Zaqatalada kollec binası yandı

Zaqatalada kollec binası yandı

20 Dekabr 2011 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Zaqatala rayonunda Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən məlumat verilib. Məlumata görə, bu gün saat 03.45 radələrində Zaqatala şəhəri Nizami küçəsində yerləşən ümumi sahəsi 1000 kvadratmetr olan, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binasında yanğın baş verib. Hadisə yerinə dərhal FNH-nin Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində binanın 200 kvadratmetr sahəsinin yanar konstruksiyaları və orada olan əşyaların bir qismi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində binanın tam yanmasının qarşısı alınıb. Yanğın səhər saat 08.00 radələrində tam söndürülüb. Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır. Qeyd edək ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci 2002-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Zaqatala Kənd Təsərrüfatı Texnikumunun inzibati binası ötən əsrin əvvəllərində tikilib. Ümumi sahəsi 1000 kvadratmetr olan bina 13 otaqdan ibarətdir. Tanınmış akademik, ictimai-siyasi xadim İmam Daşdəmir oğlu Mustafayev 1928-ci ildə bu texnikumun məzunu olub.

O.M.