Azərbaycanda 31 mayın kriminal xronikası

Azərbaycanda 31 mayın kriminal xronikası

1 İyun 2012 12:53
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 32 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayət faktı qeydə alınmış, onların da 23-ü "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 13 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.

Arvadı Laləni bıçaqla qətlə yetirmiş Cəlilabad şəhər sakini İ.Əzizov könüllü olaraq polisə təslim olmuşdur

31.05.2012

Mayın 31-də Cəlilabad şəhər sakini İlham Əzizov sərxoş halda, qısqanclıq zəminində arvadı Laləni bıçaqla qətlə yetirib, özünə məxsus "VAZ-2106" markalı avtomaşının yük yerinə qoyub Cəlilabad RPŞ-yə gəlmiş və könüllü olaraq təslim olmuşdur.

Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

31.05.2012

Mayın 31-də saat 17.30 radələrində Yevlax rayonunun Xaldan qəsəbəsi ərazisində, rayon sakinləri Emil Abdullayevin idarə etdiyi "VAZ-2107" və Natiq Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 sürücü və N.Tağıyevin sərnişini 12 yaşlı Sahil Mahmudzadə hadisə yerində ölmüş, xəsarət almış digər 3 nəfər sərnişin isə xəstəxanaya yerləşdirilmişlər.

Sabunçu rayonu ərazisində İ.İbrahimov "KamAZ" markalı avtomaşını idarə edərkən 6 yaşlı E.Məmmədovu vurmuşdur

31.05.2012

Mayın 31-də saat 11.20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində, Bakı şəhər sakini İsmayıl İbrahimov "KamAZ" markalı avtomaşını idarə edərkən Pirşağı qəsəbə sakini 6 yaşlı Eltun Məmmədovu vurmuşdur. Nəticədə uşaq hadisə yerində ölmüşdür.

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi

31.05.2012

Mayın 31-də saat 19.00 radələrində Quba rayonunun Almaz Qazmalar kəndi ərazisində, rayon sakini İdris Abbasovun idarə etdiyi "VAZ-2106" və Xaçmaz rayon sakini Nemət Babayevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Abbasovun sərnişini Eldəniz Qayıbov və N.Babayevin sərnişini Tapdıq Şıxməmmədov hadisə yerində ölmüş, xəsarət almış hər 2 sürücü və digər 3 nəfər sərnişin xəstəxanaya yerləşdirilmişlər.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

31.05.2012

Mayın 31-də saat 16.30 radələrində Binəqədi rayonu ərazisində Yardımlı rayon sakini Asim Ağayevin idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Emin Məmmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Məmmədovun sərnişini Nicat Əsədov hadisə yerində ölmüş, xəsarət almış digər 3 nəfər sərnişin xəstəxanaya yerləşdirilmişlər.

Bakı şəhər sakini N.Nuriyev avtomaşını idarə edərkən yolu keçən C.Məmmədovu vurmuşdur

31.05.2012

İyunun 1-də saat 00.15 radələrində Yasamal rayonu ərazisində, Bakı şəhər sakini Namiq Nuriyev "Daewoo" markalı avtomaşını idarə edərkən yolu keçən Xırdalan şəhər sakini Ceyhun Məmmədovu vurmuşdur. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Biləsuvar rayonu ərazisində T.Hüseynov avtomaşını idarə edərkən M.Xammədlini vurmuşdur

31.05.2012

Mayın 31-də saat 11.30 radələrində Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində, Göygöl şəhər sakini Turan Hüseynov "VAZ-2107" markalı avtomaşını idarə edərkən kənd sakini Mülkün Xammədlini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Saatlı rayonu ərazisində yol-nəqliyyat hadisəsi

31.05.2012

Mayın 31-də saat 22.15 radələrində Saatlı rayonunun Mustafabəyli kəndi ərazisində, Sabirabad şəhər sakini Namiq İsgəndərov "VAZ-21074" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən rayon sakini Səlimxan Hüseynovun idarə etdiyi "T-40" markalı traktorun qoşqusuna vurmuşdur. Nəticədə N.İsgəndərov hadisə yerində ölmüşdür.

Mayın 30-da M.Əliyevə məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini E.Əliyev tutulmuşdur

31.05.2012

Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 30-da Məhəmməd Əliyevə məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Emil Əliyev tutulmuşdur.

Mayın 27-də T.Rüstəmova məxsus avtomaşını qaçırmış Bakı şəhər sakini A.Ramazanov tutulmuşdur

31.05.2012

Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 27-də Tərlan Rüstəmova məxsus "VAZ-2103" markalı avtomaşını qaçırmış Bakı şəhər sakini Amin Ramazanov tutulmuşdur.

Bakı şəhər sakini H.Əhədovun mənzilindən oğurluq etmiş R.Abdullayev tutulmuşdur

31.05.2012

Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Hilal Əhədovun mənzilindən açar seçmək yolu ilə 1150 manat pul oğurlanmış Bakı şəhər sakini Ramin Abdullayev tutulmuşdur.

Suraxanı rayon sakini Y.Mirzəyeva məxsus avtomaşını qaçırmış şəxslər tutulmuşlar

31.05.2012

Mayın 31-nə keçən gecə Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Yəhya Mirzəyeva məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də avtomaşını qaçırmış Bakı şəhər sakinləri Azər Həsənov və Emil İsmayılov tutulmuş, habelə hadisənin törədilməsində iştirak etmiş Amin Ramazanovun Nizami RPİ əməkdaşları tərəfindən tutulması da müəyyən edilmişdir.
Avtomaşın Y.Mirzəyevə qaytarılmışdır.

Qəbələ rayon sakini N.Rəhimov quldurluğa görə tutulmuşdur

31.05.2012

Mayın 27-də Şəmi Şirinovdan quldurluq yolu ilə mobil telefonunu, gödəkcəsini, 45 manat pulunu və "VAZ-2107" markalı avtomaşınını talamış Qəbələ rayon sakini Nurlan Rəhimov Kürdəmir rayonu ərazisində Abşeron RPŞ və Kürdəmir RPŞ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.

Cəlilabad rayon sakinləri Ş.Soltanov və F.Mirələmovdan narkotik vasitə götürülmüşdür

31.05.2012

Mayın 30-da Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Şahin Soltanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni Şatırlı kənd sakini Fikrət Mirələmovdan alması müəyyən edilmişdir. F.Mirələmov tutulmuş və onun evinə baxış zamanı 1,5 kiloqram həşiş aşkar edilərək götürülmüşdür.

İsmayıllı rayonu ərazisində yabanı halda bitmiş kənaf kolları yığılaraq məhv edilmişdir

31.05.2012

İsmayıllı RPŞ əməkdaşları tərəfindən rayon ərazisində yabanı halda bitmiş çəkisi 1 ton 240 kiloqram olan 1458 ədəd kənaf kolu yığılaraq məhv edilmişdir.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

31.05.2012

İyunun 1-də saat 01.00 radələrində Sumqayıt şəhəri ərazisində Elnur Aslanov "VAZ-21015" markalı avtomaşını idarə edərkən onu hasara vurmuşdur. Nəticədə E.Aslanov və sərnişinlərindən Gündüz Abuşov və Valeh Babayev hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Eldar Nemətov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Mingəçevir şəhər sakini F.Sadıqov "Yuxarı Qarabağ" kanalında çimərkən boğulmuşdur

31.05.2012

Mayın 31-də Mingəçevir şəhər sakini Fərid Sadıqov "Yuxarı Qarabağ" kanalında çimərkən boğulmuşdur.

O.M.