
Səbail rayonu bələdiyyə işçilərinin Apellyasiya məhkəməsi keçirildi
Bakı Apellyasiya Məhkəməsində Səbail bələdiyyəsinin rüşvət almaqda ittiham olunan hüquqşünası Arif Əlizadə və bələdiyyənin ərazi-tikinti, torpaq komissiyasının sədr müavini Cavid Həsənovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Hakim Rizvan Səfərovun sədrlik etdiyi prosesdə məhkəmə baxışı dekabrın 28-nə təyin olunub. Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakı şəhər sakinləri - Almas Xəlilov və Arif Şamilovdan rüşvət almaqda ittiham edilirlər. Hər iki şəxs Baş Prokurorluğun "Qaynar xətt" mərkəzinə müraciət edərək, Səbail rayonunda bələdiyyə rəsmilərinin onlardan rüşvət istədiyini bildiriblər. Onlar qeyd ediblər ki, hələ 2007-ci ildə məhkəmə onlara fərdi ev tikmək üçün bu rayonun ərazisində 0,06 ha torpaq sahəsi ayrılması barədə qərar çıxarıb. Lakin həmin şəxslər torpaq sahəsi üçün ondan 10 min manat rüşvət tələb ediblər. Sonda 8 min manata razılıq əldə olunub. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bələdiyyə işçilərinə rüşvət kimi veriləcək pulu əvvəlcədən hazırlayıb vətəndaşlara veriblər. Pullar bələdiyyənin hüquqşünasına verildikdən sonra prokurorluq işçiləri onun iş otağına gedərək axtarış aparıb, protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eyni olan əsginaslardan ibarət 8 min manat pul aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Əlizadə və Cavid Həsənov 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
O.M.