Azərbaycanda 06 martın kriminal xronikası

Azərbaycanda 06 martın kriminal xronikası

7 Mart 2012 12:05
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən gün ərzində 56 cinayət faktı qeydə alınmışdır

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 33-ü "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 8 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

1 partlayış hadisəsi qeydə alınmışdır ki, nəticədə 2 nəfər yaralanmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 42 nəfər tutulmuşdur.

Arvadı Turanəyə odlu silahdan açdığı atəşlə xəsarət yetirmiş Ucar rayonunun Lək kənd sakini İntiqam Musayev tutulmuşdur

06.03.2012

Martın 6-da Ucar rayonunun Lək kəndi ərazisində kənd sakini İntiqam Musayev ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq arvadı Turanəyə xəsarət yetirmişdir. Turanə aldığı xəsarətdən xəstəxanada ölmüşdür. İ.Musayev Ucar RPŞ əməkdaşları tutulmuş, hadisə zamanı istifadə etdiyi "TOZ-55" markalı ov tüfəngi ondan götürülmüşdür.

Arvadı Xəyaləni bıçaqla qətlə yetirmiş Yevlax rayonunun Havarlı kənd sakini Xəyyam Məhərrəmov könüllü olaraq təslim olmuşdur

06.03.2012

Martın 6-da Yevlax rayonunun Havarlı kəndində kənd sakini Xəyyam Məhərrəmov ailə münaqişəsi zəminində arvadı Xəyaləni bıçaqla qətlə yetirmişdir. X.Məmmədov könüllü olaraq Yevlax RPŞ-yə gəlmişdir.

Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.03.2012

Martın 6-da saat 08.00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Mahir Nəbiyev "Mitsubishi-Pajero" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü və sərnişinləri Nadir Əliyev, Mayram Ananova və Azər Şirinov hadisə yerində ölmüşlər.

Xaçmaz rayonunun Seyidli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

06.03.2012

Martın 6-da saat 19.00 radələrində Xaçmaz rayonunun Seyidli kəndi ərazisində rayon sakini Murad Bünyatov "Hyundai-Sonata" markalı avtomaşını idarə edərkən onu dirəyə vurmuşdur. Nəticədə xəsarət almış sürücü və sərnişini Elçin Ağadadaşov xəstəxanaya yerləşdirilmişlər. E.Ağadadaşov orada ölmüş, M.Bünyatovun vəziyyəti isə orta-ağırdır.

Qusar rayonunun Samur qəsəbəsi ərazisindəki kafedə məişətdə istifadə edilən qaz balonundan təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

06.03.2012

Martın 6-da saat 17.00 radələrində Qusar rayonunun Samur qəsəbəsi ərazisindəki "Gəncə" kafesində məişətdə istifadə edilən qaz balonundan təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə kafenin yanar konstruksiyalar yanmış, qapı və pəncərə çərçivələri dağılmış, orada işləyənlər İlyas Zeynalov və Reyhan Ağarəhimova isə yanıq xəsarətləri almışlar. Onlar xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Sabirabad rayon sakini Bəhlul Əkbərov oğurluq edərkən saxlanılmışdır

06.03.2012

Martın 6-da Lökbatan qəsəbəsinin ərazisindəki "Meyvəli" Ticarət Mərkəzində, Xaçmaz rayon sakini Rəşad Quliyevə məxsus ümumi dəyəri təxminən 21000 manat olan qoz-fındıq məhsulunu, Cəlilabad rayon sakini Nicat Həsənova məxsus "Mercedes" markalı avtomaşına yükləyib oğurlayarkən Sabirabad rayon sakini Bəhlul Əkbərov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişlər.

