18 il öncə 8 mart günü baş vermiş cinayətin üstü açıldı

18 il öncə 8 mart günü baş vermiş cinayətin üstü açıldı

9 Mart 2012 16:17
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Şəmkir sakini Rusiya vətəndaşını döyüb yandırdığına görə 15 il həbs cəzası aldı

BAKI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməkdə ittiham olunan Fərzəliyev Fəzayıl Sovdu oğlunun məhkəmə istintaqı başa çatıb. Təqsirləndirilən şəxs 1994-cü ildə törətmiş olduğu cinayətə görə 18 il sonra müttəhimlər kürsüsündə əyləşib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Fəzayıl Fərzəliyev 1993-cü ilin avqust ayının əvvəlində Şəmkirdən Tambov vilayətinin Kirsanov şəhərində yaşayan böyük qardaşı Sahir Fərzəliyevin yanına gedib. Həmin şəhərdə olan digər qardaşı Natiqlə birlikdə Sahir Fərzəliyevə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda köməklik edərək onunla bir evdə yaşayıb. 1993-cü ilin oktyabr ayının əvvəlində isə Fəzayıl və Natiq ayrıca mənzil tutaraq oraya köçüblər. Onlar Umet rayonunda xəstəxanada təmir işləri aparıblar. Təmir işlərində işləyən şəxslərə Fəzayıl Fərzəliyev rəhbərlik edib. Umet qəsəbəsində yaşayıb işləyərkən Fəzayıl ruslara özünü "Vadim" kimi təqdim edib.

7 mart 1994-cü ildə saat 13 radələrində Fəzayıl Fərzəliyevin tanışı Olqa Şyokina bayramı qeyd etmək üçün onu Umet qəsəbəsində yaşayan Oleq Piskunovun evinə qonaq çağırıb. Sonuncunun evində yeyib-içərkən Umet qəsəbə sakini Quryanov Sergey Vladimiroviç özünə məxsus VAZ-21011 markalı avtomaşınla həmin evə gəlib. Olqa Şyokina azyaşlı oğlu Maksimi Sulak kəndində yaşayan nənəsi Varvara Şyokinaya vermək üçün Sergey Quryanovdan onları həmin kəndə aparmasını xahiş edib. Sergey Quryanov onları avtomaşına mindirib Sulak kəndinə apararkən, Fəzayıl Fərzəliyev onlarla birlikdə gedib. Varvara Şyokinanın evinə gələrək orada oturub spirtli içkilər içərkən Sergeylə Fəzayıl arasında mübahisə yaranıb. Fəzayıl Sergeyi sifətindən vurub. Sonra onlar sakitləşib, hər ikisi küçəyə çıxıblar. Varvara Şyokinanın evindən 200 metr aralıda saxladıqları avtomaşına oturarkən, Sergey özünə məxsus olan avtomaşını idarə etmək üçün Fəzayıla vermədiyindən, aralarında yenidən mübahisə baş verib. Mübahisə zamanı Fəzayıl Sergeyi qəsdən öldürmək məqsədilə əlləri, ayaqları və avtomaşından götürdüyü çəkiclə bədəninin müxtəlif nahiyələrindən zərbələr endirib, nəticədə, sonuncu aldığı bədən xəsarətlərindən huşunu itirib. Sergeyin huşsuz vəziyyətdə olmasından istifadə edərək onun ciblərini axtarıb üstündə olan 65.000 rubl pulunu (o xatkı kursla təxminən 5200 manat) götürüb oğurladıqdan sonra onu avtomaşının yük yerinə qoyub və üstünə benzin töküb yandırmaqla xüsusi əzab və işgəncələr verib. Həmin vaxt Sergey avtomaşının yük yerindən çıxmağa cəhd edərkən, Fəzayıl buna imkan verməyib. Avtomaşını yandırdıqdan sonra Fəzayıl hadisə yerindən qaçıb. Huşsuz vəziyyətdə olan Sergey Umetskiy rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb, ona ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən 13 mart 1994-cü ildə xəstəxanada vəfat edib.

