
Ötən gün buzlu yollarda 10 avtomobil qəzası qeydə alınıb
Azərbaycan ərazisində havaların kəskin soyuması ilə əlaqədar Respublika Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə və piyadalara müraciət edib.
İdarənin şöbə rəisi Kamran Əliyevin verdiyi məlumata görə,
Azərbaycan ərazisində bütün yolların hərəkət hissəsində buzlaşma gedir: "Əsas
problem Qusar rayonu ərazisində Rusiya ilə həmsərhəd olan yollardadır. Lakin
buna baxmayaraq bütün magistral yollarda nəqliyyatın hərəkəti davam edir". K.Əliyev sürücüləri
yollarda texniki cəhətdən nasaz avtomobillərdən mümkün qədər istifadə etməməyə
çağırıb: "Sürücülərdən xahiş olunur ki, mövsümü qış şinləri ilə təchiz
olunmamış minik avtomobillərindən mümkün qədər istifadə etməsinlər. Qarlı,
buzlu yollarda idarəetmə təcrübəsi olmayan sürücülər avtomobilləri idarə etməsinlər.
Nəqliyyat vasitəsini idarə edən digər sürücülər isə sürət həddinə və ara məsafəsinə
diqqət yetirsinlər. Piyadalar isə müəyyən olunan yerlərlə hərəkət etsinlər".
Şöbə rəisi ötən gün Azərbaycan ərazisində 10 yol nəqliyyat
hadisəsinin qeydə alındığını deyib: "Qəzalar nəticəsində 1 nəfər ölüb, 12 nəfər
isə yaralanıb. Qəzalardan ikisi piyadanın vurulması, beşi toqquşma, üçü isə
aşma nəticəsində baş verib. Qəzaların üçü Bakı şəhərində baş verib. Həmin qəzalar
nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb" .
O.M.