə hazırlamışıq və bu əsasnamə bütün müzakirələr yekunlaşdıqdan sonra Bələdiyyələrlə İş Mərkəzinə, Prezident Administrasiyasına, bələdiyyə assosiasiyalarına, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim ediləcək. Biz bunun reallaşması üçün çalışacağıq və hesab edirik ki, həm bələdiyyələr özləri, həm də müvafiq qurumlar bunun reallaşmasında maraqlı olacaqlar.
Mövzu ilə bağlı "Aydın Səma" Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin sədri Nərgiz Günəş, yazıçı-publisist Aysel İsmayılzadə və digərləri çıxış edib.
O.M.