Binəqədi rayon hərbi komissarının məhkəmə prosesi davam edir

Binəqədi rayon hərbi komissarının məhkəmə prosesi davam edir

9 Mart 2012 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Hərbi Məhkəməsində Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Həbib Həsənovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hüquqları izah olunub. Daha sonra isə məhkəmənin baxış iclasının vaxtı müəyyən edilib. Baxış iclası martın 19-na təyin olunub.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunda istintaqı başa çatdırılan cinayət işinin materialları bir neçə gün bundan əvvəl baxılması üçün məhkəməyə daxil olub. Təqsirləndirilən şəxslər 2011-ci ildə korrupsiya faktı ilə əlaqədar tutulublar. Onlar rüşvət almaqda təqsirli bilinir.
Xatırladaq ki, hazırda Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhərinin sabiq hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölməsinin rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun, habelə Suraxanı rayonunun sabiq hərbi komissarı Təvəkkül Ağayev, hərbi komissarlığın 2-ci bölməsinin rəisi Murad İbrahimov, komissarlığın 4-cü bölməsinin rəisi Tale İbrahimov, 2-ci bölmənin müfəttişi Mərbud Məmmədov, hərbi həkim komissiyasının sədri Aslan Əliyev və vətəndaş Boris Abbasovun məhkəməsi davam edir.

O.M.