
Kürdəmirdə itən qızlar öz xoşları ilə Bakıya qaçdılar
Kürdəmir Rayon Polis Şöbəsindən verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində məktəbli qızların Kürdəmir avtovağzalından Müşfiq adlı taksi sürücüsünün maşını ilə Bakı şəhərinə getdiyi müəyyənləşib. Həmin taksi sürücüsü polis tərəfindən saxlanılıb.
Polis tərəfindən dindirilən taksi sürücüsü qızları Bakı şəhərinə apardığını təsdiqləyib,
həmçinin bildirib ki, qızlar Bakı Beynəlxalq Avtovağzalının ərazisində maşından
düşüblər. Bakıya gedərkən onlar yolda tez-tez Qismət adında bir nəfərə zəng
edirmişlər. Avtovağzala çatanda da qızlar həmin şəxsə zəng edərək artıq Bakıda
olduqlarını, onu avtovağzalın ikinci mərtəbəsində gözlədiklərini bildiriblər.
Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə həyata
keçirdiyi tədbirlər nəticəsində qızlarda olan mobil telefonla onların Bakıya
çatan zaman kimə zəng etdikləri müəyyənləşib. Hazırda polis həmin şəxsin
tutulması istiqamətində tədbirləri davam etdirir.
Xatırladaq ki, Kürdəmir rayonunun Carlı kənd sakinləri - 16 yaşlı Tünzalə Şirəliyeva,
16 yaşlı Röyalə Novruzova və onun əkiz bacısı Minayə Novruzova dünən
yaşadıqları kənddən Kürdəmir rayonunun mərkəzinə hazırlıq məqsədi ilə müəllim
yanına getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar. Onların valideynləri
bu barədə Kürdəmir Rayon Polis Şöbəsinə məlumat veriblər. Araşdırmalar zamanı məktəbli
qızların müəllim yanına getmədikləri məlum olub. Polis adıçəkilən şəxsləri
itkin düşmüş kimi qeydiyyata alıb.
O.M.