İstintaq materialından: Torpaq üstündə qan töküldü

İstintaq materialından: Torpaq üstündə qan töküldü

25 Dekabr 2011 21:35
Bəyəndim (0) Bəyənmədim (0)
Söhbət heç də ermənilər tərəfindən işğal edilmiş torpaqlarımızdan getmir

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Kəlbəcər rayon sakini, məcburi köçkün, 1951-ci il təvəllüdlü Novruz Murtuzayevin məhkəmə istintaqı başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, Novruz Murtuzayev aralarında 2005-ci ildən başlayaraq sahibsiz mülk (həmin mülk erməni evi olub - red.) üstündə kəskin münaqişə yaranmış qonşusu, 1932-ci il təvəllüdlü Mamed İsayevi, onun oğlu Arif İsayevi, həmçinin sonuncularla onun ailə üzvləri arasında baş vermiş münaqişə ilə əlaqədar cinayət işinə Goranboy rayon məhkəməsində baxılan zaman şahid qismində dindirilmiş qonşusu Mətanət Kərimovanı öldürmək qərarına gəlib.

Ötən il iyun ayının 8-də təxminən səhər saat 08:00 radələrində məcburi köçkün kimi məskunlaşıb yaşadığı Goranboy rayonunun Qaraçinar kəndinin kənarındakı örüşə mal-qarasını ötürüb qayıdarkən mal-qarasını örüşə ötürməyə aparan Mamed İsayevlə rastlaşıb. Ona aralarındakı narazılıqla bağlı iradlarını bildirərək kənddən köçüb getməsini tələb edib. Sonuncu isə buna etirazını bildirəndə Novruz Murtuzayev küt ağac parçası və daşla onun başına çoxsaylı zərbələr endirməklə qətlə yetirib.

Hadisədən yarım saat sonra Novruz Murtuzayev evinə gələrək həyətdən özünə məxsus odun baltası götürüb. Əvvəllər Mamed İsayev ilə onun ailə üzvləri arasında baş vermiş münaqişəylə əlaqədar cinayət işinə Goranboy rayon məhkəməsində baxılarkən prosesdə şahid qismində dindirilmiş digər qonşusu Mətanət Kərimovanın həyətinə gəlib. Mətanət Kərimovaya "niyə məhkəmədə üzümüzə şahid durdun?"- deyə iradını bildirərək baltanın kəsici tərəfi ilə qadının baş nahiyəsinə zərbələr vurub. Mətanət Kərimova aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Bundan 15 dəqiqə sonra Novruz Murtuzayev bir qədər əvvəl qətlə yetirdiyi qonşusu Mamed İsayevlə bir həyətdə yaşayan mərhumun oğlu Arif İsayevi öldürmək qərarına gəlib. Sonuncunun yaşadığı həyətə gələrək onu çölə çağırıb. Aralarındakı münaqişə ilə bağlı iradlarını söyləyərək Arif İsayevin üstünə hücum çəkib. Lakin Arif İsayev balta zərbəsindən yayınaraq küçəyə qaçıb. Novruz Murtuzayev kəndin mərkəzinə qədər Arifi təqib etsə də, onu tuta bilməyib. Həmin vaxt kəndin ərazisində xidməti vəzifəsini icra edən Goranboy rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Etibar Məmmədov onun qarşısını kəsərək baltanı əlindən alıb.

Məhkəmə prosesindən

Təqsirləndirilən şəxs qismində dindirilən Novruz Murtuzayev ifadəsində göstərib ki, əslən Kəlbəcər rayonundandır. Məlum Qarabağ hadisələrindən sonra 1993-cü ildən məcburi köçkün düşərək Goranboy rayonunun Qaraçinar kəndinə sığınıb. Qətlə yetirdiyi Mamed İsayev və Mətanət Kərimova onun qonşuları olub. Əvvəllər onların heç biri ilə ədavət və düşmənçiliyi olmayıb. 2005-ci ildən Mamed İsayevlə aralarında ev və həyətyanı torpaq sahəsi üstündə mübahisələri başlayıb. Mübahisə zamanı Mamed İsayev və ailə üzvləri onun ailə üzvlərini döydüyü üçün işləri rayon məhkəməsinə düşüb. İşə məhkəmədə baxılarkən qonşusu Mətanət Kərimova da şahid qismində cəlb edilib. Qadın məhkəmədə Mamed İsayevi müdafiə edərək yalandan onların üzünə durub. Bu olaylara görə də həm Mamed İsayevlə, həm də Mətanət Kərimova ilə ailəliklə küsülü olublar: "Ötən il iyunun 8-də səhər saat 7-8 radələrində mal-qaranı kəndin kənarındakı örüşə ötürüb qayıdarkən yolda Mamed İsayevlə rastlaşdım. Mamedə uşaqlarımı üç dəfə döydüyünü, məni məhkəmə yollarında qoyduğunu irad tutdum.

