
AXCP Cəlilabad rayon təşkilatının sədrinin oğlu 8 il həbsə məhkum olundu
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Vasif Təzəxan oğlu Mirələmovun məhkəməsi başa çatıb. Hakim Xamməd Nuriyevin sədrliyi ilə keçən prosesdə V.Mirələmov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Cəlilabad rayonunun Şatırlı kəndində anadan
olmuş, şəhərin 7 saylı orta məktəbinin VIII sinfində oxuyan Vasif Təzəxan oğlu
Mirələmov ötən il aprelin 5-i saat 11.30 radələrində şəxsi münaqişə zəminində həmin
məktəbin X sinif şagirdi, 1995-ci il təvəllüdlü Cavanşir Həsən oğlu Həsənliyə
bıçaqla ağır bədən xəsarəti yetirib. Qaraciyərindən yaralanan C.Həsənli Cəlilabad
Mərkəzi Rayon Xəstəxanasına aparılarkən çoxlu qan itirdiyindən yolda dünyasını
dəyişib. Hadisəni törətmiş V.Mirələmov hüquq-mühafizə orqanlarının əməkdaşları
tərəfindən həbs olunmaqla barəsində cinayət işi açılıb.
Qeyd edək ki, Vasif Mirələmov Azərbaycan Xalq Cəbhəsi
Partiyasının Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmlinin, Cavanşir
Həsənli isə rayon polis şöbəsinin keçmiş əməkdaşı Həsən Həsənlinin oğludur.
O.M.