İstintaq materialından: Ağıl susanda silahlar danışır

İstintaq materialından: Ağıl susanda silahlar danışır

3 Mart 2012 22:54
Bəyəndim (0) Bəyənmədim (0)
Oğuzdakı N saylı hərbi hissənin əsgərləri arasında mübahisə ölümlə nəticələndi

"Əşrəf məni olmazın söyüşlərlə təhqir edirdi. Artıq söyüşlərə dözə bilməyib Əşrəfi öldürmək qərarına gəldim. Avtomatı döyüş vəziyyətinə gətirərək Əşrəfə avtomatik rejimdə atəş açdım. Ardıcıl güllələr onun kürəyinə dəydi"

Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə

Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Oğuzdakı N saylı hərbi hissənin əsgəri Nazim Abbasovun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs hərbi xidmətdə olarkən silahdaşı Əşrəf Əşrəfovu tabeliyində olan avtomat silahdan ardıcıl atəşlər açmaqla qətlə yetirməkdə ittiham olunurdu. İstintaq yolu ilə müəyyən edilib ki, Nazim Abbasov Oğuz rayonu ərazisində yerləşən N saylı hərbi hissənin zastavasında qumbaraatan kimi xidmət edərkən may ayının 22-də saat 10:15 radələrində 6-cı sərhəd zastavasının mühafizə etdiyi sahələrdən birində əsgər yoldaşı Əşrəf Əşrəfovu qətlə yetirib. Əsgərlər arasındakı qanlı insidentə səbəb hadisədən bir qədər əvvəl baş verən mübahisə olub.

