İstintaq materialından: 30 illik ərini baltalayan qadın

İstintaq materialından: 30 illik ərini baltalayan qadın

25 Dekabr 2011 17:03
Bəyəndim (0) Bəyənmədim (0)
Müalicə olunmaq üçün ərindən pul istəyən qadın sonda onun özünü xəstəxanalıq etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə sui-qəsddə ittiham olunan Füzuli rayon sakini Ərkinaz Qurbanovanın məhkəmə istintaqı keçirilib.

"Ərimi baltanın kəsici hissəsi ilə vurmağa ürəyim gəlmədi, ona görə onu baltanın arxası ilə vurdum. Allahımdan razıyam ki, ərim ölməyib, uşaqlarım başsız qalmayıblar".

İstintaq yolu ilə müəyyən edilib ki, Ərkinaz Qurbanova həyat yoldaşı Rafiq Qurbanovla mütəmadi olaraq dalaşaraq mübahisə edib. Dava-dalaşa səbəb isə qadının müalicə olunması üçün ərindən pul istəməsi olub. Ər-arvad arasında yaranmış narazılıq daha kəskin həddə çatdığından Ərkinaz Qurbanova çıxış yolunu ərini öldürməkdə görüb. Bu məqsədlə o, 2007-ci ilin iyul ayının 3-də saat təxminən 05:00 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidən balta götürərək Rafiq Qurbanovun yatdığı otağa gəlib. Baş verəcək hadisədən bixəbər halda dərin yuxuya getmiş Rafiq Qurbanova yaxınlaşan ömür-gün yoldaşı baltayla onun baş nahiyəsindən və sinəsindən zərbə endirib. Zərbənin təsirindən yuxudan ayılan Rafiq Qurbanov qışqırmağa başlayıb. Qonşu otaqda yatan qızı Ülviyyə Qurbanova atasının səsini eşidincə özünü ona yetirib. Bunu görən Ərkinaz Qurbanova əlindəki baltanı mətbəxə tullayaraq hadisə yerindən qaçıb.

Müttəhim haqda qısa arayış

Qurbanova Ərkinaz Mətləb qızı - 1960-cı ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. Əvvəllər məhkum edilməyib. Orta təhsillidir. Ailəlidir. 5 uşaq anasıdır. Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayır. AR CM-nin 29, 120.2.9-cu maddəsi ilə təqsirli bilinir.

İstintaq materiallarından

Təqsirləndirilən şəxs qismində dindirilən Ərkinaz Qurbanova ona elan olunmuş ittihamla özünü təqsirli bilib:

- 30 il olar ki, Rafiq Qurbanovla ailə həyatı qurmuşuq. Birgə nikahdan 5 övladımız var. Qızlarımdan biri təxminən 5-6 il əvvəl ailə həyatı quraraq Bakı şəhərində yaşayır. Oğlanlarım - Xalid, Valid və Alış Bakı şəhəri ərazisində tikintidə işləməklə orada kirayədə yaşayırlar. Mən ərim və 21 yaşlı qızım Ülviyyə ilə birlikdə Füzuli rayonunun Bala Bəhmənli kəndində öz evimizdə yaşayıram.

