
MTN və DİN tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir qrup paytaxt sakini həbs olundu
Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayı Natiq Kərimov APA-ya bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı kəndlərinin, xüsusilə də Nardaranın bir qrup sakini həbs olunub. Onlar ölkədə silahlı birləşmə yaratma, qanunsuz silah saxlama, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.
N.Kərimov deyib ki, onlara indiyə qədər saxlanılan 20 nəfərin adı məlumdur: "Bu
şəxslərin çoxu bizim qohumumuz və yaxın adamımızdır".
N.Kərimovun bildirdiyinə görə, saxlanılanlar arasında qardaşı Niyazi Kərimov,
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Mehdi Məmmədov, dini məqalələrlə
çıxış edən Əbülfəz Bünyadov, "Fars" xəbər agentliyinin və İranın "Səhər"
telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlı, "Səhər"
telekanalının sürücüsü Ramil Dadaşov, Azərbaycanda terror hazırlamaqda ittiham
edilən və axtarışda olan Balaqardaş Dadaşovun bacısı oğlu Əli Məmmədov da var.
N.Kərimov bu şəxslərə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini
bildirib.
Hadisə ilə bağlı Azərbaycan rəsmi qurumlarının hələlik açıqlaması olmayıb.
Qeyd edək ki, bu gün "Fars" xəbər agentliyinin və İranın "Səhər" telekanalının
Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlının vəkili Anar Qasımov
onunla görüşüb. Anar Qasımovun verdiyi
məlumata görə, A.Bayramlı barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri
seçilib. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır: "Özünü ona qarşı
sürülən ittiham üzrə təqsirli bilmir".
Xatırladaq ki, A.Bayramlı Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Bölməsinin əməkdaşları
tərəfindən saxlanılıb. Məlumata görə, saxlanılarkən onun üzərindən narkotik
vasitə götürülüb.
O.M.