"Ya sən köçməlisən bu kənddən, ya da mən "

Dedim: "ay Mamed, axı mənim, ailəmin nə günahı var ki, bizi bu vəziyyətlərə salırsınız? Ya sən köçməlisən bu kənddən, ya da mən. Nəzərə alsaq ki, mənim torpağım ermənidədir və getməyə yerim yoxdur, deməli, sən köçməlisən burdan". Buna görə də aramızda yenə mübahisə düşdü. Mamed əlindəki ağac budağıyla məni döydü. Mən onun üstünə yeriyib qolunu burdum və ağac budağını əlindən aldım. Bir neçə dəfə başına ağac budağıyla vurduqdan sonra budaq sındı. Budağı kənara tullayıb, Mamedi itələyib yerə yıxdım. Daş parçası götürüb başına bir neçə zərbə endirdim. Öldüyünü dəqiqləşdirəndən sonra oradan birbaş evə gəldim.

"Niyə məhkəmədə mənim üzümə durdun?"

Həyətdə olan odun baltasını götürüb Mətanətin evinə yollandım. Həyətə girib Mətanəti səslədim. Mətanət həyətə çıxanda ona, "Mətanət, yadındadırmı, mən sənə o vaxt demişdim ki, mənimlə Mamedin arasında olan torpaq mübahisəsi ilə bağlı məsələyə qarışma, məhkəmələrə gedib şahidlik etmə, üzümə dirənmə. Sən nə üçün mənim sözümə məhəl qoymayıb məhkəmədə mənim üzümə şahid durdun", - deyə soruşdum. Mətanət isə bildirdi ki, yaxşı eləmişəm. Dedim: "yaxşı eləmisən, eləmisən də". Bunu deyib baltanı başının ortasına çırpdım. Mətanət dərhal canını tapşırdı. Həyətdən çıxıb balta əlimdə kəndin mərkəzinə gəldim, oradan polis şöbəsinə getmək istəyəndə kimsə yaxınlaşıb qəflətən baltanı əlimdən aldı. Bundan sonra mən rayon polis şöbəsinə getmək üçün otlaq sahələri ilə rayon istiqamətində piyada yola düşdüm. Rayonun Qaraçinar kəndi ilə qonşu Zeyvə kəndinin arasındakı otlaq sahəsindən keçərkən bir polis maşınının yolun kənarında dayandığını görüb onların yanına gəldim. Törətdiyim hadisə barədə onlara məlumat verdim".

"Atamın meyitini otlaq sahəsindən tapdım "

