
Rusiyada qatarda narkotik aparan azərbaycanlı tutuldu
Rusiyanın Amur vilayətinin Arxara-Tarmançukan stansiyasında Moskva-Vladivostok marşrutu ilə hərəkət edən qatarda, blenderdə gizlədilmiş 1 kiloqrama yaxın heroin aşkar edilib. Rusiya İstintaq Komitəsinin Amur vilayəti üzrə İstintaq İdarəsinin xəbərinə istinad edən Crims.ru saytının məlumatına görə, blenderdə 975 qram heroini keçirmək istəyən 26 yaşlı Azərbaycan sakini dərhal həbs edilib. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi üzrə cinayət işi başlanılıb. Məlumatda o da bildirilir ki, şübhəli şəxs qismində saxlanılan şəxs Peterburq şəhərində ali hüquq təhsili aldıqdan sonra həmin şəhərdə yaşamağa başlayıb. Yəni Sankt-Peterburqun sakini olub. O, bazar qiyməti 3 milyon rubl dəyərində ölçülən narkotik maddəni də məhz yaşadığı şəhərdən Moskvaya gətirib, oradan isə Vladivostoka aparmaq istəyib. İstintaq ehtimal edir ki, analoji marşrutla Primorsk vilayətinə dəfələrlə narkotik maddələr ötürülüb.
Hüquq təhsili almış həmyerlimiz alacağı cəzanı əvvəldən bilməli idi...
İnarə Rafiqqızı
O.M.