
Rusiyada ana 3 yaşlı qızını suda boğaraq öldürdü
Rusiyada dəhşətli cinayət hadisəsi baş verib. Crims-ru saytının məlumatına görə, 17 dekabr günü Novokuznetsk şəhərində gənc ana kasıbçılıq ucbatından doğma qızını suda boğaraq öldürüb. İstintaq materiallarından məlum olub ki, süpürgəçi işləyən Tatyana Semisotova illərdir maddi cəhətdən çətinlik çəkirdi. Qadın izahatında yazmışdı ki, maddi sıxıntı ucbatından qızını böyüdə bilmirdi. Ona görə də problemin həlli yolu kimi körpəni öldürmək qərarına gəldi.
Cinayət günü "ana" 20 litrlik çəni su ilə dolduraraq qızını çimizdirmək adı altında yanına çağırdı. 3 yaşlı Yulya anasının niyyətindən xəbərsiz olduğundan sevincək özünü suya atdı. Tatyana qızının başını suya salmazdan əvvəl onu çimizdirdi. Özünün dediyinə görə, qətli törətməkdə tərəddüd edirdi. Hətta göz yaşlarını saxlaya bilmirdi. Qız isə anasından ağlamağının səbəbini soruşur, ona ürək-dirək verməyə çalışırdı. Lakin bir anlıq əsəb "ana"ya güc gəldi. O, uşağın başını suya soxub, həmin vəziyyətdə saxlamağa başladı. Tatyana ifadəsində etiraf edib ki, qızı bu zaman ona müqavimət göstərməyib. Bəlkə də son ana qədər qadının niyyətindən xəbərsiz olduğu üçün dözməli olub? Bəlkə də anasının dərdini artırmamaq üçün canını dişinə sızıb dözməyə qərar verib? Hər halda bu, körpənin sonuncu çimməyi olub. Qızının öldüyünü hiss edən "ana" onun cansız bədənini çarpayıya uzadıb, polisə yollandı. Orada yalan ifadə verdi ki, guya bədbəxt hadisə nəticəsində Yulya suda boğulub. Tezliklə qatil ananın yalanları meydana çıxdı.
Rusiya Federasiyası İstintaq Komitəsinin Kemerova Vilayət İstintaq İdarəsinin Novokuznetsk şəhəri üzrə İstintaq şöbəsinin rəisinin köməkçisi Aleksey Adamoviç bildirib ki, məhkəmə tibbi ekspertizası zamanı ölümün səbəbləri müəyyən edilib. Məlum olub ki, 3 yaşlı körpə suda boğularkən asfikasiyadan ölüb. Yalnız bundan sonra "ana" cinayəti etiraf etmək məcburiyyətində qalıb. Məhkəmə tibbi ekspertizasının rəyindən o da məlum olub ki, Tatyana Semisotovada heç bir psixi çatışmazlıq aşkar edilməyib. Sadəcə, qadın tərk edildiyi ərinin heyfini körpə qızından çıxmaqla həm maddi problemlərdən, həm də mənəvi depressiya halından azad olacağını düşünüb.
Cənnət anaların ayaqları altında olsa da, bu dəfə cəhənnəm anaların əlləri arasında oldu...
Murad Şahməmmədov
O.M.