
Sumqayıt Hərbi Komissarlığının sabiq rəhbərlərinin məhkəməsi başladı
Bu gün Bakı Hərbi Məhkəməsində Sumqayıt şəhərinin sabiq hərbi komissarı Samir Məmmədov, hərbi komissarlığın II bölmə rəisi Fəxrəddin Əliyev, komissarlığın hərbi həkim komissiyasının sədri Mirnazir Muxtarov, IV bölmə rəisinin köməkçisi Azər Xaliqovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə
Samir Məmmədovun vəkili Azər Quliyev məhkəmə prosesinin cinayət işinin
materiallarında müəyyən statistik rəqəmlər olduğunu nəzərə alaraq, qapalı keçirilməsi,
onun barəsində cinayət təqibinə xitam verilməsi və bu vəsatət təmin olunmadığı
təqdirdə barəsindəki həbs-qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması
barədə vəsatətlər verib.
Dövlət ittihamçısı Azər Qasımov isə əsassız olduğu üçün həmin
vəsatətlərin təmin olunmamasını istəyib. Daha sonra hakimlər müşavirəyə gediblər.
Müşavirədən sonra hakim Həbib Həsənov həmin vəsatətlərin əsassız olduğu üçün təmin
olunmadığını bildirib. Məhkəmənin baxış iclası fevralın 27-nə təyin olunub.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin
341 (hakimiyyətdən sui-istifadə etmə), 311 (rüşvət alma) və 313-cü (vəzifə
saxtakarlığı) maddələrinə əsasən təqsirli bilinirlər.
O.M.