
Azərbaycanda 13 aprelin kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 25 nəfər isə yaralanmışdır.
6 yanğın hadisəsi qeydə alınmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.
Bakı şəhər sakini Telman Useynovdan 410,185 qr heroin götürülmüşdür
13.04.2012
Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Telman Useynovdan 410,185 qram heroin götürülmüşdür.
Bacısının qızı Ülviyyə Mənsumovaya bıçaqla xəsarət yetirmiş Ağcabədi rayonunda yaşayan Xaliq Kərimov könüllü olaraq təslim olmuşdur
13.04.2012
Aprelin 13-də Ağcabədi rayonunda yaşayan,
əvvəllər məhkum olunmuş Xaliq Kərimov bacısının qızı Ülviyyə Mənsumovanın
evində olarkən, qısqanclıq zəminində ona çoxsaylı bıçaq xəsarətləri
yetirmişdir. Ü.Mənsumova xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
X.Kərimov könüllü olaraq Ağcabədi RPŞ-yə gələrək təslim olmuşdur.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
29 baş camışı oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Allahverdi Əlişov tutulmuşdur
13.04.2012
DİN Baş Cinayət-Axtarış İdarəsi, Bərdə və Yevlax RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayonunun Aran qəsəbəsinin otlaq sahəsindən Rauf Abbasova məxsus 29 baş camışı oğurlamaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Allahverdi Əlişov tutulmuşdur.
Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Elnur Hüseynov tutulmuşdur
13.04.2012
Qaradağ Rayon Mühafizə Şöbəsi və 10-cu PB əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Xəqani Ələkbərova məxsus mağazadan 700 manat dəyərində elektrik avadanlıqlarını oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakini Elnur Hüseynov tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Murad Ələsgərov, Səfalı Rüstəmov və Ricat Ələsgərov tutulmuşlar
13.04.2012
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-nə keçən gecə Z.Tağıyev adına NQÇİ-nin 4 saylı emalatxanasından işlək vəziyyətdə olan 200 metr elektrik kabeli kəsərək oğurlamış Bakı şəhər sakinləri Murad Ələsgərov, Səfalı Rüstəmov və Ricat Ələsgərov tutulmuşlar.
İlahə Nuriyevaya bıçaqla, anası Gülşənə isə küt alətlə xəsarət yetirmiş Göyçay rayon Ulaşlı-Şıxlı kənd sakini Şamil Həmidov tutulmuşdur
13.04.2012
Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də İlahə Nuriyevaya bıçaqla, anası Gülşənə isə küt alətlə xəsarət yetirmiş Ulaşlı-Şıxlı kənd sakini Şamil Həmidov tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Masallı rayon Qızılağac kənd sakini Bəxtiyar Zeynalov tutulmuşdur
13.04.2012
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ariz Ağayevin həyətindən 900 metr uzunluğunda armaturu oğurlamaqda şübhəli bilinən Qızılağac kənd sakini Bəxtiyar Zeynalov tutulmuşdur.
Oğurluqda şübhəli bilinən Ağdaş rayon sakinləri Elvin Məmmədov və Nurlan Musayev saxlanılmışlar
13.04.2012
Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Mirbəkir Şıxıyevin evindən 1 ədəd ov bıçağı və 1000 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakinləri Elvin Məmmədov və Nurlan Musayev saxlanılmışlar.
Kəpəz rayonu Sədi küçəsində mənzildə yanğın baş vermişdir
13.04.2012
Aprelin 13-də saat 05.30 radələrində Kəpəz
rayonu Sədi küçəsi 1-ci döngə ev 12-də yaşayan Yetər Yusibovaya məxsus evdən,
qonşusu Firuzə Bağırovanın evinə keçən yanğın baş vermişdir.
Y.Yusibova Kəpəz RPİ-yə ərizə ilə müraciət edərək evinin Samux rayon sakini,
keçmiş kürəkəni Ramin Bəşirov tərəfindən yandırılmasını bildirmişdir.
Araşdırma aparılır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Könül Göyçayeva tutulmuşdur
13.04.2012
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də Qızıllı Seyidovaya məxsus mobil telefonu oğurlamış Bakı şəhər sakini Könül Göyçayeva tutulmuşdur.
Yevlax rayonunun Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
13.04.2012
Aprelin 13-də saat 10.55 radələrində
Yevlax rayonunun Salahlı kəndi ərazisində Bakı şəhər sakini Səbuhi Ağayevin
idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salahlı kənd sakini
Teyyub Süleymanovun idarə etdiyi "KVZ-3270" markalı avtobus
toqquşmuş, sonradan avtobus aşmışdır.
Nəticədə xəsarət almış avtobusun sürücüsü T.Süleymanov və 21 sərnişin
xəstəxanaya yerləşdirilmişlər. Onlardan 9-u xəstəxanada ilkin tibbi
yardım göstərildikdən sonra buraxılmış, digərlərin vəziyyətləri isə
qənaətbəxşdir.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Abşeron rayonu Novxanı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
13.04.2012
Aprelin 13-də saat 18.30 radələrində
Abşeron rayonu Novxanı kəndinin ərazisində Bakı şəhər sakini Bəylər Xanlarovun
idarə etdiyi "Mercedes E-240" markalı və Sumqayıt şəhər sakini Mirağa
Kazımovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə M.Kazımov hadisə yerində ölmüş, xəsarət almış B.Xanlarov isə
xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.
Bakı şəhər sakini Babək Qurbanov sement bunkerinə düşərək ölmüşdür
13.04.2012
Aprelin 13-də Sabunçu rayonu Ramana
qəsəbəsindəki sement zavodunda, orada fəhlə işləyən Bakı şəhər sakini Babək
Qurbanov sement bunkerinə düşərək ölmüşdür.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
O.M.