Molla döyərək arvadını qətlə yetirdi

Molla döyərək arvadını qətlə yetirdi

29 Dekabr 2011 00:05
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından - hadisə Astara rayonunda baş verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakini Yasin Məlikovun məhkəmə istintaqı yekunlaşıb. Təqsirləndirilən şəxs AR CM-nin 126.3 (Həmin maddə "Qəsdən sağlamlığa ağır zərər vurma" adlanır, 3-cü hissə isə həmin xəsarətlər nəticəsində şəxsin ölməsini özündə əks etdirir) maddəsi ilə ittiham olunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Yasin Məlikov ötən ilin sentyabr ayının 25-də ailə-məişət zəminində həyat yoldaşı Arasta Məlikovanı qızı Ziynət Məlikovanın gözləri qarşısında xüsusi amansızlıqla, ağır iztirablar verməklə döyüb. Qadına bir neçə dəfə sillə və yumruqla, daha sonra isə qarın nahiyəsindən təpik və ağacla çoxsaylı zərbələr vurub. Əri tərəfindən vəhşicəsinə döyülən Arasta Məlikova 6 oktyabr 2007-ci ildə dünyasını dəyişib.

Məhkəmə prosesindən

Təqsirləndirilən şəxs qismində dindirilən Yasin Məlikov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib:

- Arasta Məlikova ilə 1983-cü ildə ailə həyatı qurmuşuq. Birgə yaşadığımız müddətdə üç uşağımız olub.

Ötən ilin sentyabr ayının 25-də anam Səməndər bizə gəlmişdi. Həmin gün arvadım Arasta anama yemək üçün qatıq verdi. Mən ona anamın mədəsinə qatığın pis təsir edəcəyini bildirdim və ona qatıq verməyə qoymadım. Buna görə aramızda güclü mübahisə düşdü. Mübahisə zamanı əsəbiləşib arvadımın üzündən bir sillə vurdum. Arasta da mənə boşanacağını bildirib, Kijəbə qəsəbəsinə - atası evinə zəng vurdu və maşın gəlib onu atası evinə apardı. Bundan sonra Arastanı görməmişəm. 2007-ci ilin oktyabr ayının 6-da arvadımın atası evində vəfat etdiyini eşitdim.

"Arvadımın ölümünün səbəbini bilmirəm"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində arvadının hansı səbəbdən vəfat etdiyini bilmədiyini göstərib: "Mən Arastanı yumruq, təpik və taxta ilə döyməmişəm. Yalnız əsəbiləşib ona bir sillə vurmuşam. Mən mollayam, 27 ildir namaz qılıram Arasta şəkərlə qan təzyiqi xəstəliyindən, mədə xorasından əziyyət çəkirdi. Onda şizofreniya xəstəliyinin əlamətləri vardı".

Yasin Məlikovun ifadəsinə məhkəmə tənqidi yanaşıb və inandırıcı hesab etməyib. Onun törətdiyi cinayət əməli məhkəmədə dindirilən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilib.

"Anam atama yalvarıb deyirdi ki, məni öldürmə"

Zərərçəkmiş şəxs qismində dindirilən Ziynət Məlikova (mərhumun qızı) ifadəsində anasının mütəmadi olaraq atası tərəfindən vəhşicəsinə döyüldüyünü göstərib:

- Yaşadığım müddət ərzində atam Yasin dəfələrlə anamı döyüb evdən qovmuşdu, anam da evdən çıxıb atası evinə gedirdi.

25 sentyabr 2007-ci ildə nənəm Səməndər bizə gəlmişdi. Nənəm anamdan qatıq istədi. Anam nənəmə qatıq verən zaman atam, "Mən sənə deməmişəm ki, bu evdə Səməndərə qatıq vermə və gələndə evdən qov", - deyərək onun üstünə qışqırdı. Anamsa cavabında, "Axı o, sənin anandır", - dedi. Bununla bağlı onların arasında mübahisə başladı. Atam anamın üzündən bir neçə dəfə sillə və yumruqla vurdu. Sonra isə anamı Kijəbə qəsəbəsinə - atası evinə aparmaq adı ilə qolundan tutub həyətə çıxartdı. Yumruq və ağacla bir neçə dəfə anamın qarın nahiyəsindən vurdu. Zərbələrin təsirindən anam yerə yıxıldı. Atam bir neçə dəfə təpiklə onun qarnından vurdu. Anam atama yalvararaq, "məni öldürmə", - deyib evə qaçdı və nənəm Səməndərin arxasına qısıldı. Atamın anamı yenə də döymək istədiyini görüb qonşumuz Əzəmətgilə gedərək, onları köməyə çağırdım. Əzəmət bizə gəlib evə girəndə atam onu söyüb təhqir etdi və evdən qovdu. Bundan sonra anam öz atası evinə zəng vuraraq onlara getmək üçün maşın istədi. Kijəbə qəsəbəsində yaşayan Firdovsi özünə məxsus maşınla bizə gələrək anamı atası evinə apardı. Atamdan qorxduğuma görə anama baş çəkməyə getməmişəm. Lakin anamla telefonla əlaqə saxlamışam və anamın bərk xəstə yatmasını bilmişəm. Sonradan anamın bədəninə baxanda sinəsində, sağ və sol qabırğa nahiyəsində döymədən qaralmış yerləri gördüm. Anam Arasta aldığı xəsarətlərdən ötən ilin oktyabr ayının 6-da atası evində ölüb. Atam mütəmadi olaraq anamı vəhşicəsinə döyürdü, ona xəsarətlər yetirirdi, anamsa uşaqların xətrinə dözərək şikayət etmirdi.

