
Millət vəkilinin qardaşını öldürmək istədi
Sabiq millət vəkili Əkrəm Abdullayevin qardaşı, Salyan rayon İcra Hakimiyyətinin şəhər icra nümayəndəsi Əlipaşa Abdullayevi qəsdən öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Məhkəmə yolu ilə müəyyən edilib ki, ötən ilin iyun ayının 2-də "Riyad" mühafizə xidmətinin rəisi İslam Rzayev Əlipaşa Abdullayevi iş otağında bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən 6 bıçaq zərbəsi alan Ə.Abdullayev Salyan mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İslam Rzayev tutularaq istintaqa təhvil verilib.
Təqsirləndirilən şəxs qismində dindirilən İslam Rzayev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində qeyd edib ki, icarəyə götürdüyü sənaye ticarət yarmarkasında olarkən Əlipaşa Abdullayevlə mübahisə edib. Onun sözlərinə görə, Əlipaşa Abdullayev yarmarkaya gələrək bildirib ki, artıq bura sənlik deyil. Millət vəkilinin qardaşı aktla yarmarkanın Salyan rayon Kooperativ Cəmiyyətinin balansına keçiriləcəyini deyib. Cəmiyyətin sədri Elşad İsmayılov yarmarkanın rayon Kooperativ Cəmiyyətinin balansına keçiriləcəyini təsdiqləyib və bununla bağlı sənədin də olduğunu qeyd edib.
"Mənə dedi ki, belə qurum, nə də elə adamlar tanımaq istəmirəm"
"Elşad İsmayılov sənədin cəmiyyətdə olduğunu və oradan götürməyimi məsləhət bildi. Təxminən həmin gün saat 12:30 radələrində Elşadın iş yerinə getdim. Orada onu tapa bilmədim. Onunla telefonla əlaqə saxladım, öyrəndim ki, nahar fasiləsinə çıxıb. Mən də Əlipaşa Abdullayevin köməkçisi Vahidə zəng edərək Abdullayevin mənə vəd etdiyi yarmarka sənədinin harada olduğunu soruşdum. Vahid mənə dedi ki, Əlipaşa müəllim idarədə yerindədir, ondan soruş. Mən də Əlipaşa Abdullayevin iş yerinə yollandım. Onun iş otağına daxil olandan sonra yarmarkanın sənədlərini tələb etdim. Mənə sərtlə cavab verdi ki, sənin sənədlərin saxtadır.
Mən də ona bildirdim ki, sənin bu cavabın mənim təmsil etdiyim qurumun rəhbərinə çatar, yaxşı çıxmaz, "Riyad" mühafizə xidmətinin idarə rəisi Etibar Qasımova zəng vurum, onunla danış, öz fikrini bildir. Əlipaşa Abdullayev Etibar Qasımovla danışdığını, onun danışıq qabiliyyətinin olmadığını bildirdi. O, dedi ki, nə belə qurum, nə də elə adamlar tanımaq istəmir, onlar lotuluq edirlər. Lazım olsa, onlarla lotu kimi danışmağa hazıram.
"Hadisə vaxtı özümdə olmamışam"
Əlipaşa Abdullayev Etibar Qasımovun saxtakar olduğunu, mənim də onlarla birlikdə saxtakarlıqla məşğul olduğumu bildirdi. Sonra isə həm mənim, həm də işlədiyim şirkətin işçilərinin ünvanına nalayiq sözlər deyib təhqir etdi. Mən də onun təhqiramiz sözlərinə dözməyib əsəbiləşdim. Əsəbimi boğa bilməyib Qarabağ uğrunda gedən döyüşlərdə düşmənlərdən əldə edib, daim üstümdə gəzdirdiyim bıçağı çıxararaq Əlipaşa Abdullayevə bir dəfə zərbə endirdim. O, döşəməyə yıxıldı. Dizimi onun qarnının üstünə qoyub bıçaqla daha bir neçə zərbə vurdum. Əlipaşa yalvardığı üçün onu vurmayaraq ayağa qalxdım. Həmin vaxt ətrafda xatırlamadığım çoxlu sayda adamların olduğunu gördüm. Könüllü təslim olmaq üçün Salyan Rayon Polis Şöbəsinə getdim. Törətmiş olduğum cinayəti etiraf etdim. Əlipaşanı vurduğum bıçağı isə növbətçi hissəyə təhvil verdim. Hadisə vaxtı özümdə olmamışam. Həmin vaxt icra nümayəndəliyinin əməkdaşlarının məni Əlipaşa Abdullayevdən aralayaraq sonuncunu bıçaqla vurmağıma mane olduqlarını dəqiq xatırlamıram. Hazırda əməlimdən peşmanam".
"Təqsirləndirilən şəxsi 10 ildir tanıyıram"
Zərərçəkmiş şəxs qismində dindirilən Əlipaşa Abdullayev məhkəməyə verdiyi ifadəsində bıçaqlanmasının səbəblərini açıqlayıb. O, bildirib ki, 1997-ci ildən dövlət qulluğunda çalışır, 2-ci dərəcəli dövlət qulluqçusudur. 2006-cı ildən Salyan rayon İcra Hakimiyyətinin başçısının şəhər üzrə nümayəndəsidir: "Təqsirləndirilən şəxsi 10 ildir ki, tanıyıram. İslam Rzayevlə əvvəllər münasibətimiz normal olub. İslam "Riyad" mühafizə xidməti Salyan rayon şöbəsinin rəisi işləyib. Salyanda bir neçə obyektin mühafizəsi ilə məşğul olub. İslam "Azərittifaq"ın Salyan rayon Kooperativ cəmiyyətinin balansında olan Sənaye Ticarət yarmarkasını mühafizə edib".
