Azərbaycanda 20 dekabrın kriminal xronikası

Azərbaycanda 20 dekabrın kriminal xronikası

21 Dekabr 2011 12:36
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 44 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdır.

4 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 31 nəfər tutulmuşdur.

Səbail rayonunun Şıx qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

20.12.2011

Dekabrın 20-də saat 11.00 radələrində Səbail rayonunun Şıx qəsəbəsi ərazisində, şəhər sakini Zaur Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Beyləqan rayon sakini Sədrəddin Əhmədzadənin idarə etdiyi traktor toqquşmuşdur. Nəticədə Z.Əhmədovun sərnişini Həsən Hüseynov aldığı xəsarətdən hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.

Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində yol-nəqliyyat hadisəsi

20.12.2011

Dekabrın 20-də saat 21.00 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində, kənd sakini Rafiq Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınla Hindarx qəsəbə sakini Xaləddin Atakişiyevin idarə etdiyi traktor toqquşmuşdur. Nəticədə R.Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Daşkəsən rayonunun Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi

20.12.2011

Dekabrın 20-də saat 19.00 radələrində Daşkəsən rayonunun Quşçu kəndi ərazisində Zəylik kənd sakini Arazxan Salahov "UAZ-469" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüşdür.

Qızıl əşyalarını oğurlamış Yevlax rayon sakini Zibeydə Xasanova tutulmuşdur

20.12.2011

Dekabrın 20-də Bakı şəhəri Nizami rayonu ərazisində yaşayan Firəngiz Həsənovanın evindən 2500 manat dəyərində qızıl əşyalarını oğurlamış Yevlax rayon sakini Zibeydə Xasanova Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulmuş və Nizami RPİ 24-cü PB-nə təhvil verilmişdir.

Dəm qazından zəhərlənmiş şəxslər xəstəxanaya yerləşdirilmişlər

20.12.2011

Dekabrın 20-də Sumqayıt şəhər sakinləri Qorxmaz Fərzəliyev, Yeganə Həsənova, Gəncə şəhər sakinləri Elçin İsmayılov - dayısı Aydın Nəsibov öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər.

Oğurluq etməkdə şübhəli bilinən Tərtər rayon sakini Səbinə Məmmədova tutulmuşdur

20.12.2011

Dekabrın 20-də Yasamal rayonu ərazisindəki Ailə Sağlamlıq Mərkəzinin geyim otağından, Xırdalan şəhər sakini Ruxsarə Hacıyevanın içərisində 160 manat pul olan çantası oğurlanmışdır. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakini Səbinə Məmmədova tutulmuşdur.

400 metr uzunluğunda elektrik naqilini oğurlamış Lerik rayon sakinləri Samiq Hadıyev və Azad Hadıyev tutulmuşlar

20.12.2011

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 13-də Malik Əhmədova məxsus "Vulkan" daş karxanasından 400 metr uzunluğunda elektrik naqilini oğurlamış Lerik rayon sakinləri Samiq Hadıyev və Azad Hadıyev tutulmuşlar.

Bankə qəsəbə sakini Elçin İsgəndərov tutulmuşdur

20.12.2011

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 19-da Əfruzə Həziyevaya, Mənzər Məmmədovaya və Şahsuvar Nəcəfova məxsus ümumilikdə 9 baş qoyunlarını oğurlamış Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elçin İsgəndərov tutulmuş, ondan 0,2 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Uzunbabalı kənd sakini Allahyar Cəfərova məxsus 1 baş qoyunu yardımçı təsərrüfatından oğurlaması da müəyyən edilmişdir.

Yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar götürülmüşdür

20.12.2011

Bakı BPİ-nin İctimai Təhlükəsizlik İdarəsi və Qaradağ RPİ 10-cu PB əməkdaşları tərəfindən Maştağa qəsəbə sakini İslam Əliyevdən, Cəlilabad rayon sakinləri Həzi Aslanovdan, Nicat Musayevdən və Ağsu rayon sakini Samaləddin Şıxıyevdən yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar götürülmüşdür.

Ordubad rayon Yuxarı Əndəmiç kənd sakinləri Aslan Rzayev və arvadı Məhəbbət qaz sızması nəticəsində boğulmuşlar

20.12.2011

Dekabrın 19-da Ordubad rayonunun Yuxarı Əndəmiç kənd sakinləri Aslan Rzayev və arvadı Məhəbbət evlərində təbii qazın sızması nəticəsində boğulmuşlar.

Ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik partlayıcı oyuncaqlar götürülmüşdür

20.12.2011

Dekabr ayının 15 və 19-da Göyçay rayonu ərazisindəki ticarət obyektlərindən yüksək səsyayıcı qabiliyyətinə malik olan 15 min 406 ədəd partlayıcı oyuncaqlar götürülmüşdür.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Mingəçevir şəhər sakini Veys Əhmədov ölmüşdür

20.12.2011

Dekabrın 11-də saat 11.00 radələrində Mingəçevir şəhərin ərazisində, Yevlax rayon sakini Cəsarət Səfərəliyev "VAZ-21053" markalı avtomaşını idarə edərkən şəhər sakini Veys Əhmədovu vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş V.Əhmədov dekabrın 20-də orada ölmüşdür.

Qanunları öyrənmək üçün onları pozmağa ehtiyac yoxdur...

Sərvər Aslanov

O.M.