"Səni də Arastanın gününə salaram"

Şahid qismində dindirilən Əzəmət Babayeva ifadəsində mərhum Arasta Məlikovanın tez-tez əri tərəfindən döyüldüyünü göstərib: "Mərhum Arasta Məlikova və Yasin Məlikovla qonşu olmuşuq. Evlərimizin arasında məsafə çox az olduğundan Yasin Məlikovun arvadı Arastanı tez-tez döydüyünü görürdüm və eşidirdim.

25 sentyabr 2007-ci ildə saat təxminən 22:00 radələrində Yasingilin həyətlərindən qışqırıq səsi gəldiyini eşidib həyətə çıxdım və Arastanın ağladığını eşitdim. Lakin qaranlıq olduğu üçün onların həyətlərini görə bilmədim. Aradan bir az keçəndən sonra Arastanın qızı Ziynət bizə gəlib yalvararaq, "Tez gəl gedək bizə, atam anamı öldürür", - dedi. Ziynətlə birlikdə onlara getdim. Həmin vaxt Yasin əsəbi halda Arastanın üstünə hücum edib onu vurmaq istəyir, qadın isə qayınanasının arxasına qısılaraq ərinə onu vurmamaq üçün yalvarırdı. Arastanın üzü şişkin vəziyyətdə idi, göyərmişdi. Yasin məni görən kimi məni də Arastanın gününə salacağı ilə hədələyib evdən qovdu. Səhəri gün Ziynət mənə anasının babasıgilə getdiyini dedi. Sonradan isə Arastanın atası evinə öldüyünü eşitdim".

"Maşını polis şöbəsinə sür"

Şahid qismində dindirilən Firdovsi Abbasov ifadəsində mərhum Arastanın atası Ağail ilə qonşu olduqlarını göstərib: "25 sentyabr 2007-ci ildə gecə saatlarında Ağailin gəlini Sevda mənə zəng vurub Təngərüd kəndinə gedib Arastanı onlara gətirməyimi xahiş etdi. İdarə etdiyim maşınla həmin kəndə gedib Arastanı atası evinə gətirdim. Qaranlıq olduğundan Arastanın sifətini görmədim. Səhəri gün Arastanın bacısı Pakizənin xahişi ilə onu, Arastanı və Şifayəti Astaraya apardım. Yolda gedərkən Arastanın üzünün göyərdiyini və şişdiyini görüb nə olduğunu soruşdum. Pakizə onun yerinə, "Nə olacaq, əri döyüb yola salıb", - deyə cavab verdi. Yolda mənə dedilər ki, maşını sür polis şöbəsinə. Mən də polis şöbəsinin qarşısında maşını saxladım və onlar düşüb polis şöbəsinə girdilər. Təxminən yarım saatdan sonra oradan çıxdılar. Sonra maşını xəstəxanaya sürdüm, oradan da qaytarıb evlərinə gətirdim. Sonradan Arastanın öldüyünü eşitdim".

Ekspert rəyi

Məhkəmə tibbi ekspertin 30 oktyabr 2007-ci il tarixli 04 saylı rəyindən görünür ki, mərhum Arasta Məlikovanın ölümünə qarının küt travması ilə əlaqədar, qara ciyərin subkapsulyar cırılması ilə müşayiət olunan, qarının ön divarına qansızmanın törətdiyi çoxlu qanitirmə səbəb olub. Mərhumun meyitində qara ciyərin sağ payının əzilməsi, qara ciyər kapsulu altına və toxumasına qansızma, kapsulun cırılıb soyulması ilə əlaqədar qarın boşluğuna qansızma, sağ bazu, sağ döş və qarın nahiyələrinin yumşaq toxumalarına qansızma aşkar edilib. Qeyd olunan xəsarətlər ən azı 5 zərbə nəticəsində əmələ gəlib.

QEYD: Məhkəmənin hökmü ilə Yasin Məlikov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Son söz əvəzi: "Cənnət anaların ayaqları altındadır" deyir dinimiz. İslam dinində o da qeyd olunur ki, Allahın verdiyi canı yalnız O ala bilər...

İnarə Rafiqqızı

O.M.