
Dövlət ittihamçısı əcnəbiləri döyən azərbaycanlılara cəza istədi
Bu gün Yasamal rayon Məhkəməsində ABŞ vətəndaşı Amanda Erikson və Böyük Britaniya vətəndaşı Selia Deyvisə qarşı xuliqanlıq hərəkətləri etməkdə və onları döyməkdə təqsirləndirilən Adil Tağızadə, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun məhkəmə prosesi davam etdirilib. Hakim Elçin Qurbanovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Adil Tağızadənin 5 il 6 ay, Roman Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses dekabrın 26-da davam etdiriləcək.
Xatırladaq ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20
radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində Böyük Britaniya vətəndaşı
Silviya Devis və ABŞ vətəndaşı Amanda Erikson döyülüblər. Bununla əlaqədar
həmin gün Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət
Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi
ilə cinayət işi başlanılıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu
törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin
edilib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni Adil Tağızadə, Roman
Həsənov, Vüsal Qurbanov və Nazim Hüseynovun törətdiyi məlum olub və onlar
tutulublar.
A.Erikson və S.Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti
fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A.Erikson, həmçinin ABŞ-ın
nüfuzlu "Vaşinqton Post" və "Nyu-York Times" qəzetləri ilə də əməkdaşlıq edir.
O.M.