“Deputatın telefonuna yazılan sms-lərim saxtalaşdırılıb”

“Deputatın telefonuna yazılan sms-lərim saxtalaşdırılıb”

29 May 2012 14:48
Bəyəndim (0) Bəyənmədim (0)
İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir

Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının məhkəməsinə hazırlıq iclası keçirilib. Prosesə hakim Ramella Allahverdiyeva sədrlik edir. Məhkəmə iclasında yerli və xarici jurnalistlər, beynəlxalq insan haqları təşkilatlarının nümayəndələri və yerli hüquq müdafiəçiləri iştirak edib. Proses başlanan kimi hakim zalda əyləşənlərə xəbərdarlıq edib ki, zalda audio və videoyazı qadağandır. Vəkil Elçin Sadıqovun Əvəz Zeynallının dəmir barmaqlıqlar arasından çıxarılaraq vəkillərin yanında əyləşdirilməsi ilə bağlı vəsatəti də təmin olunmayıb.

"Mənim telefonumdan deputata saxta sms-lər göndərilib"

Əvəz Zeynallı və vəkilləri məhkəməyə daha bir neçə vəsatət təqdim ediblər. Bu vəsatətlərdən biri Əvəz Zeynallının telefonundan deputat Gülər Əhmədovanın telefonuna yazılmış SMS-lərin sübutlar siyahısından çıxarılması ilə bağlı olub. Əvəz Zeynallı deyib ki, həmin SMS-lərdən xəbəri yoxdur və onlar saxtadır.
Əvəz Zeynallı: "Məni həbs edən insanlardan biri telefonumdakı mesaj qutusundakı mesajları oxuyurdu. Mən ona bildirdim ki, mənə məxsus mesajı başqası oxuya bilməz. Ancaq o adam güldü və dedi ki, nəinki oxuya bilər, hətta istədiyi telefona mesaj da göndərə bilər, istədiyi telefondan sizin telefona mesaj da yaza bilər. İstintaq vaxtı bu məsələdə müstəntiqin saxtalaşdırmasının şahidi oldum. Çünki mən deputata göndərmədiyim mövzuda SMS-lərlə qarşılaşdım. Mənim ona, onun da mənə göndərdiyi mesajları yaxşı bilirdim. Telefonumdan məndən xəbərsiz mesajlar yazılıb, ondan da mənə yazılıb. Ancaq bildirirəm ki, bu mesajları kənar müdaxilə ilə saxta yolla telefonumdan göndəriblər və telefonuma daxil ediblər. Mən həmin mesajların sübutlar siyahısından çıxarılmasını tələb edirəm".
"Konstitusiya gizli səs yazılmasını yasaq edir"

Vəkil Elçin Sadıqov məhkəmədən tələb edib ki, mobil telefonlara kənar müdaxilə ilə SMS-lərin yerləşdirilməsi məsələsi araşdırılsın:
"Mütəxəssis dəvət olunsun. Mütəxəssis desə ki, həqiqətən də kənardan kiminsə telefonuna müdaxilə edib saxta SMS yollamaq, yaxud qəbul etmək mümkündürsə, o zaman Əvəz Zeynallının nəzərdə tutduğu SMS-lər saxta hesab olunsun, sübutlar siyahısından çıxarılsın".
Başqa bir vəsatət deputat Gülər Əhmədovanın Əvəz Zeynallı tərəfindən şantaj olunması haqda istintaq orqanına təqdim etdiyi CD ilə bağlı olub. Əvəz Zeynallı: "Konstitusiya şəxsin səsinin gizli yazılmasını yasaq edir. Deputat da səsimi gizli yazıb, o, sübut növü kimi qəbul edilə bilməz". Əvəz Zeynallı həbs olunarkən ona məxsus iki ədəd mobil telefonun ondan götürüldüyünü və geri qaytarılmadığını da bildirib: "Bu günə qədər də bilmirəm ki, mənim iki telefonum haradadır. Dekabrın 16-dək telefonlarım açıq olub".
Sonra dövlət ittihamçısı Vüsal Orucov müdafiə tərəfinin həm ötən, həm də hazırkı hazırlıq iclasında verdikləri vəsatətlərə münasibət bildirərək onların təmin olunmamasını xahiş edib. Deyib ki, bu işdə adı olan Gəncənin icra başçısı Elmar Vəliyevin məhkəmədə şahid kimi iştirakı məsələsinə isə baxıla bilər.

15-dən artıq vəsatət və 4 dəqiqəlik müşavirə

Müdafiə tərəfinin təqdim etdiyi 15-dən artıq vəsatətə münasibət bildirmək üçün müşavirə otağına yollanan hakimlər 4 dəqiqədən sonra məhkəmə zalına qayıdıblar. Hakim Ramella Allahverdiyeva vəsatətlərin təmin olunmadığını bildirib və məhkəmə iclasını mayın 31-nə təyin edib.
Elçin Sadıqov Əvəz Zeynallı barəsində olan cinayət işinə xitam verilməsi, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlər verib. Ancaq hakim həbs-qətimkan tədbirini dəyişməyib.
Hazırlıq iclasında deputat Gülər Əhmədova və onun nümayəndəsi iştirak etməyib. Vəkillər bu barədə narazılıqlarını bildirdikdə hakim deyib ki, məhkəmə baxışında qarşı tərəfin iştirakı mütləq təmin olunacaq.
Xatırladaq ki, Əvəz Zeynallı oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. İttiham aktında jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir. İttiham təsdiqlənərsə, baş redaktoru 12 ilədək həbs cəzası gözləyir.

O.M.