
Azərbaycanda saxta "Şengen" vizası hazırlayan dəstə yaxalandı
Baş
Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, uzun müddət saxta sənədlər tərtib etməklə Bakı
şəhəri və respublikanın digər regionlarından olan vətəndaşlara vizalar almaqla
xarici ölkələrə səfərlər təşkil edən, habelə digər qanunsuz fəaliyyətlə məşğul
olan cinayətkar dəstə ifşa edilib. Baş prokuror yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinə daxil olmuş müraciət üzrə həyata keçirilmiş
təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətkar dəstənin üzvlərindən
olan Bakı şəhərində yerləşən "Euro Azia Az" Məhdud Məsuliyyətli
Cəmiyyətin icraçı direktoru Yusifov İlqar Kərim oğlu turizm şirkətinə müraciət
etmiş Bakı şəhər sakini Abbasov Natiq Abbas oğluna saxta sənədlər əsasında
"Şengen" vizasının əldə edilməsini təşkil edəcəyi vədi ilə sonuncudan
3 min manat pulu xidməti otağında rüşvət kimi alarkən cinayət başında
yaxalanıb. Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə
idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma)
maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş istintaq-əməliyyat
tədbirləri zamanı müəyyən edilib ki, fəaliyyət göstərdiyi müddət ərzində
cinayətkar dəstə tərəfindən bir sıra vətəndaşlara rüşvət müqabilində dövlət və
özəl müəssisələrdə işləmələri və yüksək əməkhaqqı almaları barədə saxta
arayışlar, saxta mehmanxana və təyyarə bilet bronları, həmçinin böyük məbləğdə
pul vəsaitlərini təsdiq edən müxtəlif saxta bank arayışların hazırlanmaqla Avropa
ölkələrinə səfər etmək məqsədi ilə vizaların alınması təşkil edilib.
"Euro-Azia-Az" MMC-nin Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən
ofislərinə və İ.Yusifova məxsus mənzilə keçirilmiş baxış zamanı şirkətin
xəzinəsinə mədaxil olunmamış külli miqdarda pul, vətəndaşlara məxsus
ümumvətəndaş pasportları, müxtəlif dövlət və özəl təşkilatlara məxsus imzalı və
möhürlü boş blanklar, habelə istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər
aşkar edilərək götürülüb.
İstintaqla həmçinin müəyyən edilib ki, İ.Yusifovun mənzilində aşkar edilərək
götürülən müxtəlif şəxslərə məxsus çoxsaylı ümumvətəndaş pasportlarının
sahiblərindən 19-u ölkə hüdudlarını tərk edərək Avropa ölkələrinə getmiş, saxta
sənədlər əsasında Azərbaycan Respublikasını tərk edərək Avropa dövlətlərində
məskunlaşmış vətəndaşlardan 3 nəfəri isə deportasiya edilib.
İ.Yusifov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilməsi və dəstə
tərəfindən törədilmiş digər cinayətlərin açılması istiqamətində zəruri
istintaq-əməliyyat tədbirləri davam etdirilir.
O.M