
Vətəndaşları MTN-ə işə düzəltmək adı ilə aldadan şəxslər həbs olunub
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğunun birgə yaydıqları məlumatda bildirilir ki, MTN və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə onlara məxsus külli miqdarda əmlakı ələ keçirmək məqsədilə dələduzluqla məşğul olan şəxslər ifşa olunaraq yaxalanıblar. Məlumata görə, Azərbaycan vətəndaşı, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ağacanov Elçin Tapdıq oğlu özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan vətəndaşının (şəxsin adı və soyadı özünün xahişi ilə açıqlanmır) etibarından sui-istifadə edərək ona 50 min manat pul müqabilində MTN-ə işə düzəldəcəyi barədə yalan vəd verib. Elçin Ağacanov bu məqsədlə Bakı şəhəri Bayıl qəsəbəsinin ərazisində yerləşən restoranların birində həmin vətəndaşın 50 min manat pulunu ələ keçirməyə cəhd edərkən cinayət başında yaxalanıb.
Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
qarşı mübarizə İdarəsində Cinayət Məcəlləsinin 29, 178.3.2-ci (etibardan
sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin
əmlakını ələ keçirməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, Elçin Ağacanov
təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə
həbs-qətimkan tədbiri seçilib. MTN və Baş Prokurorluq tərəfindən həyata
keçirilmiş daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu
rayonu, Maştağa qəsəbəsində yaşayan, 1963-cü il təvəllüdlü Cavadov İlqar Məcnun
oğlu ifşa edilib. Belə ki, Azərbaycan vətəndaşı (şəxsin adı və soyadı özünün
xahişi ilə açıqlanmır) MTN-ə ərizə ilə müraciətində göstərib ki, İlqar Cavadov
onu MTN-ə işə düzəldəcəyi barədə yalan vəd verib, bunun üçün 80 min manat pul
istəyib və aralarında olan sövdələşməyə görə ilkin ödəniş kimi 5 min manat
verilməsi barədə razılaşıblar. Bakı şəhərinin Sabunçu rayonu ərazisindəki
kafelərin birində ilkin ödəniş kimi 5 min manat pulu ərizəçidən alarkən hal
şahidlərinin iştirakı ilə keçirilmiş əməliyyat tədbiri nəticəsində İlqar
Cavadov cinayət başında yaxalanıb.
Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində
Cinayət Məcəlləsinin 178.2.4-cü (etibardan sui-istifadə etmə və ya aldatma yolu
ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə) maddəsi ilə
cinayət işi başlanılıb, İlqar Cavadov təqsirləndirilən şəxs qismində cəlb
edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Cinayət
işləri üzrə bütün halların araşdırılması üçün zəruri əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
Elçin Ağacanovun və İlqar Cavadovun qanunsuz hərəkətlərinin yuxarıda
göstərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd
əməllərindən zərər çəkmiş digər vətəndaşlardan Baş Prokuror yanında
Korrupsiyaya qarşı mübarizə İdarəsinə və MTN-in ərazi orqanlarına müraciət
etmələri xahiş olunur: Əlaqə telefonları: 012-440-81-58 və 012-405-99-99.
O.M.