
Azərbaycanda 21 mayın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.
Münaqişə zəminində qohumuna bıçaqla ölümcül xəsarət yetirmiş Sumqayıt şəhər sakini Q.Fəttayev tutulmuşdur
21.05.2012
Mayın 21-də Sumqayıt şəhər sakinləri Qalib Fəttayev münaqişə zəminində qohumu Sahib İsmayılova bıçaqla xəsarət yetirmişdir. S.İsmayılov xəstəxanaya aparılarkən yolda ölmüşdür. Q.Fəttayev Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulmuşdur.
Balakən rayon sakini V.Muqumov naməlum şəxslər tərəfindən döyülməsi nəticəsində ölmüşdür
21.05.2012
Mayın 22-də Balakən şəhərində, naməlum şəxslər Gərəkli kənd sakini Vidan Muqumovu döymüşlər. Xəsarət almış V.Muqumov xəstəxanaya aparılarkən yolda ölmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Balakən RPŞ tərəfindən aparılır.
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.05.2012
Mayın 22-də saat 06.05 radələrində Bakının Nizami rayonu ərazisində şəhər sakini Əliyar Məmmədov "Opel Vectra" markalı avtomaşını idarə edərkən onu işıq dirəyinə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüşdür.
Ağsu rayonu ərazisində rayon sakini V.Lazımov traktorun qoşqusunun altına düşərək ölmüşdür
21.05.2012
Mayın 21-də saat 11.30 radələrində Ağsu rayonunun Kəndoba kəndi ərazisində, kənd sakini Vəli Lazımov, həmyerlisi Əlişah Babayevin idarə etdiyi "MTZ-82" markalı traktorun qoşqusunun altına düşmüşdür. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Ağdam rayonu ərazisində idarə etdiyi avtomaşınla piyadanı vurmuş sürücünün şəxsiyyəti müəyyən edilmişdir
21.05.2012
Mayın 20-də saat 23.00 radələrində Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla rayon sakini Vasif Allahverdiyev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü rayon sakini Şəhriyar Həsənov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Tərtər rayon sakini V.Nağıyev qadınları fahişəliyə cəlb etdiyinə və əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır
21.05.2012
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Vüqar Nağıyev gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə və Goranboy rayonunun Qızılhacılı kəndi ərazisindəki kafedə əxlaqsızlıq yuvası təşkil etdiyinə görə saxlanılmışdır.
Mayın 6-da İ.Əhmədova məxsus avtomaşından pul oğurlamış İmişli rayon sakini E.Abdullayev tutulmuşdur
21.05.2012
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 6-da İmdad Əhmədova məxsus "Hyundai" markalı avtomaşından 14.000 manat pul oğurlamış İmişli rayon sakini Elsevər Abdullayev tutulmuşdur.
Mayın 20-də K.Həsənəliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bakı şəhər sakini O.Əsədov tutulmuşdur
21.05.2012
Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Kamran Həsənəliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bakı şəhər sakini Orxan Əsədov tutulmuşdur.
Mayın 18-də S.Fətəliyevin evindən oğurluq etmiş Tərtər şəhər sakini P.Cəfərov tutulmuşdur
21.05.2012
Tərər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 18-də Samir Fətəliyevin evindən məişət əşyaları oğurlamış Tərtər şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Cəfərov tutulmuşdur.
Mayın 20-də E.Ağayevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Sumqayıt şəhər sakini R.Rüstəmov tutulmuşdur
21.05.2012
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Elvin Ağayevə qarşı zor tətbiq edərək, mobil telefonunu ondan almış Sumqayıt şəhər sakini Rahib Rüstəmov tutulmuşdur.
Sumqayıt şəhəri ərazisində özlərini YPX-nin əməkdaşları kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş iki şəxs tutulmuşdur
21.05.2012
Mayın 21-də Sumqayıt şəhəri ərazisində, şəhər sakini Vüqar Məmmədov Dövlət Yol Polisi əməkdaşının geyim formasını geyərək, tanışı mülki geyimdə olan Göygöz Nəcəfovla birgə özünə məxsus "Volksvagen-Passat" markalı avtomaşına kamera yerləşdirib, avtomaşınları saxlayaraq özlərini Yol Patrul Xidmətinin əməkdaşları kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişlər. V.Məmmədov və G.Nəcəfov Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulmuşlar.
Mayın 20-də E.Pənahovu qətlə yetirib hadisə yerindən qaçmış C.İsmayılov tutulmuşdur
21.05.2012
Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Elmir Pənahovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Cavidan İsmayılov tutulmuşdur.
İki nəfər Abşeron rayon sakini zəhərlənmə ilə xəstəxanalara gətirilmişdir
21.05.2012
Mayın 21-də Abşeron rayon sakinləri Dilarə Hüseynquliyeva və Gülnar Həsənova öz evlərindən dərmandan və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.
Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.05.2012
Mayın 21-də saat 00.45 radələrində Xəzər rayonu ərazisində Bakı şəhər sakinləri Cavid Əliyevin idarə etdiyi "VAZ-2106" və Ceyhun Musazadənin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Əliyev aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış C.Musazadə və sərnişinləri İbrahim Quliyev və Rəhimə Xəlifova qızı xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
O.M.