
AMEA Fizika İnstitutunun direktorunun kompüteri oğurlandı
Bakı şəhər Baş Polis İdarəsinin verdiyi məlumata görə, 2011-ci il oktyabrın 24-də gecə saatlarında Hüseyn Cavid prospektində yerləşən AMEA-nın Fizika İnstitutunun direktoru Çingiz Qacarın iş otağından açıq qapıdan keçmə yolu ilə detallarla birlikdə kompüter oğurlanıb.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyev fevralın 14-də tutulublar. Araşdırma zamanı müəyyən edilib ki, onlar 30 iyul 2011-ci il tarixdə A.Şərifzadə küçəsində yaşayanlar Nazir İbrahimovun evindən kondisioner, Pərviz Əhmədovun mənzilindən isə qızıl boyunbağı oğurlayıblar. Daha sonra onlar bu il yanvarın 3-nə keçən gecə A.Şərifzadə küçəsində yerləşən köşkdən açar seçmə yolu ilə pul, danışıq kartları, tütün, ərzaq məhsulları, yanvarın 23-də Vasif Abbasova məxsus 27 göyərçin, fevralın 13-də Növrəstə Şahverdiyevə məxsus köşkdən qıfılı sındırma yolu ilə meyvə və qazan dəsti, Arif Şirəliyevə məxsus emalatxanadan isə qapını sındırma yolu ilə elektrik cihazları oğurlayıblar.
O.M.