İki qadının olduğu şəbəkə ifşa edildi

İki qadının olduğu şəbəkə ifşa edildi

2 İyul 2018 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Astara rayonu ərazisində əməliyyat keçirib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, Astara şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahim Əhmədov 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini, 1987-ci il təvəllüdlü Aynur Abdullayeva saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.

İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə şəhər ərazisində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini, 1966-cı il təvəllüdlü Xalidə Ağayeva da tutulub.

Dövlət Sərhəd Xidmətinin istintaq və təhqiqat idarəsi tərəfindən saxlanılmış şəxslər barəsində Cinayət Məsuliyyətinin müvafiq maddələri ilə cinayət işi başlanılmışdır, cinayətin digər iştirakçılarının müəyyənləşdiriməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.