Təqsirləndirilən şəxs qismində dindirilən Nazim Abbasov məhkəməyə verdiyi ifadəsində göstərib ki, hələ hərbi hissəyə gəldiyi ilk günlərdən əsgər Əşrəf Əşrəfovla arası olmayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, sonuncunun əsgərlər arasında özünü yekəxana aparması onun xoşuna gəlməyib: "Ötən il oktyabrın 15-də Sumqayıt şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışam. Əvvəl Şəkidə xidmət etmişəm, bir neçə ay sonra isə xidmətimi Oğuzdakı N saylı hərbi hissədə davam etdirmişəm. Əşrəf Əşrəfov da həmin hərbi hissədə qulluq edirdi. Onu özündənrazı, yekəxana bir əsgər kimi tanıyırdım. Özünü hamıdan üstün tuturdu, zastavaya təzə gələn əsgərlərlə xahişlə yox, təkidlə, kinayə ilə, kobud danışırdı. Onun belə hərəkətləri xoşuma gəlmirdi, buna görə də bir neçə dəfə iradlarımı bildirmişdim. Bu iradlarım isə onun acığına gəlirdi və münasibətlərimiz pisləşməyə başlamışdı. Aramızda bir neçə dəfə mübahisə olmuşdu. Bu il mayın 22-də onunla ilk toqquşmam oldu. Səhər saatlarında əsgər yoldaşım Yusif Əliyevlə zastavanın xidməti sahəsinə gələrək Əşrəf Əşrəfovdan və digər əsgər Nicat İsmayılovdan xidməti təhvil aldıq. Təhvil-təslim vaxtı Yusif Əşrəfdən siqaret istədi, Əşrəfsə siqareti olmadığını bildirdi və Yusifdən "bir gün əvvəl yastığımın altından siqaretim itib, sən götürməmisən?" deyə soruşdu. Mən də söhbətə qoşuldum və bir gün əvvəl Əşrəfdən siqaret istədiyimi, ancaq Əşrəfin mənə siqaret vermədiyini bildirdim və onu xəsislikdə qınadım. Əşrəflə mənim aramda mübahisə yarandı, Nicatla Yaşar bizi sakitləşdirdilər. Əşrəf əlini sifətimə toxunduraraq "ağıllı ol" dedi, sonra isə mənə söyüş söydü. Mən də onu söyərək əlini kənara itələdim, bir-birimizin yaxasından yapışdıq. Nicatla Yaşar yenə də araya girdilər və bizi ayırdılar. Həmin gün axşam saat 7 radələrində zastava rəisi tərəfindən keçirilən döyüş bölümündə zastava gözətçisi təyin olunmuşdum. Saat 8 radələrində zastavanın şəxsi heyəti ilə yeməkxanaya axşam yeməyinə gəldim. Həmin vaxt aşpaz Qismət Əliyev və Əşrəf yeməkxanada yemək paylayırdılar. Mən masa arxasında oturaraq əsgərlərlə bir qədər söhbət etdim, təqribən 3-4 dəqiqədən sonra uca səslə Qismət Əliyevdən "mənim yeməyim nooldu" soruşdum. Əşrəf isə "niyə qışqırırsan, bayaqdan Qismət Əliyev soruşur ki, kimə yemək çatmadı" dedi. Mən Əşrəfə "sənlik deyil, mən Qismətləyəm" deyə bildirdim. O məni söydü, mən də onun söyüşlərini cavabsız qoymadım. Əşrəf masaya yaxınlaşıb: "Nə deyirsən, gəl çıx çölə", - deyə qışqırdı. Mən çölə çıxmaq üçün ayağa qalxdım. Ancaq əsgərlər qarşımı kəsərək yeməkxanadan çıxmağıma mane oldular. Mən yeməyimi yeyib yeməkxanadan çıxdım. Yataqxanaya tərəf getmək istəyərkən Əşrəf arxamca "orada dayan, gəlirəm" qışqırdı. Biz yeməkxananın arxa tərəfinə keçdik. Əşrəf yaxamdan yapışıb "yeməkxanada mənim üstümə niyə bozarırdın, indi vurum səni, murdar eləyim?" deyəndə mən onun sol əlini tutaraq "vuran oğlan vurur, demir" dedim. Əşrəf sifətimə yumruq atdı, ancaq mən cəld tərpənib kənara keçildiyimdən yumruq mənə dəymədi. Əşrəfin arxa tərəfinə keçərək qolumu boğazına doladım və sıxdım, sonra "bir də mənə ilişmə" deyib onun boynunu qolumun arasından buraxdım və ondan aralandım. Əşrəf dalımca gələrək sifətimə 3-4 yumruq ilişdirdi, mən də onu vurmaq istəyəndə ayağım oduna ilişdi və mən yıxıldım. Mən yıxılarkən ayağım Əşrəfin ayağına dəydi, o da dizi üstə yerə yıxıldı. Əşrəf ayağa qalxaraq yenə yaxamdan yapışdı, var-yox söyüşü söydü, biz əlbəyaxa olduq. Kənardan iki əsgər Əşrəfə yaxınlaşaraq onu qucaqlayıb məndən araladılar. Əşrəf onların əlindən çıxıb yenə mənə tərəf gəlmək istəyəndə yerdən odun parçası götürdüm, əsgərlər yenə araya girdilər. Həmin axşam saat 21:45-də mən və əsgər Rauf Ağayev sərhəd naryadına çıxmaq üçün hazırlaşaraq silahlandıq, zastava rəisi Amid Abbasov tərəfindən təlimatlandırılıb sərhəd naryadına çıxmaq haqda əmr aldıqdan sonra saat 22:00 radələrində xidmətə başladıq. Rauf Ağayev zastavanın giriş qapısının yanına getdi, mən isə binanın qabağında hərəkət etməyə başladım. Təqribən 30-40 dəqiqədən sonra Rauf Ağayevlə yerimi dəyişdim və zastava qapısı tərəfdə hərəkət etməyə başladım. Təqribən saat 23:00 radələrində gördüm ki, Əşrəf "kurilkaya" tərəf gedir. Aramızdakı mübahisəyə son qoymaq üçün ona yavaş tonda dedim ki, şəxsi heyət yatdıqdan sonra zastavanın giriş qapısına gəlsin. Rauf Ağayevdən isə xahiş etdim ki, Əşrəf gələndə bizi bir neçə dəqiqəliyə tək buraxsın və söhbətimiz qurtarana qədər kənarda gözləsin. Rauf Ağayev isə mübahisə etməməyimizi tapşırdı. Az sonra Əşrəf gəldi, Raufdan bizi tək qoymasını xahiş edəndə Əşrəf "mənim Raufdan gizlədiləsi heç bir sözüm, hərəkətim yoxdur, o bizim yanımızda qala da bilər" dedi. Bu zaman mən "sənin bayaq yeməkxanadakı hərəkətinin heç yeri yox idi, söyüşlərinə görə məndən üzr istə" dedim. O isə gülərək "məni elə buna görə bura çağırmısan, üzr istəməyimi heç ağlına da gətirmə" dedi. Sonra əli ilə sifətimə yavaş toxunaraq 3-4 dəfə "ağıllı ol" dedi. Rauf onun qolundan yapışaraq kənara çəkmək istədi. Əşrəf isə onun əlindən çıxaraq mənə tərəf gəldi, "buşlatımın" yaxasından yapışaraq silkələyə-silkələyə məni söyməyə başladı. Mən onun əlindən vuraraq dedim ki, əlsiz danış, lazım olsa, mən də səninlə əllə danışaram. Əşrəf məni olmazın söyüşlərlə təhqir edirdi. Artıq söyüşlərə dözə bilməyib Əşrəfi öldürmək qərarına gəldim. Avtomatı atəşə hazır vəziyyətə gətirəndə Rauf Əşrəfin qolundan yapışıb kənara çəkdi. Əşrəfin mənə "sənin mənə güllə atmağa ... çatmaz" deməsi məni lap özümdən çıxartdı. Dedim ki, çatmaz deyirsən? İndi sübut eləyərəm ki, çatar, hələ o tərəfə də keçər. Silahın qoruyucusunu avtomatik rejimə qoyub darağı avtomata birləşdirdim, "zatvoru" çəkib avtomatı döyüş vəziyyətinə gətirərək Əşrəfə avtomatik rejimdə atəş açdım. Ardıcıl güllələr Ərşrəfin kürəyinə dəydi. Raufun mənə tərəf gəldiyini görüb atəşi dayandırdım. Rauf avtomat olan əlimi yan istiqamətə çevirsə də, mən Raufun əlindən çıxaraq avtomatı yenə Əşrəfə tərəf tuşladım və bir dəfə də atəş açdım. Ancaq Rauf ani olaraq avtomatın lüləsini yuxarı qaldırdığından atəş havaya getdi. Sonra yerdə hərəkətsiz vəziyyətdə yıxılıb qalmış Əşrəfə yaxınlaşıb avtomatı onun böyrünə tulladım, Raufa "dəymə mənə" deyə qışqıraraq qaçıb oradan uzaqlaşdım. Zastavanın qapısından çıxandan sonra daraq çantasını tulladım. Sumqayıt şəhərinə evimizə gəldim, axırıncı dəfə anamla və bacımla görüşüb oradan təslim olmaq üçün hərbi hissəyə qayıtmaq istədim. Oğuz rayonunun Sincan kəndinin çıxacağında hərbi hissəmizin zabiti Rövşən Məmmədovla qarşılaşdım. O, məni tutaraq hərbi polisə təhvil verdi".

Qeyd

Məhkəmənin hökmü ilə Nazim Abbasov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi

Halbuki düşmən çox da uzaqda deyildi...

İnarə Rafiqqızı

O.M.