Azərbaycanda 15 martın kriminal xronikası

Azərbaycanda 15 martın kriminal xronikası

16 Mart 2012 12:04
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 59 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.

Quldurluq etməkdə şübhəli bilinən AZNS qəsəbə sakini Ayaz Səfərov saxlanılmışdır

15.03.2012

Martın 15-də Qaradağ rayonu ərazisində Qızıldaş qəsəbə sakini Rövşən Tağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınına sərnişin qismində oturmuş naməlum şəxs bıçaqla onu hədələyərək pul verməsini tələb etmiş, bundan qorxmuş R.Tağıyev düşərək qaçdığından həmin şəxs avtomaşını sürərək getmişdir. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saatdan sonra hadisəni törətmiş AZNS qəsəbə sakini Ayaz Səfərov qəsəbə ərazisində avtomaşınla birgə saxlanılmışdır.

Qax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.03.2012

Martın 15-də saat 06.00 radələrində Qax rayonu ərazisində Şamaxı şəhər sakini Ceyhun Həsənov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sərnişinlər Emilya Novruzova və Cavid Əliyev xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış sürücü isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.03.2012

Martın 15-də saat 19.45 radələrində Qaradağ rayonu ərazisində Beyləqan rayon sakini Namiq Abışov "VAZ-21015" markalı avtomaşını idarə edərkən Lerik rayon sakini Vəsilə Əliyevanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

15.03.2012

Martın 15-də saat 22.30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Ağacan Quliyev "VAZ-2104" markalı avtomaşını idarə edərkən şəhər sakini Rəhilə Kərimovanı vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

15.03.2012

Martın 16-da saat 02.40 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Zaur İsmayılov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini Səfurə Əliyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Bakı şəhər sakini Hətəmxan Çobanov saxta tələbə biletini hazırlayıb satarkən saxlanılmışdır

15.03.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Hətəmxan Çobanov Mahaçqala Maliyyə və Hüquq İnstitutunun saxta tələbə biletini hazırlayıb satarkən saxlanılmışdır.

Bakı şəhər sakini Müzəffər Cəfərovun qumarxana təşkil etməsi müəyyən edilmişdir

15.03.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki internet klublarından birində, Bakı şəhər sakini Müzəffər Cəfərovun "On-line" sistemləri ilə qumarxana təşkil etməsi müəyyən edilmişdir. Orada 9 ədəd kompüter, 34 ədəd kazino oyun maşınlarının idarəetmə qurğuları, qiymət cədvəlləri, 100 dollar və 12 manat uduş pulu aşkar olunmuşdur.

Bağır İbrahimovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vüsal Ələkbərov və Şirvan şəhər sakini Orxan Əhmədov tutulmuşlar

15.03.2012

Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Bağır İbrahimovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Bakı şəhər sakini Vüsal Ələkbərov və Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədov tutulmuşlar.

Bakı şəhər sakini Mübariz Haqverdiyevin kompüter avadanlıqları quraşdırmaqla pulla proqramlaşdırılmış kazino-qumar oyunları təşkil etməsi müəyyən edilmişdir

15.03.2012

Bakı BPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 14-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Haqverdiyevin kompüter avadanlıqları quraşdırmaqla pulla proqramlaşdırılmış kazino-qumar oyunları təşkil etməsi müəyyən edilmişdir.

Bakı şəhər sakini Etibar Hüseynov tutulmuşdur

15.03.2012

Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də Həsən Əmrullayevə məxsus 1500 dollar pulu çantasından oğurlamış Bakı şəhər sakini Etibar Hüseynov tutulmuşdur.

Soyğunçuluq etdiyinə görə tutulmuş Tural Əhmədovun digər cinayət əməli də müəyyən edilmişdir

15.03.2012

Soyğunçuluq etdiyinə görə 2011-ci il dekabrın 22-də Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən tutulmuş Tural Əhmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Həcər Vəliyevaya qarşı zor tətbiq edərək, ondan 120 manat pul və qızıl əşyalarını alması da müəyyən edilmişdir.

Gədəbəy rayonunun Novo-İvanovka kənd sakini Ayaz Həsənov könüllü olaraq odlu silah və vasitələrini təhvil vermişdir

15.03.2012

Gədəbəy rayonunun Novo-İvanovka kənd sakini Ayaz Həsənov 1 ədəd "TOZ-16", 1 ədəd "TOZ-8", 1 ədəd "Karabin" tüfənglərini, 2 ədəd qumbaranı və 129 ədəd müxtəlif çaplı patronu könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Şəmkir rayon Çinarlı qəsəbə sakini Hüseyn İsmayılovdan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür

15.03.2012

Martın 15-də Şəmkir rayonunun Seyfəli kəndi ərazisindəki "Çingiz" MMC-nin sürücüsü Türkiyə vətəndaşı Sabahattin Özdəmir RPŞ-yə müraciət edərək, mart ayının 14-də saat 17.00 radələrində Yuxarı Seyfəli kəndi ərazisində naməlum şəxsin onun idarə etdiyi "Volvo" markalı avtomaşının istiqamətində atəş açmasını bildirmişdir. Avtomaşına baxış zamanı güllənin şassi hissəsinə dəyməsi müəyyən edilmişdir. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoş halda törətmiş Çinarlı qəsəbə sakini Hüseyn İsmayılov saxlanılmış və ondan 1 ədəd "Makarov" tipli tapança götürülmüşdür.

Bakı şəhər sakini Fərəh Ağazadə 7-ci mərtəbədən yıxılaraq ölmüşdür

15.03.2012

Martın 15-də saat 10.20 radələrində Bakı şəhər sakini Fərəh Ağazadə Nəsimi rayonu ərazisindəki "Biznes" Mərkəzinin 7-ci mərtəbəsinin pəncərəsindən yıxılmışdır. Xəstəxanaya yerləşdirilmiş F.Ağazadə həmin gün saat 16.30-da orada ölmüşdür.

Dəm qazından və sirkə turşusundan zəhərlənmiş şəxslər xəstəxanalara gətirilmişlər

15.03.2012

Martın 15-də Abşeron rayonu sakini Mehman Aslanov, Sumqayıt şəhər sakinləri İlahə Əmirova və Hatəm Mütəllimli öz evlərindən dəm qazı və sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

O.M.