2007-ci ilin yanvar ayında burnumu müalicə etdirmək üçün Bakı şəhərinə getmişdim. Təxminən 1 aya yaxın oğlanlarımın yanında qaldım. Övladlarım məni Sumqayıt şəhərində həkimə apardılar. Orada 7 gün qaldım və bu müddət ərzində burnumda cərrahiyyə əməliyyatı aparıldı. Əməliyyatdan sonra Bakı şəhərinə qayıtdım. Bir müddət oğlanlarımın yanında qalandan sonra iyul ayının 1-də Bakı-Horadiz qatarı ilə evimizə gəldim. Kəndə gəlməkdə məqsədim o idi ki, bir az pul tapıb yenidən Bakıya qayıdım və müalicə olunum. Odur ki, əvvəl qızım Ülviyyə ilə, sonra isə ərim Rafiqlə görüşdüm və müalicə üçün pul lazım olduğunu onlara bildirdim. Həyat yoldaşım mənə pulu oğlum Validin toyundan sonra verə biləcəyini söylədi. Mən onunla razılaşmayıb, pulu dərhal verməsini tələb etdim. Bundan başqa qızım Ülviyyəyə də dedim ki, o, atası Rafiqdən mənə pul verməyini xahiş etsin. Lakin Ülviyyə mənə, "Qoy atam qardaşımın toyunu etsin", - dedi. 1 iyul 2007-ci ildən hadisə baş vermiş günə qədər Rafiqlə aramızda mübahisələr olurdu. Bu mübahisələr yalnız Rafiqin mənə pul verməməyinə görə idi. Ona görə də Rafiqi öldürmək qərarına gəldim. Axşam vaxtı Rafiq biçindən gətirdiyi buğdanı vedrə ilə çənə daşıdı, sonra yuyunub çörək yedikdən sonra yatmağa getdi. Rafiq həmişə evin eyvanında çarpayıda yatdığından bu dəfə də həmin çarpayıda uzandı. Mən Rafiqin yatmağa getməsini görəndən sonra içəri otaqda tək yatan qızım Ülviyyənin yanına getdim. Orada onunla müxtəlif mövzuda, o cümlədən həmin ərəfələrdə keçirilməsi nəzərdə tutulan oğlum Validin toyu haqqında söhbətlər etdim. Hətta söhbət əsnasında mən Ülviyyəyə Validin toyunun olmasına razı olmadığımı bildirdim. Dedim ki, Validin toyuna xərclənməsi nəzərdə tutulan pula müalicə olunmaq istəyirəm. Lakin qızım Ülviyyə məndən toya mane olmamağımı xahiş etdi. Ülviyyə ilə olan söhbətdən sonra evin mətbəxindəki divanda uzandım və saat təxminən 04-05 radələrində ayağa durub, qəti olaraq Rafiqi öldürmək qərarına gəldim. Bu məqsədlə həyətimizdə olan yardımçı tikintiyə gedərək oradan odun doğramaq üçün nəzərdə tutulmuş baltanı götürüb, Rafiqin yatdığı otağa gəldim. Həmin vaxt otaqda işıq yanmırdı. Lakin çöl tərəfdə yanan elektrik lampasının işığı içərini işıqlandırırdı. Əlimdəki baltanın arxa tərəfi ilə arxası üstə çarpayıda yatmış ərimin başına zərbə endirdim. Həmin zərbədən Rafiqin başı yarıldı və yarasından qan axmağa başladı. Rafiq oyanıb mənə tərəf çevrildikdə, bu zaman ikinci zərbəni endirdim. Üçüncü zərbəni endirdikdə, Rafiq əlini baltanın qarşısına verdi. Balta sürüşüb Rafiqin sinəsinə dəydi. O, qışqırmağa başladı. Qışqırıq səsinə qızım Ülviyyə eyvana çıxıb işığı yandırdı. Ülviyyənin gəldiyini görüb baltanı mətbəxə ataraq həyətə çıxdım. Oradan da kənd arası yolla qaçıb bacım Kifayətin evinə getdim. Kifayət məndən gəlişimin səbəbini soruşduqda, mən baş vermiş hadisəni ona danışdım. Bundan 3-4 saat sonra Füzuli RPŞ-nin əməkdaşları oraya gələrək məni polis şöbəsinə apardılar. Ərimi baltanın kəsici hissəsi ilə vurmağa ürəyim gəlmədi, ona görə onu baltanın arxası ilə vurdum. Etdiyim əməldən peşmanam. Allahımdan razıyam ki, ərim sağ qalıb, uşaqlarım başsız qalmayıblar.

Zərərçəkmiş şəxs qismində dindirilən Rafiq Qurbanov ifadəsindən

- Arvadım Ərkinaz 2007-ci ilin qış aylarına Bakı şəhərinə getmişdi və orada yaşayan oğlanlarımın kirayəyə götürdükləri evdə qalırdı. Oğlum Validin böyük toy məclisinə hazırlaşırdıq. Validin nişanı olan gündən Ərkinaz heç bir səbəb olmadan qanqaraçılıq salıb mənimlə mübahisə edirdi. Ərkinaz axırıncı dəfə evdə qanqaraçılıq salıb yenidən Bakı şəhərinə getdi. Bir neçə ay əvvəl o, burnundan cərrahiyyə əməliyyatı keçirmişdi və həmin əməliyyatın xərcini mənimlə birlikdə oğlanlarım çəkmişdilər.

Təxminən 1 iyul 2007-ci ildə Bakıda yaşayan oğlanlarıma zəng edərək tezliklə kəndə gəlmələrini tapşırdım və dedim ki, Validi evləndirmək istəyirəm. 1 iyuldan hadisə baş verən günə qədər Ərkinaz mənimlə müxtəlif mövzularda mübahisə edirdi. Ertəsi gün həyətdə taxıl biçdirdim və axşama qədər vedrə ilə çənə taxıl daşıdım. Sonra yuyunub yatdım. Mən yatanda saat təxminən 2-3 radələri olardı. Bir müddətdən sonra yatılı olan zaman qəflətən başımda ağrı hiss etdim. 1-ci zərbə sol gözümün üstünə, 2-ci zərbə ani olaraq başımın orta hissəsinə endirilmişdi. 3-cü zərbə isə sinəmin üstündə olan əlimə dəydi. Gözümü açanda bildim ki, məni baltayla vuran arvadım Ərkinazdır. Arvadımın məni hansı səbəbdən vurduğunu bilmirəm. Bizim aramızda bir-birimizi öldürməklə hədə-qorxu gəlmək halları olmayıb. Lakin 1 iyul 2007-ci ildə Ərkinaz Bakı şəhərindən kəndə qayıtdıqda, aramızda qanqaraçılıq və mübahisələr oldu. Həmin mübahisələr əl ilə, yəni bir-birimizi döyməklə deyil, sözlə olmuşdu. Mən heç vaxt Ərkinazı döyməmişəm və burnunu sındırmamışam. Eşitdiyimə görə, Ərkinaz uşaq yaşlarında ağacın altında durarkən heyva düşərək burnunu əzib. Həyat yoldaşımdan heç bir şikayət və tələbim yoxdur, onu bağışlamışam, məhkəmədən də onun bağışlanmasını xahiş edirəm.