23-cü PB, 29-cu PB və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları birgə əməliyyat keçirmişlər

06.03.2012

Nizami (Bakı) RPİ 23-cü PB, Yasamal RPİ 29-cu PB və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəza çəkən Rasim Ramazanovun görüşünə gəlmiş qardaşları CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Osman və Sahib, habelə onlarla birgə olan Seyfulla Qafarov, Qulu Əhmədov saxlanılmışlar. O.Ramazanovdan 0,501 qram heroin, 1 ədəd bıçaq, qıfıl açmaq üçün xüsusi vasitələr, Sahibdən 0,650 qram heroin, 1 ədəd bıçaq, S.Qafarovdan 0,462 qram, Q.Əhmədovdan isə 0,403 qram heroin götürülmüşdür. Sonradan Sahibə məxsus "VAZ-21015" markalı avtomaşına baxış zamanı 1,392 heroin, 2 ədəd bıçaq, 1 ədəd pnevmatik tapança və qıfıl açmaq üçün xüsusi vasitələr aşkar edilərək götürülmüşdür. Araşdırmalar zamanı onların narkotik vasitəni Zərdabi küçəsində yaşayan Ülvi İsmayılovdan almaları da müəyyən edilmişdir. Ü.İsmayılovun evinə baxış zamanı 20,2 qram heroin götürülmüşdür.

Bakı şəhər sakini Nizami Əlizadədən 330 qr heroin götürülmüşdür

06.03.2012

Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami Əlizadədən 330 qram heroin götürülmüşdür.

Sumqayıt şəhəri və Qobu qəsəbəsi ərazisindən silah-sursat tapılmışdır

06.03.2012

Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisində 2 ədəd mərmi, 1 ədəd qumbara, 2 ədəd ov tüfəngləri, 45 ədəd müxtəlif çaplı patron, 1 ədəd alışdırıcı, 1 ədəd patron darağı və 1 ədəd patron kəməri (patrondaş) tapılmışdır.
Abşeron RPŞ əməkdaşları tərəfindən Qobu qəsəbəsi ərazisində 1 ədəd "AK" avtomat silahı, 1 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, 2 ədəd mina, 1 ədəd qumbara, 1 ədəd süngü-bıçaq, 165 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı tapılmışdır.

Bərdə rayonunun Kətəlparaq kənd sakini Qadir Səfərov silahları təhvil vermişdir

06.03.2012

Bərdə rayonunun Kətəlparaq kənd sakini Qadir Səfərov 1 ədəd "PTK" markalı pulemyot silahını və 1 ədəd "TT" markalı tapançanı könüllü olaraq RPŞ-yə təhvil vermişdir.

Əfsər Abdurahmanovu küt alətlə qətlə yetirmiş qrupun üzvü Mingəçevir şəhər sakini Orxan Rüstəmov tutulmuşdur

06.03.2012

Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Əfsər Abdurahmanovu küt alətlə qətlə yetirmiş qrupun digər üzvü şəhər sakini Orxan Rüstəmov tutulmuşdur.

Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi

06.03.2012

Martın 6-da saat 13.30 radələrində Xətai rayonu ərazisində Ehtiram Sadıqovun idarə etdiyi "BMW" və Taliyə Musayevanın idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuş, sonradan T.Musayeva idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Bakı şəhər sakini Zeynəb Aslanovanı vurmuşdur. Nəticədə, xəsarət almış "Nissan"nın sürücüsü və piyada xəstəxanaya yerləşdirilmişlər. Piyada orada ölmüş, sürücünün vəziyyəti isə qənaətbəxşdir.

Gədəbəy rayon sakini Əfqan Qurbanov ehtiyatsızlığı üzündən daşkəsən kombaynın altına düşərək ölmüşdür

06.03.2012

Martın 6-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanasında orada işləyən Gədəbəy rayon sakini Əfqan Qurbanov ehtiyatsızlığı üzündən daşkəsən kombaynın altına düşərək ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

06.03.2012

Martın 6-da Sumqayıt şəhər sakinləri Tahir Abdullayev, Gülər Adilova, Rəqsanə Abdulrəhmanova, Pərvanə Ağayeva, Səfər Qədirov, Abşeron rayon sakinləri Aydın Quliyeva və Səyyarə Sadıqova öz evlərindən dəm qazından və dərmandan zəhərlənmə ilə xəstəxanalara gətirilmişlər.

Dəm qazından zəhərlənmiş Abşeron rayon sakini Samirə Mahmudzadə və Balakən rayon sakini Xalid Qarayev ölmüşlər

06.03.2012

Martın 6-da Abşeron rayon sakini Samirə Mahmudzadə və Balakən rayon sakini Xalid Qarayev öz evlərində dəm qazından zəhərlənərək ölmüşlər.

O.M.