Nazirlər Kabinetinin həbsdə olan sabiq referenti infarkt keçirdi

Nazirlər Kabinetinin həbsdə olan sabiq referenti infarkt keçirdi

1 Mart 2012 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Ağır Cinayətlər Məhkəməsində Nazirlər Kabinetinin sabiq referenti Çingiz Quliyevin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə elan olunub ki, Ç.Quliyevin qohumları məhkəməyə zəng edərək, onun infarkt keçirdiyini və məhkəməyə gələ bilməyəcəyini deyiblər. Bunun üçün də onun məhkəməyə gəlməməsinin səbəblərinin araşdırılması üçün qərar qəbul olunub. Belə ki, hakim Əfqan Hacıyev bildirib ki, 2011-ci il martın 5-də Ç.Quliyevin polisin nəzarətinə verilməsi barədə qərar qəbul olunub. Həmin qərar isə icra olunmaq üçün Nizami Rayon Polis İdarəsinə həvalə edilib. Ona görə də Ç.Quliyevin məhkəməyə gəlməməsinin səbəbinin dəqiq araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə müraciət olunması barədə qərar qəbul olunub. Qərara əsasən, Ç.Quliyevin məhkəməyə üzrsüz səbəbdən gəlməməsi sübuta yetirlərsə o, polis əməkdaşları tərəfindən növbəti prosesə məcburi şəkildə gətiriləcək.
Məhkəmənin növbəti iclası isə martın 9-na təyin olunub.
Xatırladaq ki, ittihama görə, Çingiz Quliyev vətəndaşların etibarından sui-istifadə edib, onlara maddi ziyan vurub. O, bir çox vətəndaşa hüquqi yardım göstərmək adı ilə dələduzluq əməli törədib. Belə ki, Ç. Quliyev həbsdə olan şəxsin azadlığa buraxılması üçün pul alsa da, vədinə əməl etməyib. Zərərçəkmişin şikayətindən sonra isə o, saxlanılıb. Onun barəsində başqa yerə getməmək və yaşayış yerini dəyişməmək barədə qərar qəbul olunub. Həmin qərarın icrası isə Nizami rayon Polis İdarəsinə həvalə edilib. Ç.Quliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 311-ci (rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.

O.M.