Baş prokurorun birinci müavini Rüstəm Usubov Rafiq Tağının qardaşı ilə görüşdü
Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov bir müddət əvvəl qətlə yetirilən tanınmış yazıçı-publisisti Rafiq Tağının qardaşı İlqar Tağıyevi qəbul edib. Bu barədə İ.Tağıyevin özü məlumat verib. Onun sözlərinə görə, R.Usubov istintaqın gedişi barədə ona məlumat verib: "Rüstəm Usubov mənə bildirdi ki, hələlik istintaqa cəlb olunan yoxdur. Lakin bir neçə versiya araşdırılır. Ayətullahların fitvaları, Rafiqin iş yerində hər hansı konfliktinin olub-olmaması barədə versiyalar üzərində də araşdırmalar davam etdirilir. Lakin konkret hansısa versiya üzərində dayanılmayıb. İstintaqda hələ ki, konkret bir nəticə yoxdur. Ancaq ümid edirəm ki, bu işlərin bir nəticəsi olacaq".
İ.Tağıyev qardaşının ailə üzvlərinin onun ölümü ilə bağlı cinayət işini
araşdıran Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq
İdarəsini məhkəməyə vermələri barədə olan xəbərlərə də aydınlıq gətirib: "Vəkil
Elçin Sadıqov mərhumun ailəsi adından şikayət ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə
müraciət edib. Lakin Rüstəm Usubov mənimlə görüşündə bildirdi ki, məsələni
araşdırırlar. Söz verdi ki, bizim məhkəmə iddiamızda göstərilən məsələlər həllini
tapacaq. Mən də buna inanıram. Bizim iddia ərizəmiz hələ məhkəmədədir. Yəqin
ki, geri götürəcəyik".
Xatırladaq ki, 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə
qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist
Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən
çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə
olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə
bağlı ilk əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər
vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal
sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif
olunub.
O.M.