Həbsdə olan Müsavat fəalı 14 saylı cəzaçəkmə müəssisəsini məhkəməyə verəcək

Həbsdə olan Müsavat fəalı 14 saylı cəzaçəkmə müəssisəsini məhkəməyə verəcək

23 Yanvar 2012 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Palatanın Bakıda keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı həbs edilən Müsavat üzvü Əhəd Məmmədli saxlandığı cəzaçəkmə müəssisəsini məhkəməyə verəcək. Məhbusun vəkili Yalçın İmanov bildirib ki, yanvarın 21-də müdafiə etdiyi şəxslə saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində görüşüb. Ə.Məmmədli vəkilinə deyib ki, müəssisə rəhbərliyi ona və bu müəssisədə saxlanılan digər məhbuslara vaxtlı-vaxtında namaz qılmağa imkan vermir: "Məhbus bunu yerli və beynəlxalq qanunvericiliklə təminat verilən məhkumların vicdan və dini etiqad azadlığının təmin edilməsi hüququnun pozuntusu hesab edir və buna görə də yaxın günlərdə cəzaçəkmə müəssisəsinin rəhbərliyini məhkəməyə verməyə hazırlaşır".

Vəkil deyib ki, Ə.Məmmədli müəssisədə su, istilik sisteminin olmamasından, işığın fasilələrlə verilməsindən, yaxınlıqdakı daş karxanasının məhbusların səhhətində yaratdığı problemlərdən də şikayətlənib.

O.M.