
Azərbaycanda 19 dekabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 49 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
5 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiklərinə görə 27 nəfər tutulmuşdur.
Münaqişə zəminində Davud Rəsulova bıçaqla xəsarət yetirmiş Saatlı şəhər sakini Rahim Mirişov tutulmuşdur
19.12.2011
Dekabrın 19-da Saatlı şəhərində, şəhər sakini Rahim Mirişov münaqişə zəminində Davud Rəsulova bıçaqla xəsarət yetirmişdir. Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mirişov tutulmuşdur.
Goranboy rayonunun Qızılhacılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
19.12.2011
Dekabrın 19-da Goranboy rayonunun Qızılhacılı kəndi ərazisində, rayon sakini Orxan Həsənov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı işıq dirəyinə vurmuşdur. Nəticədə sürücü və sərnişini Təbriz Qasımov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişinləri Səbuhi Səmədov, Ayaz Yusibov və Hafiz Şıxıyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Aeroport şosesində yol-nəqliyyat hadisəsi
19.12.2011
Dekabrın 19-da Sabunçu rayonunda Aeroport şosesində müəyyən edilməmiş avtomaşınla Maştağa qəsəbə sakini İlahə Əliyeva vurulmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "QAZ-31" markalı avtomaşının sürücüsü Bakı şəhər sakini Nurməmməd Əliyev tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.
Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
19.12.2011
Dekabrın 19-da saat 08.00 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Qazax rayon sakini İsa Allahverdiyev "KamAZ" markalı avtomaşını idarə edərkən yolu keçən İsmayıllı rayon sakini Aytən Seyidovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi
19.12.2011
Dekabrın 16-da saat 09.30 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Fərid Nəhmətov vurulmuşdur.
Binəqədi qəsəbəsində yaşayan Tofiq Əliyevə məxsus evdə yanğın baş vermişdir
19.12.2011
Dekabrın 19-da saat 03.20 radələrində Binəqədi qəsəbəsində yaşayan Tofiq Əliyevə məxsus evdə yanğın baş vermişdir. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti almış ev sahibinə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Sənan Hüseynov tutulmuşdur
19.12.2011
Dekabrın 19-na keçən gecə Bakının Nizami rayonu ərazisində yaşayan Samir Kazımova məxsus "VAZ-2107" markalı avtomaşından şüşəni çıxarmaq yolu ilə maqnitofonu sökülərək oğurlanmışdır. Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Sənan Hüseynov tutulmuşdur.
Oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Ramin Camalzadə, Vüsal Vəliyev və Elşən Zərbəliyev tutulmuşlar
19.12.2011
Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 16-da Allahverən Əhmədova məxsus avtomaşından 2 ədəd akkumulyator oğurlamış şəhər sakinləri Ramin Camalzadə, Vüsal Vəliyev və Elşən Zərbəliyev tutulmuşlar. V.Vəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun noyabrın 25-də şəhər sakini Əhməd Şirinov ilə birgə Novruz İsgəndərova məxsus mağazadan 1800 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir. Ə.Şirinov da saxlanılmışdır.
Qasımlı-Masallı dəmir yolu mənzilinin 112-ci km-də qəza hadisəsi
19.12.2011
Dekabrın 18-də saat 17.15 radələrində Qasımlı-Masallı dəmir yolu mənzilinin 112-ci km-də qorunmayan keçiddə Masallı rayon sakini Zahid Əmən "Mercedes" markalı avtomaşını idarə edərkən onu teplovoza vurmuşdur. Nəticədə ölən və xəsarət alan olmamış, hərəkət dayanmamışdır.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Solmaz Səmədova ölmüşdür
19.12.2011
Dekabrın 13-də saat 09.40 radələrində Yasamal rayonu ərazisində şəhər sakini Maarif Muxtarov "Opel" markalı avtomaşını idarə edərkən Solmaz Səmədovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 19-da orada ölmüşdür.
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qəlbinur Mikayılov ölmüşdür
19.12.2011
Dekabrın 6-da saat 14.10 radələrində Abşeron rayonu ərazisində şəhər sakini Qəlbinur Mikayılov "QAZ-2411" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Sumqayıt şəhər sakini Ağaqulu Ağaquliyevin idarə etdiyi "Daewoo" markalı avtobusa vurmuşdur. Xəsarət almış Q.Mikayılov və sərnişini Ziya Kərimov xəstəxanaya yerləşdirilmişlər. Z.Kərimov dekabrın 19-da orada ölmüşdür.
Sahil Ağayev və Elnarə Əhmədzadə dəm qazından boğulmuşlar
19.12.2011
Dekabrın 19-da Astara şəhərində kirayədə yaşadıqları mənzildə Sahil Ağayev və Elnarə Əhmədzadə dəm qazından boğulmuşlar.
17 yaşlı Cəfər Cəfərov ehtiyatsızlığı nəticəsində su quyusuna düşərək boğulmuşdur
19.12.2011
Dekabrın 19-da Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsi ərazisində, qəsəbə sakini Tərlan Ağaşirinova məxsus fermada qohumu 17 yaşlı Cəfər Cəfərov ehtiyatsızlığı nəticəsində su quyusuna düşərək boğulmuşdur.
Çalışın kriminal məlumatların mövzusu yox, oxucusu olasınız...
Sərvər Aslanov
O.M.