
Azərbaycanda 22 fevralın kriminal xronikası
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 63 cinayət faktı qeydə alınmış, onların da 37-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır.
7 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.
Avtomaşın qaçırmış Lənkəran rayon Ərçivan kənd sakini Ramil Rzayev saxlanılmışdır
22.02.2012
Fevralın 22-də saat 22.00 radələrində Astara rayonunun Astara Gömrük məntəqəsinin qarşısındakı avtodayanacaqdan Artupa kənd sakini Anar İsmayılova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Lənkəran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Ərçivan kənd sakini Ramil Rzayev Pensər kəndi ərazisində avtomaşınla birgə saxlanılmışdır.
Ağcabədi rayonunun Şənlik kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.02.2012
Fevralın 22-də saat 16.00 radələrində Ağcabədi rayonunun Şənlik kəndi ərazisində Taxtakörpü qəsəbə sakini Mübariz Əhmədov "VAZ-21099" markalı avtomaşını idarə edərkən onu su kanalına aşırmışdır. Nəticədə sərnişin Elməddin Əkbərov hadisə yerində ölmüşdür.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22.02.2012
Fevralın 22-də saat 08.50 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Bəsdi Quliyeva vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Astara rayonunun Motlayataq kəndi ərazisindəki meşə zolağında Fuad Zülqədərzadənin meyiti tapılmışdır
22.02.2012
Fevralın 22-də saat 06.35 radələrində Astara rayonunun Motlayataq kəndi ərazisindəki meşə zolağında, kənd sakini Fuad Zülqədərzadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılmışdır.
Xəzər rayonunun Pirallahı qəsəbəsinin 3 sakini motorlu qayıqla dənizə çıxmış və geri qayıtmamışlar
22.02.2012
Fevralın 21-də Xəzər rayonunun Pirallahı qəsəbəsi ərazisindən qəsəbə sakinləri Məhərrəm Nəsirov, Viktor Turin və Aleksandr Rıbaçok motorlu qayıqla dənizə çıxmış və geri qayıtmamışlar. Axtarışı Nəqliyyatda Baş Polis İdarəsi aparır.
Avtomaşından oğurluq etmiş Cəlilabad rayon sakini Bəxtiyar Heydərov tutulmuşdur
22.02.2012
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-də Lökbatan qəsəbə sakini Vüqar Quliyevə məxsus "VAZ-2107" markalı avtomaşından açıq qalmış qapıdan girmək yolu ilə maqnitofonu, yaddaş kartı və şəxsi sənədlər oğurlanmış Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Heydərov tutulmuşdur.
Bakı şəhər sakini Elçin Qəmbərovun "Bermuda" çay evində qumar oyunları təşkil etməsi müəyyən edilmişdir
22.02.2012
Bakı BPİ_nin İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 20-də "Bermuda" çay evində Bakı şəhər sakini Elçin Qəmbərovun qumar oyunları təşkil etməsi müəyyən edilmişdir.
Avtomaşınlardan oğurluq etmiş dəstə saxlanılmışdır
22.02.2012
Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Kamran Tahirbəyliyə məxsus "Hyundai" markalı avtomaşından təkərlərini sökərək oğurlamış Bakı şəhər sakinləri Taleh Şirinov, Məlik Məlikov, Əli Məmmədov və Vasif İsmayılov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların yanvarın 25-də Elnarə Məmmədovaya məxsus Turizm Şirkətindən 3 ədəd noutbuk, 1 ədəd televizor, 1 ədəd tozsoran, şirkətin kamera görüntülərinin yaddaş qurğusu və içərisində sənədlər olan seyfi oğurlamaları da müəyyən edilmişdir.
Avtomaşından oğurluq etmiş Bakı şəhər sakinləri Elməddin Mədətov və Elnur Məmmədov tutulmuşlar
22.02.2012
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Nuran Kərimova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluq etmiş Bakı şəhər sakinləri Elməddin Mədətov və Elnur Məmmədov tutulmuşlar.
Oğurluq etmiş Ağcabədi rayon sakini Fazani Kərimov tutulmuşdur
22.02.2012
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Kərəm Kərimovun evindən oğurluq etmiş Ağcabədi rayon sakini Fazani Kərimov tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Göygöl şəhər sakini Adil İbrahimli tutulmuşdur
22.02.2012
Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Elnur Tarıverdiyevə, Abdulla Cahangirova və Elçin Həsrətova məxsus ticarət köşklərindən oğurluq etmiş Göygöl şəhər sakini, əvvəllər məhkum olunmuş Adil İbrahimli tutulmuşdur.
Biləcəri qəsəbəsində yaşayan Nurlan Qasımov bədbəxt hadisə nəticəsində ölmüşdür
22.02.2012
Fevralın 22-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yeni tikilmiş evdə yaşayan Nurlan Qasımov həyətində köhnə tikilini sökərkən üstünə beton düşmüş və aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
22.02.2012
Fevralın 22-də Suraxanı rayon sakini İradə Cəfərova, Sumqayıt şəhər sakini Azər Temirov, Rəşad Mikayılov, Əminə Qadadova, Abşeron rayon sakini Tofiq Tomarin, Günel Orucova və Cəlilabad rayon Gülər Həsənova öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər
22.02.2012
Fevralın 22-də Sumqayıt şəhər sakinləri Feyruz Cəfərov və onun oğlu Emil, Ruhəngiz Abdullayeva, İlqar Hüseynli, Tamella Vəliyeva və Aynur Nağıyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.
O.M.