Azərbaycanda 22 dekabrın kriminal xronikası

Azərbaycanda 22 dekabrın kriminal xronikası

23 Dekabr 2011 12:21
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 42 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.

Lerik rayon sakini Dəyanət Rzayevə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Məlikağa Mirzəyev tutulmuşdur

22.12.2011

Dekabrın 22-də Bakının Nizami rayonu ərazisində Bakı şəhər sakini Məlikağa Mirzəyev münaqişə zəminində Lerik rayon sakini Dəyanət Rzayevə bıçaqla xəsarət yetirmişdir.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəyev tutulmuşdur.

Nizami rayonu Babək prospektində yol-nəqliyyat hadisəsi

22.12.2011

Dekabrın 23-də saat 01.40 radələrində Nizami rayonu Babək prospektində Salyan rayon sakini Əhməd Hacıyev idarə etdiyi "Mercedes" markalı avtomaşını maneəyə vurmuşdur. Nəticədə Ə.Hacıyevin xəsarət almış sərnişini Elxan Rəhimov hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi

22.12.2011

Dekabrın 22-də Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini Firdovsi Əliyev idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə yolu keçən Viktoriya Qordeyevanı vurmuşdur. Nəticədə V.Qordeyeva hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.

Yasamal rayon sakini Vüsal Hacıyev şəxsi münasibətlər zəminində qonşusu Ədalət Muxtarova məxsus avtomaşının üzərinə neft tökərək yandırmışdır

22.12.2011

Dekabrın 22-də saat 09.50 radələrində Yasamal rayonu A.Şərifzadə küçəsində həmin ünvanda yaşayan Vüsal Hacıyev şəxsi münasibətlər zəminində qonşusu Ədalət Muxtarova məxsus "VAZ-2107" markalı avtomaşının üzərinə neft tökərək yandırmışdır. Nəticədə avtomaşının yanar konstruksiyaları yanmış, xəsarət alan olmamışdır.
Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Hacıyev könüllü olaraq polisə gəlmişdir.

Quldurluq etməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Tural Əhmədov tutulmuşdur

22.12.2011

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 11-də Ruhin Məmmədovu bıçaqla hədələyərək gödəkcəsini, mobil telefonunu və 25 manatını ondan almaqda şübhəli bilinən Naxçıvan şəhər sakini Tural Əhmədov tutulmuşdur.

Oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tərlan Cəfərov, Namiq Abbasov və Natiq İsmayılov tutulmuşlar

22.12.2011

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Zoya Əhmədovaya məxsus mağazanın qarşısından geyim əşyalarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Tərlan Cəfərov, Namiq Abbasov və Natiq İsmayılov tutulmuşlar.

Masallı rayon sakinləri Cəlal Səfərov və Rafiq Əkbərov 6 kq civə satarkən tutulmuşlar

22.12.2011

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Masallı rayon sakinləri Cəlal Səfərovun idarə etdiyi "Opel" markalı avtomaşının sərnişini Rafiq Əkbərov 6 kiloqram civəni 15000 manata satarkən tutulmuşdur.

Bakı şəhər sakini Elnur Əhmədova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Kənan Niftəliyev tutulmuşdur

22.12.2011

Dekabrın 22-də Nərimanov rayonu Təbriz küçəsində naməlum şəxs Bakı şəhər sakini Elnur Əhmədova bıçaqla bud nahiyəsindən xəsarət yetirmişdir.
Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Niftəliyev tutulmuşdur.

DİO əməkdaşları tərəfindən pirotexnik vasitələr götürülmüşdür

22.12.2011

DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət obyektlərindən 42451 ədəd, Binəqədi, Nərimanov, Xəzər və Sabunçu rayonları ərazisindəki ticarət obyektlərindən isə 20177 ədəd, Quba RPŞ əməkdaşları tərəfindən Tülər kənd sakini Mövsüm Mursəliyevdən 186 ədəd yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar aşkar edilərək götürülmüşdür.

Sima Qasımova dəm qazından zəhərlənərək ölmüşdür

22.12.2011

Dekabrın 22-də Xətai rayonu ərazisində yaşayan Sima Qasımova mənzilində dəm qazından zəhərlənərək ölmüşdür.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

22.12.2011

Dekabrın 21-də Sabunçu rayon sakini Rəna Quliyeva, dekabrın 23-də Sumqayıt şəhər sakinləri Teymur Hüseynov, Rövşən Qasımov və arvadı Humay, Xırdalan şəhər sakini İlkin Qasımov mənzillərindən dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya gətirilmişlər.

Zaqatala rayon sakini Abbas Heydərov xəsarət almışdır

22.12.2011

Dekabrın 22-də Zaqatala rayonu Kür-Araz qəsəbəsinin ərazisindəki avtomaşın təmiri sexində rayon sakini Abbas Heydərov oksigen balonunun partlaması nəticəsində xəsarət almışdır. A.Heydərov xəstəxanaya yerləşdirilmişdir.

Ceyhun Məmmədova bıçaqla xəsarət yetirmiş Yevlax rayon sakini Camal Rüstəmov tutulmuşdur

22.12.2011

Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da Ceyhun Məmmədova bıçaqla xəsarət yetirmiş rayon sakini Camal Rüstəmov tutulmuşdur.

İmişli rayonunun Kürmahmudlu kənd sakini Günay Həsənzadə dərmandan zəhərlənmişdir

22.12.2011

Dekabrın 22-də İmişli rayonunun Kürmahmudlu kənd sakini Günay Həsənzadə evindən dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdir.

Balakən rayonunun Mahamalar kənd sakini Kamil Dibirov aldığı xəsarətdən ölmüşdür

22.12.2011

Dekabrın 22-də Balakən rayonunun Mahamalar kənd sakini Kamil Dibirov həyətindəki ağacdan yıxılmış və aldığı xəsarətdən xəstəxanada ölmüşdür.

Şəmkir rayonunun Dəllər-Cırdaxan kənd sakini Mirdəstə Məmmədova su kanalına yıxılaraq boğulmuşdur

22.12.2011

Dekabrın 22-də Şəmkir rayonunun Dəllər-Cırdaxan kənd sakini, 4 yaşlı Mirdəstə Məmmədova su kanalına yıxılaraq boğulmuşdur.
M.Məmmədovanın meyiti sudan çıxarılmışdır.

Atası Fehruzu bıçaqla qətlə yetirmiş Beyləqan şəhər sakini İxtiyar Kərimov könüllü olaraq polis şöbəsinə gəlmişdir

22.12.2011

Dekabrın 22-də Beyləqan şəhər sakini İxtiyar Kərimov ailə-məişət münaqişəsi zəminində atası Fehruzu bıçaqla qətlə yetirmişdir. İ.Kərimov könüllü olaraq Beyləqan RPŞ-yə gəlmişdir.

Həyatı sevən onun qanunlarına hörmət etməlidir...

Sərvər Aslanov

O.M.