"Oskar Qrup" MMC-nin direktoru həbs olundu

"Oskar Qrup" MMC-nin direktoru həbs olundu

13 Mart 2012 18:36
Bəyəndim (0) Bəyənmədim (0)

Baş Prokurorluğun məlumatına görə, Bakı şəhər sakini Amid Hacıyevin "Oskar Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Bayramov Muxtar Süleyman oğlunun qanunsuz hərəkətlərinə dair Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. M.Bayramov A.Hacıyevə "Bank Standart" Kommersiya Bankının filialına müdir təyin etdirəcəyini vəd edərək aldatma yolu ilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəlcədən razılaşdıqları 50.000 manat pulun 10.000 manatını 9 mart 2012-ci il tarixdə MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında alarkən cinayət başında yaxalanıb. Onun Bakı şəhərində yaşadığı mənzilindən A.Hacıyevə məxsus diplom, əmək kitabçası, hərbi bilet və iki ədəd fotoşəkili aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. M.Bayramov barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda M.Bayramovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə müvafiq araşdırmalar aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

O.M.