"Heç bir narazılıq-filan olmadı"
Zərərçəkmişin sözlərinə görə, 2010-cu ilin fevral ayından yarmarkada antisanitariya yaranıb və o, şəhər üzrə nümayəndə olaraq orada səliqə-sahman yaratmaqla məşğul olub. İyunun 2-də səhər saatlarında "Azərittifaq"ın Salyan Rayon Kooperativ cəmiyyəti idarə heyətinin sədri Elşad İsmayılov ona zəng edərək, yarmarkanın onların balansına keçiriləcəyi ilə əlaqədar söhbət edəcəyini deyib: "Elşad İsmayılov nümayəndə kimi söhbətlərdə mənim də iştirak etməyimi xahiş etdi. Mən də yarmarkaya getdim. Bir neçə dəqiqədən sonra Elşad İsmayılov da gəldi. Həmin vaxt İslam da orada idi. Elşad satıcılara və İslama yarmarkanın bizim balansımıza keçiriləcəyini izah etdi. İslam bu barədə müvafiq sənəd tələb etdikdə Elşad ona sənəd hazırlanan kimi verəcəyini bildirdi. Bir qədər yarmarkada söhbət etdikdən sonra heç kim tərəfindən narazılıq və mübahisə olmadı.
"Dedi ki, sən kimsən, icarə haqqı toplamağımıza mane olursan"
Xoş təəssüratlarla oradan ayrıldıq. Həmin gün saat 14:30 radələrində xidməti otağımda qəzet oxuyarkən İslam Rzayev otağa girdi və mənimlə üzbəüz oturdu. Dedi ki, neçə vaxtı yarmarkanı müqavilə ilə mühafizə edirəm, lakin müqavilə haqqı verilmədiyindən işçilərimə maaş verə bilmirəm. Yarmarkanı icarəyə götürmüşəm, sən yarmarkanı işlətməyimə və işçilərimə pul verməyimə maneçilik törədirsən. Mən də İslama izah etdim ki, müqaviləni kiminlə bağlamışsansa, pulu da ondan almalısan. Ala bilməsən məhkəməyə müraciət edə bilərsən. İslam isə dedi ki, sən kimsən ki, Salyan şəhərində mühafizə etdiyimiz ticarət obyektinə görə icarə haqqı toplamağımıza mane olursan.
"Söyüş söyə-söyə bıçaq çıxarıb məni vurdu"
Bu zaman İslam oturduğu yerdən qəfil qalxaraq mənə tərəf yaxınlaşdı. Söyüş söyə-söyə bıçağı çıxararaq dalbadal məni vurdu. Özümü müdafiə etmək üçün sağ əlimlə bıçağın kəsici hissəsindən yapışdım. İslam bıçağı dartıb əlimdən alanda 3 barmağımı kəsib yaraladı. Sonra məni itələyərək döşəməyə yıxdı. Bıçaqla zərbələr endirməyə başladı. Özümü müdafiə etmək üçün ayaqlarımla onu itələdikdə, İslam dizimə və buduma zərbə vurdu. Əli ilə qalstukumdan yapışıb məni boğmağa başladı. Həmin vaxt səs-küyə digər otaqda olan işçilər - Svetlana Manafova, Anar Cəbrayılov, Əflatun Mustafayev və Elvin Məmmədov İslamı zorla məndən araladılar. İslam bıçaq əlində otaqdan çıxıb getdi. Mən dərhal otaqda olan xidməti telefonumla hadisə barədə Salyan rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Etibar Əmirova məlumat verdim və həkim çağırmasını istədim".
"Bıçaqlanmağımın səbəbini bilmirəm"
İslamın mənə yetirdiyi xəsarətlərdən çoxlu qan itirmişdim. Bir neçə dəqiqədən sonra həkimlər təcili tibbi yardım maşınında gələrək məni Salyan rayon Mərkəzi Xəstəxanasına apardılar. İslamla söhbət edərkən onun işlədiyi qurumun rəhbərliyinin ünvanına nalayiq sözlər deməmişəm, heç kimi təhqir etməmişəm. O, heç bir səbəb olmadan məni vurub. İslam tərəfindən bıçaqlanmağımın səbəbini bilmirəm. Təqsirləndirilən şəxsdən şikayətçiyəm. Müalicə xərci ilə bağlı vurulmuş maddi ziyanın təqsirləndirilən şəxsdən alınıb mənə ödənilməsini tələb edirəm və onun qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılmasını xahiş edirəm"
QEYD
Məhkəmə prosesi Bakı Ağır Cəza məhkəməsində hakim Həsən Əliyevin sədrliyi ilə keçirilib. Məhkəmənin hökmü ilə İslam Rzayev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İslam Rzayevin cəzasının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protesti təmin edilməyib. Bu barədə qərar martın 1-də Şirvan Apelyasiya Məhkəməsində verilib. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını 1 il azaldaraq onun barəsində 7 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Bundan əlavə məhkəmə zərərçəkmişin mülki iddiası ilə bağlı qərar da çıxarıb. Qərara görə, İslam Rzayevdən 5211 manat 13 qəpik cərimə kəsilib. Həmin məbləğin zərərçəkmişə ödənilməsi ilə bağlı qərar çıxarılıb.
Baş prokurorluq şikayət verərək İslam Rzayevin cəzasının 12 ilə qədər artırılmasını tələb etmişdi. İ.Rzayev və onun vəkili isə cəzanın sərtliyindən şikayət vermişdi. Zərərçəkmiş isə təqsirləndirilən şəxsə pul iddiası qaldırmışdı.
Son söz əvəzi:
Yarmarka alış-veriş mərkəzidir. Ona görə insan ömrü heç cür alınıb-satıla bilməz...
İnarə Rafiqqızı
O.M.