Hədə-qorxu yolu ilə vətəndaşlardan pul almaqda şübhəli bilinənlər həbs edilib

Hədə-qorxu yolu ilə vətəndaşlardan pul almaqda şübhəli bilinənlər həbs edilib

12 Fevral 2019 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən illər ərzində ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olan müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) araşdırılıb, ölkə ərazisində "reket" nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən şəxslərin silsilə hüquqazidd fəaliyyətlərinin qarşısının alınması üçün qanunla müəyyən olunan tədbirlər görülüb. Bununla belə, bəzi informasiya saytlarında qeyd olunan tədbirlərin mahiyyətini təhrif edən məlumatlara rast gəlinir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, DTX-nin ictimai əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, "Realliq.info" informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb. O, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə görə İkram Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabrında zərərçəkmiş Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.

İttihama əsasən, İkram Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul tələb edərək alıb.

Bundan başqa, 2017-ci ilin sentyabrında İkram Rəhimov zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edərək alıb.

Daha sonra İkram Rəhimov 2017-ci ilin dekabrında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edib. O, bu yolla həmin şəxsdən də pul almağa nail olub.

İkram Rəhimov 2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən guya müxtəlif qanunsuz əməllərə yol verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul tələb edərək alıb.

İkram Rəhimovun əməllərindən daxil olan şikayətlərin obyektiv araşdırılması təmin ediləcək.