MÜTTƏHİM HAQDA QISA ARAYIŞ:

Fərzəliyev Fəzayıl Sovdu oğlu- 1964-cü ildə Şəmkir şəhərində anadan olub. Əvvəllər məhkum edilib. Orta təhsillidir. Evlidir. Himayəsində iki azyaşlı uşağı var. Şəmkir şəhəri Natəvan küçəsində yaşayır. AR CM-nin 120.2.4, 177.1 və 186.2.2 maddələri ilə təqsirli bilinir.

MƏHKƏMƏ PROSESİNDƏN:

"Mən heç kimi öldürməmişəm"

Təqsirləndirilən şəxs qismində dindirilən Fəzayıl Fərzəliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Tambov vilayətinin Umetskiy rayonunda yaşadığını təsdiq etsə də, zərərçəkmiş Sergey Quryanovu tanımadığını göstərib: "Mən bu adamı tanımıram. Onu öldürməmişəm. 1994-cü ilin yanvar ayından etibarən Şəmkir şəhərində yerləşən texniki peşə məktəbində müəllim işləyərək idman dərsi keçmişəm. Peşə məktəbində dörd ay idman müəllimi işləyərək işdən çıxdım. Əvvəllər tanıdığım Fuad adlı şəxsin təklifi ilə 1998-ci ildə Şəmkir şəhərində quldurluq cinayəti törətdikdən sonra Rusiya Federasiyasına qaçmışam. Axtarışda olduğum üçün uzun müddət ərzində rayonun Yeni-Həyat kənd sakini Elbrus adlı şəxsin pasportundan istifadə etmişəm. 2 fevral 2009-cu ildə Rusiyadan Sumqayıt şəhərinə gəldim. Bir ay sonra isə Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən tutularaq məhkəmə məsuliyyətinə verildim. Məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişəm".

Məhkəmə tərkibi F.Fərzəliyevin əməlini etiraf etməməsini onun özünü müdafiə xarakteri daşıması və cinayət məsuliyyətindən yayınmağa çalışması kimi qiymətləndirib.

"8 mart günü oğlumun ağır yaralı olması barədə teleqram aldım"

Zərərçəkmiş şəxsin hüquqi varisi Viktorova Raisa Timofeyevnanın məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 1960-cı il təvəllüdlü Sergey Quryanov onun oğludur: "6 mart 1994-cü ildə Tambov vilayətinin Umetskiy rayonun Umet qəsəbəsində yaşayan nəvəmin 15 mart 1994-cü ildə 8 yaşı tamam olacağı ilə əlaqədar Sergey özü ilə 65.000 rubl götürmüşdü. 8 mart 1994-cü ildə axşam vaxtı Umet qəsəbəsində yaşayan qohumlarım Sergeyin ağır vəziyyətdə xəstəxanada olması barədə mənə teleqram göndərdilər. 13 mart 1994-cü ildə saat 17:30-da isə oğlum xəstəxanada öldü. Sergey xəstəxanaya daxil olarkən, üstündə pul aşkar olunmayıb. Hadisə nəticəsində ona məxsus olan Jiquli avtomaşını tamamilə yanmışdı".

"Qardaşımı hamı "Vadim" deyə çağırırdı"

Şahid qismində dindirilən Natiq Fərzəliyevin istintaqa verdiyi ifadəsindən görünür ki, böyük qardaşı Sahir Fərzəliyev Tambov vilayətində olarkən, o və Fəzayıl onun yanına gediblər: "Sahir Tambov vilayətinin Kirsanov şəhərində kirayə ev tutmuşdu. Üç qardaş bir müddət həmin evdə yaşadıq. Sonra Fəzayılla mən Umet rayonunda xəstəxananın təmiri barədə müqavilə bağlayaraq orada işləməyə başladıq. Xəstəxananın yerləşdiyi binanın kənarında yaşamaq üçün bizə otaq verilmişdi. Xəstəxananın təmirində bizimlə birlikdə qaçqın kimi tanıdığım İlham, Ruslan və Tofiq adlı şəxslər də işləyirdilər. Briqadanın rəhbəri qardaşım Fəzayıl idi. Orada hamı Fəzayılı "Vadim" adı ilə çağırırdı. Fəzayıl özü də ruslara özünü "Vadim" adı ilə təqdim etmişdi.

