![Azərbaycanda internetlə bankları qarət edən mütəşəkkil dəstə zərərsizləşdirildi](/assets/images/white.jpg)
Azərbaycanda internetlə bankları qarət edən mütəşəkkil dəstə zərərsizləşdirildi
Milli Təhlükəsizlik Nazirliyi (MTN) İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıb və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.
Müəyyən edilib ki,
özgənin əmlakını gizli talamaq məqsədilə Rəhman Musayev Elçin Abdullayev, Emin
Zəkiyev, Mikayıl Dadaşlı və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaratmışdır.
Rəhman Musayevin dəstə üzvləri arasında apardığı vəzifə bölgüsünə əsasən, onun
özü və Elçin Abdullayev xarici ölkə vətəndaşlarına məxsus plastik kartlara aid
məlumatların İnternetlə qanunsuz əldə edilərək Emin Zəkiyevə, Mikayıl Dadaşlıya
və qeyrilərinə verməyi öhdəsinə götürmüşdür. Həmin məlumatlar əsasında özgənin
gizli talanmış əmlakını, yəni pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən
ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb müxtəlif çeşidli məişət
avadanlıqlarının, mobil telefon aparatlarının və digər qiymətli əşyaların
alınaraq satışının təşkilini Emin Zəkiyevlə Mikayıl Dadaşlıya tapşırmışdır.
Dəstə üzvləri Bakıdan İnternet şəbəkəsinə qoşularaq, Rusiya Federasiyasının
Moskva şəhərində qeydiyyatdan keçirilmiş İnternet saytına daxil olub, həmin səhifədən
yenə də İnternetlə ABŞ ərazisində fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə
məxsus elektron hesablar barədə məlumatlar əldə etmişlər. Dəstə üzvləri bu məlumatlardan
yararlanaraq 2011-ci ilin fevral-iyun ayları ərzində həmin hesabların sahiblərindən
gizli olaraq onların 6 min 180 manat pullarını talayıb digər elektron hesaba
köçürmüşlər. Gizli olaraq pulları oğurlanmış xarici ölkə vətəndaşlarının xidmət
banklarının tələblərinə əsasən, Rəhman Musayev və qeyrilərinin qanunsuz fəaliyyəti
nəticəsində əldə edilmiş həmin məbləğ Azərbaycan bankları tərəfindən qeyd
olunan kartların sahiblərinin hesablarına ödənilmişdir, ki, bununla da həmin
banklara külli miqdarda ziyan dəymişdir.
Rəhman Musayev,
Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyriləri İnternetlə
qanunsuz olaraq xarici ölkə vətəndaşlarının "Visa" və "Mastercard" elektron
plastik kartlarındakı məlumatlar vasitəsilə onlara məxsus bank hesablarından
yenidən 9 min 298 manat götürmüş, sonradan İnternetlə bir şirkətin hesabına
köçürmüş və qaimə-faktura əsasında həmin şirkətdən 2 ədəd "Apple İphone 4-32
gb", 4 ədəd "Black berry 9780", 6 ədəd "Black berry 9780 White", 4 ədəd "Black
berry 9800" markalı bahalı mobil telefon aparatları almış və sonradan bu
telefon aparatlarını real dəyərindən ucuz qiymətə müxtəlif şəxslərə satmışlar.
Qanunazidd fəaliyyətlərini
davam etdirən mütəşəkkil dəstə üzvləri 2011-ci ilin may ayında xarici ölkə vətəndaşlarının
elektron plastik kartlarına aid qanunsuz olaraq İnternetlə əldə etdikləri informasiyadan
istifadə etməklə, həmin kartların sahiblərinin xarici ölkələrdəki bank
hesablarından gizli surətdə yenidən 10 min 682 manat çıxarıb Bakı şəhərində fəaliyyət
göstərən digər şirkətin hesabına köçürməklə müxtəlif markalı mobil telefon
aparatları sifariş verərək götürməyə cəhd etmişlər. Lakin həmin vaxt Azərbaycanda
fəaliyyət göstərən banklar tərəfindən xarici kartlarla ödəmələrin aparılması
müvəqqəti məhdudlaşdırıldığından dəstə üzvləri iradələrindən asılı olmayaraq
qeyd olunan ödəmələri həyata keçirə və mobil telefon aparatlarını əldə edə bilməmişlər.
Buna baxmayaraq, dəstə
üzvləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının elektron plastik
kartlarındakı məlumatlar vasitəsilə həmin şəxslərə məxsus bank hesablarından
daha 15 min 900 manat çıxarmış və Bakı şəhərində fəaliyyət göstərən bir neçə
mağazanın hesabına pul köçürərək müxtəlif çeşidli qiymətli mallar əldə etmişlər.
Elçin Abdullayev 5 min 228 manat məbləğində hətta özünün toy mərasimi üçün Bakı
şəhərindəki restoranlardan birinin müxtəlif çeşidli güllərlə bəzədilməsini Emin
Zəkiyev vasitəsilə paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinə sifariş
etmişdir.
Mütəşəkkil dəstənin
üzvləri növbəti hüquqazidd əməlin törədilməsinə cəhd edərkən Milli Təhlükəsizlik
Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət
başında yaxalanmışlar.
Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter
informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci
və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin
əmlakını gizli olaraq talama), 29.177.3.1, 29.177.3.2, (mütəşəkkil dəstə tərəfindən
külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd),
194.2.1 və 194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə əldə
edilmiş külli miqdarda əmlakı alma və ya satma) maddələri ilə cinayət işi
başlanılmışdır. Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev və Mikayıl
Dadaşlı təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində
həbs qətimkan tədbiri seçilmişdir.
Mütəşəkkil dəstə tərəfindən
bu illər ərzində törədilmiş qanunazidd əməllərlə bağlı toplanmış materiallar,
eləcə də çoxlu sayda sübutlar müxtəlif hüquqi və fiziki şəxslərə vurulmuş zərərin
miqdarının yüz dəfələrlə artıq olacağını ehtimal etməyə əsas verir. Cinayətin
digər iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
O.M.