Zərərçəkmiş şəxs qismində dindirilən Arif İsayev ifadəsində göstərib ki, 1993-cü ildən ailəsi ilə birlikdə Kəlbəcər rayonundan məcburi köçkün düşməklə Goranboy rayonu Qaraçinar kəndində məskunlaşıb. Kənddə qonşuları Novruz Murtuzayevin ailəsi ilə münasibətləri əvvəllər yaxşı olsa da, 2005-ci ildən aralarında sahibsiz yaşayış evi və həyətyanı torpaq sahəsi üstündə narazılıqları yaranıb. Belə ki, onlar 1993-cü ildə qeyd olunan sahibsiz mülkü ələ keçirib 2005-ci ilə qədər həmin mülkün həyətyanı torpaq sahəsindən istifadə ediblər. 2005-ci ildə həmin evi təmir etmək istəyərkən Novruz Murtuzayevin ailəsi buna etiraz edib və mülkün onlara məxsus olduğunu iddia edib. Buna görə aralarında dava-dalaş baş verib. Narazılıqlar getdikcə daha da kəskinləşib: "2005-cı ilin avqust ayında atamın istifadəsində olan uçuq ev və onun ətrafında ona bitişik bostan sahəsində təmir işi aparmaq istəyirdik. Ancaq qonşu Novruz Murtuzayevin ailəsi buna etiraz etdiyindən aramızda münaqişə yaranmışdı. Müxtəlif vaxtlarda üç dəfə rayon məhkəməsində mübahisə və dalaşmalarımıza dair cinayət işlərinə baxılıb. 2005-ci ildə isə biz həmin mübahisəli mülkdən əl çəkib onu Novruz Murtuzayevin ailəsinə verdik. Ancaq onlar yenə də bizimlə ədavəti davam etdirirdilər. İyunun 8-də səhər saat 07 radələrində evdə yatmışdım. Arvadım Zəminə məni oyadaraq qonşumuz Mətanətin öldürüldüyünü dedi. Mən dərhal həyətə çıxıb Mətanətgilə getmək istəyərkən əlində balta olan Novruz Murtuzayev, oğlanları Şəmşir və Eyvaz həyətimizə girdilər. Məni söyərək üstümə hücum çəkdilər. Mən həyətdən çıxaraq kəndin içərisinə doğru qaçmağa başladım. Yolda həmkəndlim Valehlə rastlaşdım. Ona Novruzun məni balta ilə öldürmək üçün təqib etdiyini deyib baltanı onun əlindən almağı xahiş etdim. Sonra polis əməkdaşı Etibar Məmmədovun yaşadığı evin yanına gəlib onu səslədim. Arxaya çevriləndə gördüm ki, Novruz əlində balta hələ də arxamca gəlir və yenə qaçmağa başladım. Kəndin içərisində Əkbər adlı həmkəndlim Novruzun qarşısına keçib onu sakitləşdirmək istəsə də, buna nail ola bilmədi. Mən kəndin mərkəzinə qədər qaçdım və orada polis əməkdaşı Etibar Məmmədovun dayandığını görüb müdafiə olunmaq üçün ona yaxınlaşdım. Həmin vaxt Novruz bizə çataraq baltayla məni vurmaq istədi. Etibar Novruzun əlindən baltanı alsa da, Novruz sakitləşmədi, yerdən daş götürüb məni vurmaq istədi. Mən qaçıb Baxşeyiş adlı həmkəndlimizin satıcı işlədiyi mağazaya girdim və ondan Novruzun qarşısını kəsməyi xahiş etdim. Novruz bir qədər mağazanın qarşısında dayanıb söyüşlər söyəndən sonra harasa çıxıb getdi. Mən ordan çıxıb Mətanətin evinə tərəf gedəndə yolda öz evimizə baş çəkdim. Arvadımdan atamı soruşanda dedi ki, səhər mal-qaranı örüşə yola salmağa gedib, ancaq qayıtmayıb. Atamdan nigaran qaldım və qonşum Natiqlə atamı axtarmağa getdim. Örüş yerinə çatanda atamın meyitini oradan tapdım".

Şahid qismində dindirilən Goranboy rayon polis şöbəsinin əməliyyat müvəkkili Etibar Məmmədovun ifadəsindən

Şahid qismində dindirilən Goranboy rayon polis şöbəsinin əməliyyat müvəkkili Etibar Məmmədov ifadəsində göstərib ki, iyunun 8-də səhər saat 08-09 radələrində Qaraçinar kəndinin mərkəzində xidməti ərazidə olarkən həmin kəndin sakini Arif İsayev qaça-qaça həyəcanlı şəkildə ona yaxınlaşıb. Bu vaxt digər kənd sakini Novruz Murtuzayev də əlində baltayla onlara tərəf gəlib. Arif bildirib ki, Novruz baltayla onu öldürmək istəyir. Novruzsa onlara çatanda qışqıraraq Etibar Məmmədovdan yoldan çəkilməsini tələb edib. Etibar Məmmədov yaxınlaşaraq baltanı onun əlindən alıb. Bu vaxt Arif yaxınlıqdakı mağazaya girib və arxadan qapını bağlayıb. Novruz yerdən daş parçası götürərək onun ardınca mağazaya girmək istəyəndə mağazanın Bəxşeyiş adlı satıcısı onun qarşısını kəsərək mağazaya girməsinə mane olub: "Bu vaxt Əhliman adlı kənd sakini qaça-qaça gəldi və xəbər verdi ki, Mətanət adlı kənd sakini öz həyətində qətlə yetirilib. Mən məlumatı polis şöbəsinə verib özüm də Mətanətin həyətinə gəldim. Bir azdan məlum oldu ki, Mətanətin qonşuluğunda yaşayan Mamed İsayevin də meyiti oğlu Arif tərəfindən örüş sahəsindən tapılıb".

QEYD: Məhkəmə işin bütün hallarını araşdırandan sonra öz hökmünü elan edib. Məhkəmənin hökmü ilə Noruz Murtuzayev ömürlük həbs cəzasına məhkum edilib.

O.M.