"Yandırdığı oğlanın cibindən 65000 rubl pulunu götürdüyünü dedi"

Hadisədən 3-4 gün əvvəl Fəzayıl Olqa adlı qızla tanış olmuşdu. 7 mart 1994-cü ildə Olqa bizim yaşadığımız evə gəldi. Fəzayıl Olqa ilə bayramı qeyd etmək üçün onun rəfiqəsinin evinə gedəcəyini deyərək, Olqa ilə birlikdə getdi. 8 mart 1994-cü ildə saat 05:30-da Fəzayıl evə gəlib mənə dedi ki, Sulak kəndində hansısa rus millətindən olan oğlanla dalaşıb. Həmin oğlan onu balta ilə vurmaq istəyib. Lakin o özünü kənara çəkib həmin oğlanı təpiklə vurub. Daha sonra həmin oğlanı baltanın küpü ilə vurub avtomaşının yük yerinə atıb, üstünə benzin tökərək yandırıb. Amma həmin rus oğlanın ölüb-ölmədiyini dəqiq bilməyib, çünki oradan qaçmışdı. Fəzayılın deməsinə görə, hadisədən əvvəl o həmin rus oğlanla birlikdə yeyib-içib. Həmin oğlan avtomaşını sürmək üçün ona vermədiyinə görə aralarında mübahisə düşüb. Onlar dalaşarkən yanlarında bir rus qızı da olub. Fəzayıl mənə baş verənlərlə əlaqədar başqa bir yerə gedəcəyini söylədi. Qardaşımdan hansı pulun hesabına gedəcəyini soruşduqda, o, həmin yandırdığı oğlanın cibindən 65000 rubl pulunu götürdüyünü dedi.

"Rus dilində bilmədiyi üçün ifadələri təsir altında yazmışam"

Bundan sonra Fəzayıl öz əşyalarını götürüb naməlum istiqamətdə getdi, onun hara getdiyini bilməmişəm. Fəzayılın hadisə törətməsindən sonra təxminən bir ay da orada yaşayıb İjevsk şəhərinə köçmüşəm. Digər qardaşım Sahir isə bu hadisədən sonra həmin şəhərdə xeyli müddət yaşayıb".

Məlumat üçün bildirək ki, Natiq məhkəməyə verdiyi ifadəsində qardaşı Fəzailin 1994-cü ildə Tambov vilayətində olmadığını, onun heç kimi öldürmədiyini, rus dilində bilmədiyindən ilkin ifadələri təsir altında yazdığını bildirib.

"Qardaşım narkotik maddələr istifadə etdiyinə görə onu evimdən qovmuşdum"

Şahid qismində dindirilən Sahir Fərzəliyev ifadəsində 1993-cü ildə yaşamaq üçün Tambov vilayətinin Kirsanov şəhərinə gələrək orada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu göstərib: "1993-cü ilin avqust ayının əvvəlində kiçik qardaşım Fəzayıl Şəmkirdən yanıma gəldi. Fəzayıl qardaşım Natiqlə birlikdə mal satmaqda mənə köməklik edirdilər. Həmin ilin oktyabr ayının əvvəlində qardaşım Fəzayılın narkotik maddələr qəbul etdiyini bilib, onu öz evimdən qovdum. Bundan sonra Fəzayıl ilə münasibət saxlamadım. Fəzayıl və Natiq Kirsanov şəhərinin Engels küçəsindəki 21 nömrəli evdə kirayə mənzil götürüb, müxtəlif malların alverini edirdilər. Sonra onlar Umet rayonuna köçərək xəstəxanada işlədilər. 8 mart 1994-cü ildə Fəzayıl və Natiqlə işləyən Ruslan və Tofiq adlı şəxslər evimə gələrək Fəzayılın Sulak kəndində adam öldürməsi və harasa getməsi barədə məlumat verdilər. Ertəsi gün kiçik qardaşım Natiq də deyilənləri təsdiq etdi. Natiqin deməsinə görə, Fəzayıl səhər tezdən evə gəlib ona deyib ki, Sulak kəndində adam öldürüb, həmin adamın üstünə benzin tökərək yandırıb. Fəzayılın Natiqə deməsinə görə, hadisə vaxtı onun yanında hansısa qız olub. Saat 06 radələrində Fəzayıl evdən gedib, hara getdiyini deməyib. Fəzayıl fiziki cəhətdən sağlam olub, uşaqlıqdan güləş idman növü ilə məşğul olduğundan yarışlarda iştirak edib. Sonralar karate ilə məşğul olub. 1991-ci ildə Qazaxıstanın Uralsk şəhərində adam öldürməkdə şübhəli bilindiyinə görə həbs edilib. 1992-ci ilin oktyabr ayının əvvəlinə qədər istintaq altında olub".

