
Ötən Ali Məhkəməyə daha çox Vergilər Nazirliyinin qərarlarından şikayət edilib
2011-ci ildə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına daxil olan şikayətlər arasında Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qəbul etdiyi qərarlarla bağlı işlər üstünlük təşkil edir. Bu barədə məhkəmənin bu gün keçirilən plenum iclasında çıxış edən Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev bildirib. O, Vergilər Nazirliyinin cavabdeh kimi iştirak etdiyi işlərin sayının 260-a çatdığını deyib. H.Mirzəyev bu rəqəmin çox olduğunu bildirib. Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov isə 2011-ci il ərzində kollegiyaya 1071 işin daxil olduğunu qeyd edib. Ş.Yusifov qəbul olunan qərarlarda daim Avropa İnsan Haqları Konvensiyasına, Azərbaycan Konstitusiyasının insan hüquq və azadlıqları ilə bağlı maddələrinə istinad olunduğunu bildirib.
O.M.