Şahid qismində dindirilən Ülviyyə Qurbanovanın ifadəsi

Şahid qismində dindirilən Ülviyyə Qurbanova ifadəsində göstərib ki, atası əvvəllər anasının müalicəsi üçün həyətlərindəki 1 baş dananı, 1 baş qoyunu və buğdanı satıb pulu qardaşı Validin vasitəsilə Bakıya Ərkinaza göndərib: "Anam atamla dava etməyə başlayanda atam "borcumuz çoxdur, həm də ki, Validi evləndirməliyik, o qədər pulu hardan alıb verim sənə" dedi. Bu söhbətlərdən bezdiyimə görə demək olar ki, çox vaxt onların söhbətlərində iştirak etmirdim. Gecəyarısı atamın qışqırıq səsinə oyandım. Elə zənn etdim ki, yəqin atamla anam yenə də dalaşıb mübahisə edirlər. Lakin atamın yatdığı eyvana gedib işığı yandıranda gördüm ki, o, al qanın içərisindədir. Yerindən nə qədər qalxmaq istəsə də, qalxa bilmirdi. Həmin vaxt artıq başa düşdüm ki, anam atamı vurub, lakin nə ilə vurmasını bilmədim. Özümü itirdim, dəsmalı soyuducudan götürdüyüm buzlu suya batırıb atamın yarasının üstünə qoydum. Həkim çağırmaq istədikdə, atam "heç kimi çağırmaq lazım deyil", - dedi. Atamın yarasının ciddi olduğunu görüb səhər saat 07:00 radələrində qonşumuz İlkingilə gedərək onu yuxudan oyatdım və xahiş etdim ki, dayım Mobilə zəng etsin. İlkin Mobilin əl telefonuna zəng etdi, lakin telefon bağlı oldu. Hadisə barədə İlkinə heç nə demədim, lakin onun arvadına "atamla anam az qala balta davasına çıxsınlar", - dedim. Bir müddətdən sonra qapımız döyüldü və gördüm ki, qapını döyən RPŞ-nin rəis müavini Çapar müəllim və qonşumuz İlkindir. Çapar müəllim məndən anamın harada olmasını soruşdu. Mən də anamın yardımçı tikilidə olduğunu bildirdim. Lakin yardımçı tikilinin qapısını açdıqda Ərkinazın içəridə olmadığını gördük".

Şahid qismində dindirilən Oruc Qurbanovun ifadəsi

Şahid qismində dindirilən Oruc Qurbanov ifadəsində göstərib ki, 3 iyul 2007-ci ildə Füzuli RPŞ-nin rəis müavini Çapar Quliyevin avtomaşınını Rafiq Qurbanovun həyət darvazasının qarşısında görüb bununla maraqlanıb: "Ülviyyədən nə baş verdiyini soruşduqda, dedi ki, anam atamı baltayla vurub. Evə daxil olduqda, gördüm ki, Rafiq çarpayıda uzanıqlı vəziyyətdədir, başından qan axır, başının altındakı yastıq və sarıq qan içindədir. Mənə həkim dalınca getməyi tapşırdılar. Özümə məxsus avtomaşınla həkim dalınca getdim, rayon mərkəzi xəstəxanasının həkimi, 2-ci Mahmudlu kəndində yaşayan Xanməd həkimlə birlikdə gəldik. Xanməd həkim Rafiqi müayinə etdikdən sonra dedi ki, Rafiq xəstəxana şəraitində müalicə olunmalıdır, ona görə də biz Rafiqi yataq qarışıq avtomaşına qoyaraq rayon mərkəzi xəstəxanasına apardıq. Xəstəxanada Rafiqə ilk tibbi yardım göstərildikdən sonra Rafiqin baş sümüyündə sınıqlar aşkar olundu. Neyrocərrahiyyə xəstəxanasından neyrocərrah həkim çağırıldı. Oradan gəlmiş Bəhmən həkim adlı neyrocərrah Rafiqin təcili olaraq Bakı şəhəri Neyrocərrahiyyə xəstəxanasından kompüter müayinəsindən keçirilməsini məsləhət gördü. Ona görə də ertəsi günü Rafiqi öz maşınımla Bakı şəhərindəki Neyrocərrahiyyə xəstəxanasına apardım.

Məhkəmə prosesi davam edir. Məhkəmənin hökmü ilə sizləri tanış edəcəyik.

O.M.