"Ərimin cinayət törətməsini bilməmişəm"

Şahid qismində dindirilən Fəxriyyə Novruzova ifadəsində Fəzayıl Fərzəliyevin birinci dəfə onu 1993-cü ildə evlənmək məqsədilə qaçırdığını göstərib: "Həmin vaxt özüm və valideynlərim narazı olduğumuz üçün məni ata evinə qaytardılar. Bundan sonra Fəzayıl bir müddət Şəmkir rayonunu tərk edib getdi. 1997-ci ilin fevral ayında Fəzayıl ikinci dəfə məni qaçırtdıqdan sonra bizim aramızda ər-arvad münasibətləri başlandı. İki qızımız oldu. Fəzayılın Azərbaycanda quldurluq cinayəti törətməsini, eləcə də Rusiyada hər hansı cinayət etməsini bilməmişəm, amma Fəzayılın uzun müddət axtarışda olduğunu bilmişəm".

"Üstünə benzin töküb od vurdu"

Şahid qismində dindirilən Vladimirovna Olqa Şyokinanın ifadəsindən görünür ki, 5 mart 1994-cü ildə Nina İsayevanın dəvəti ilə təcili yardım stansiyasının binasında yaşayan azərbaycanlı gənclərin evinə qonaq gedərkən, orada Vadim (Fəzayıl) adlı oğlanla tanış olub: "7 mart 1994-cü ildə saat 13 radələrində bayramı qeyd etmək üçün Vadimi Oleq Piskunovun evinə dəvət etdim. Həmin vaxt oğlum Maksim də yanımda idi. Maksimi Sulak kəndində yaşayan nənəsi evinə aparmaq qərarına gəldim. Oleqin evində olarkən əvvəllər tanıdığım Sergey Quryanov evə gəldi. Sergeydən uşağı Sulak kəndinə aparmasını xahiş etdim. O da razılaşdı. Sergey gələnə qədər Vadimla birlikdə hərəmizə 100 qram araq içdik. Vadim bizimlə birlikdə Sulak kəndinə getdi. Saat 16 radələrində biz Sulak kəndində yaşayan nənəm Varvara Şyokinanın evinə gəldik. Evdə stol arxasında oturub spirtli içkilər içərkən Sergey Quryanovla Vadim arasında mübahisə baş verdi. Mübahisə zamanı onlar dalaşdılar. Aldığı xəsarətlərdən Sergey Quryanovun sifətində qan izləri vardı. Sonra onlar sakitləşərək oradan getməyə hazırlaşdılar. Nənəm Varvara məni onlarla buraxmadı. Küçədə qaranlıq düşdükdən sonra evdən küçəyə çıxarkən orada Sergey Quryanovun avtomaşınını gördüm. Avtomaşının mühərriki işlək vəziyyətdə idi, birisi sükan arxasında idi, digəri isə avtomaşını itələyirdi. Təxminən bir saatdan sonra yenidən küçəyə çıxarkən avtomaşının yanında Vadimin qarın üstündə uzanmış Sergeyi döydüyünü gördüm. Vadimi sakitləşdirməyə çalışdım. Lakin o, Sergeyi yandıracağını deyərək, avtomaşının yük yerini açıb, heç bir müqavimət göstərməyən Sergeyi yük yerinə qoyaraq plastik qabda onun üstünə benzin tökdü, sonra isə papağını götürüb üstünə benzin tökərək yandırıb, onun üstünə atdı. Nəticədə, sonuncu yanmağa başladı. Vadim oradan qaçmağı təklif etdi. Birlikdə Umet qəsəbəsinə qaçdıq. Orada Mariya İsayevanın evinə gedərək isindik. Vadim bir neçə saat qaldıqdan sonra harasa çıxıb getdi".

QEYD: Məhkəmənin hökmü ilə Fəzayıl Fərzəliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum edilib.

O.M.